“Təbii ki, Ayaz Mütəllibov mənim ittihamlarıma cavab verə bilməz. Doğruları təkzib etmək, hər kəsin gözü önündə baş verənlərə fərqli don geyindirmək olduqca çətindir”. Bunu eks-spiker Rəsul Quliyev eks-prezident Ayaz Mütəllibovun onun barəsində söylədiklərinə cavab olaraq, Strateq.az-a açıqlamasında bildirib.
Xatırladaq ki, eks-spiker 1992-ci il 14-15 may hadisələriylə bağlı Moderator.az-a müsahibəsində eks-prezident Ayaz Mütəllibovu “taxtını qoyub qaçmaqda” təqsirləndirmişdi. öz növbəsində Ayaz Mütəllibov da cavab olaraq Modern.az saytına “ona cavab verməyi özümə borc və rəva bilmirəm, nə danışır, danışsın” demişdi.
Ayaz Mütəllibovun bu fikirlərinə yenidən münasibət bildirən Rəsul Quliyev öncə açıqlamlarında heç vaxt kimisə ittiham etmək istəmədiyini, sadəcə, tarixi hadisələrin xronikasından çıxış etdiyini söyləyib: “Kimsə o xronikada özünü yaxşı görmürsə, mənə cavab vermək yerinə, öz keçmişindən utansın. Ayaz Mütəlibovun Azərbaycanın başında durduğu 3 il müddətində – Nazirlər Sovetinin sədri, MK-nin 1-ci katibi və Prezident kimi – xalqa vurduğu ziyan ağlasığmaz səviyyədədir. Onun 1990-cı il yanvar hadisələrindən başlanan neqativliklərlə dolu ''parlaq'' həyatını yazmağın özü belə, insanda ikrah hissi doğurur”.
“Ayaz Mütəllibov yenidən özünü qəhrəman kimi göstərməyə cəhd etməsəydi, onu heç vaxt xatırlamayacaqdım” – deyən eks-spiker opponentinə bəzi məsləhətlər də verib: “Bu şəxs sussa, daha yaxşı olar. Əks halda onun törətdiyi bütün cinayətlərin dərin analizini verməyə məcbur qalaram. Mənim əleyhimə isə bütün Azərbaycanda deklorativ çıxışlardan başqa heç bir şey söyləmək mümkün deyil. çünki mənim nəinki hərəkətlərimdə, hətta ağlımda belə heç vaxt şəxsi maraqlarıma görə ölkəni qurban vermək ideyası yer tutmayıb”.
Strateq.az