XƏBƏR LENTİ

01 Dekabr 2020
30 Noyabr 2020

Digər Xəbərlər

07 Mart 2016 - 12:10

“Rusiyanın Ermənistan tərəfindən münaqişəyə qoşulması qanuna ziddir” –Araz Əzimov

araz-1.jpg

"Azərbaycan Minsk qrupunun tam formatda fəaliyyətə keçməsi ideyasını dəstəkləyir". 

Bu fikri ANS TV-nin “Hesabat” verilişində Azərbaycan xarici işlər nazirinin müavini Araz Əzimov səsləndirib.

“Minsk qrupunun tam formatda fəaliyyətə keçməsi, məhz iclasların tam heyətdə keçirilməsi ilə beynəlxalq cəmiyyətin Ermənistana təzyiqinin artırılması üçün daha bir vasitə qazanmış oluruq”, – deyə, Araz Əzimov vurğulayıb.

Azərbaycan xarici işlər nazirinin müavinin fikrincə, Minsk qrupunun indiki formatında Ermənistan özünü daha rahat hiss edir: “Bütövlükdə benəlxalq ictimaiyyətə münaqişə haqqında daha az informasiya gedir, Ermənistana daha az təzyiq olur. Buna görə də bu şərait bizi qane etmir”.

Araz Əzimovun sözlərinə görə, Minsk qrupu çərçivəsində üç ölkə adından aparılan bu danışıqlar daha çox həmsədr ölkələrin məramlarına xidmət edir:

“Hansısa mərhələdə Rusiya ilə ABŞ arasında münasibətlər korlananda və ya gərginləşəndə biz bunu Minsk prosesi çərçivəsində hiss edirik”.

Onun fikrincə, Minsk qrupunda Türkiyə, Almaniya və İsveçin fəaliyyətinin bərpa edilməsi daha təsirli olardı.

Araz Əzimov Rusiyanın Ermənistana silah yardımı etməsindən danışarkən Ermənistanla Rusiyanın hərbi-siyasi alyansının heç kimi təccübləndirmədiyini, iki ölkə arasında uzun müddətli müqavilənin olduğunu və bu müqavilə əsasında Rusiyanın Ermənistan ərazisində qoşun saxladığını, yeni-yeni silahlar gətirdiyini və öz nəzarəti altında saxladığını diqqətə çatdırıb.

Nazir müavini Rusiyanın Ermənistanın hava müdafiəsini təmin etdiyini və bu ölkənin sərhədlərinə nəzarət etdiyini önə çəkərək bildirib ki, “Ermənistan iqtisadiyyatının 70 faizi Rusiyaya mənsubdur”.

Onun sözlərinə görə, Rusiya Ermənistanı həm öz ərazisində, həm də Ermənistan ərazisində dəstəkləyir: 

“Lakin müharibə başlasa, Azərbaycan öz ərazisində müharibə aparacaq. Azərbaycan öz ərazisində özünü haqlı olaraq müdafiə edəcək və öz ərazi bütövlüyünü müdafiə etmək üçün addımlar atacaq. Belə olan halda hüquqi baxımdan Rusiyanın Ermənistan tərəfindən münaqişəyə qoşulması qanuna ziddir”.