XƏBƏR LENTİ

29 Sentyabr 2020
28 Sentyabr 2020

Digər Xəbərlər

10 Aprel 2020 - 17:54

MƏŞHUR FİLOSOF “GEOSİYASİ REALİZM”in AZƏRBAYCANA TƏHLÜKƏLƏRİNDƏN YAZDI:"Milli təhlükəsizliyin praksiologiyası"

Əbülhəsən Fərhad oğlu ABBASOV

Fəlsəfə elmləri doktoru, professor

 

Hər bir fəlsəfi sistem öz praktiki (əməli) əhəmiyyətinə, yəni, insan fəaliyyətinə, ictimai həyata verdiyi töhfəyə görə dəyərlidir. Özü-özü ilə əlləşən, öz daxili xırdalıqlarında ilişib qalan, yalnız özünü düşünən və özü üçün çalışan “fəlsəfə”, əslində, heç fəlsəfə də deyil; xeyirdən çox, ziyan yetirən, dolaşıqlıqları və bulanlıqları artıran nəsnədir. Belə “fəlsəfə”, bir qayda olaraq, sosial zamanın, elmin və tarixin inkişaf tələblərindən uzaq düşən, məntiq və ədəb meyarlarına, nizam-intizam hədəflərinə, insanın təbii arzularına cavab verməyən, necə deyərlər, barmaqdan sorulmuş söz yığımından başqa bir şey deyil. Son nəticədə, belə “fəlsəfə” insanları, cəmiyyətləri, bütövlükdə bəşəriyyəti ağır duruma salır, həyatın işıqsaçan mənbələrini söndürür, nəfəsliklərini tıxaclayır, öz zəhərli tullantıları ilə boğucu, dözülməz mühit yaradır. Bir sözlə, bu cür fəlsəfəçilik xalqlar və millətlər üçün bir bəlaya, böhran və fəlakətləri artıran ciddi amilə çevrilir.

Bu da danılmaz həqiqətdir ki, başabəla fəlsəfəçilik bəşəriyyətə qənim kəsilmiş mənfur qüvvələr üçün olduqca sərfəli, əlverişli təsir alətinə, işğal və qarət silahına çevrilir – hal-hazırda olduğu kimi! Ən başlıcası – yanlış və yaxud məkrli fəlsəfəçilik vasitəsilə ölkələrin milli təhlükəsizliyi zəiflədilir, etibarsız hala salınır.

Bəli, indiki xoşagəlməz, dramatizmlərlə zəngin, xalqların və millətlərin taleyini sındıran, onların təhlükəsizliyinə zərbə vuran və gələcəyini əlindən alan durumun yaranmasında məhz bu cür filosofluğun və fəlsəfəçiliyin (habelə, onlardan qidalanıb-törəyən politoloji, siyasi və iqtisadi fikrin) rolu heç də az olmayıb. Bunu konkret misallar, faktlar əsasında kifayət qədər təsdiq edib, sübuta yetirmək olar. Yetər ki, məsələn, müasir qlobal kapital oliqarxatının tamamilə tükənmiş, öz yaxşı-pis missiyasını başa vurmuş, artıq çoxdan bəşəri inkişafın buxovuna çevrilmiş “geosiyasi realizm” doktrinasını rəhbər tutaraq addımbaşı fəsadlar, böhranlar yaratmaq ənənəsini-vərdişini göstərəsən.

Qəribə, bəlkə də, paradoksal haldır ki, indinin özündə də həmin doktrina nəinki adi siyasətçi və politoloqlar, hətta dünya miqyasında yaxşı tanınan, siyasi-iqtisadi və geosiyasi proseslərə böyük təsiri olan şəxslər tərəfindən hər vəchlə və açıq-aşkar dəstəklənir. Deyərdim ki, sadəcə dəstəklənmir, bilavasitə həyata keçirilir. Bu mənada, məsələn, hələ də (97 yaşını haqlayır) ABŞ-ın beynəlxalq siyasətini müəyyənləşdirən, Nobel mükafatı laureatı (1973) Henri Kissincerin adını birincilər sırasında qeyd etmək olar.

Yüksək mövqeyə və təsir gücünə sahib bu şəxs, vaxtilə (1969-1975) Nikson və Fordun milli təhlükəsizlik üzrə müşaviri, habelə ABŞ-ın Dövlət katibi (1973-1977) vəzifələrində çalışmışdır. Onun 2014-cü ildə nəşr edilmiş “Dünya nizamı” adlı son fundamental kitabı da məhz “geosiyasi realizm” mövqeyindən yazılıb (Г.Киссинджер, 2018).

Əsərdə dünya siyasətinin hazırki vəziyyətini təhlil edən müəllif güclər balansının vahid sisteminin çökdüyü qənaətinə gəlir və beynəlxalq münasibətlər sisteminin yenidən qurulması zərurətini göstərir. Onun bu yekun fikirləri ilə, əlbəttə ki, razılaşmamaq qeyri-mümkündür. Hər şey göz qabağındadır, heç xüsusi təhlilə də ehtiyac yoxdur. Yeni bir sistemə ehtiyac danılmazdır və bu mənada köklü rekonstruksiya həyata keçirilməlidir. Lakin maraqlı və ən vacib olan problem budur: beynəlxalq münasibətlər sisteminin rekonstruksiyası nəyə əsasən, hansı fəaliyyət fəlsəfəsini rəhbər tutaraq, yəni, aksioloji məzmunu və imperativləri nədən ibarət praksioloji zəmində həyata keçirilməlidir?

Əgər Henri Kissincerin birmənalı rəhbər tutduğu “geosiyasi realizm” fəlsəfəsi yenə də dominantlıq təşkil edəcəksə, aparılacaq rekonstruksiyanın heç bir pozitiv nəticələri olmayacaq. Bunu artıq mövcud gerçəklik, bəşəri durumun günbəgün şiddətlənən turbulentliyi sübut etməkdədir. Müasir dünyada durmadan artan xaos, geosiyasi ziddiyyət və çəkişmələr, bəşəri ədalətsizliyin və sosial qütbləşmənin dərinləşməsi, sosial-iqtisadi və maliyyə böhranlarının silsilə xarakter alması və s. – bütün bu əlamətlər məhz “geosiyasi realizm”ə söykənən və artıq çoxdan aparılan “rekonstruksiya”nın nəticələridir.

Bu, əslində, pozitiv nəticələr verəcək rekonstruksiya yox, dünyanın qəddarcasına yenidən bölüşdürülməsi, mənimsənilməsi, istismarı və qarət edilməsidir. Özü də – ən güclülərin, artıq öndə olanların xeyirinə! Konkret desək, ilk növbədə, ABŞ və Qərbi Avropanın aparıcı ölkələrinin xeyirinə!

Bunu hələ illər öncə ABŞ siyasətinin qızılquşu sayılan mərhum Zbiqnev Bjezinski “Amerika milli maraqlarının prioritetliyi” deyə-deyə nümayişkarcasına, tam çılpaqlığı ilə bəyan etmişdir. Yetərlidir ki, onun keçən əsrin 90-cı illərində çap olunmuş məşhur əsərlərinə, o cümlədən “Böyük şahmat taxtası” (1997) kitabına nəzər-diqqət yetirəsiniz (З. Бжезинский, 2010) .

Kitabın tam şəkildə adına fikir verin: “Böyük şahmat taxtası: Amerikanın başçılığı və onun geostrateji imperativləri”! Necə deyərlər, artıq şərhə ehtiyac yoxdur. Bjezinskini qətiyyən dünyada ümumi sülh, bütün xalqların rifahı, onların təbii və zəruri maraqlarının ədalət, bərəbərhüquqluluq prinsipləri əsasında balanslaşdırılmasını düşündürmür. Ümdə olan – dəyişən dünyada ABŞ-ın öz hegemonluğunu saxlaması və daha da möhkəmləndirməsidir.

Kapital imperiyasının bu tip dövlət xadimi, siyasətçi, politoloq və ekspertləri üçün yeni dünya nizamı uğrunda çarpışması məhz belə rekonstruksiyanı nəzərdə tutur ki, “geosiyasi realizm” fəlsəfəsi məhz buna cavab verir. Və heç də təsadüfi deyildir ki, “Böyük şahmat taxtası” kitabında ABŞ-ın geosiyasi möhtəşəmliyindən bəhs edən Z. Bjezinski, XXI əsrdə bu möhtəşəmliyin saxlanması ilə bağlı strategiyalar haqqında düşünür, mülahizələr irəli sürür. Artıq biz bu strategiyaların həyata keçirildiyini və nə kimi yeni-yeni fəsadlar törətdiyini görürük.

Əlbəttə, Z. Bjezinskinin bir amerika siyasətçisi kimi ABŞ-ın təəssübünü çəkməsi, öz ölkəsinin milli maraqlarını öndə tutması təbii və anlaşılandır. Etiraz, narahatçılıq doğuran başqa şeydir – demokratiya, bəşəri nizam, insan haqlarının qorunması pərdəsi altında yenidən, XXI əsrdə də “geosiyasi realizmi” davam etdirmək, üstəlik də, daha qəddar və amansız tərzdə! Həmin siyasətin nəticəsidir ki, bu gün dünyanın bir çox yerlərində insanlar faciələr yaşayır, xalqlar və ölkələr “ölü ilmə”lərin məşum torundan azad ola bilmir, tənəzzül və deqradasiya, tarixdən silinmə təhlükəsi ilə üzləşiblər. Bu cəhətdən ən ağır, faciələrlə dolu mövcudluğu müsəlman ölkələri və xalqları yaşamaqdadır. Müsəlmanların hətta öz torpaqlarında, öz tarixi ərazilərində öldürülüb, məhv edilməsi, – özü də kütləvi halda, – sanki sanksiyalaşdırılıb və tamamilə məqbul, gündəlik-adi praktikaya çevrilib. O dərəcədə ki, döyülüb-söyülüb, öldürülənlərin özləri məşəqqətlərdən baş itirərək, həmin öldürənlərdən (kapital imperiyasının yırtıcılarından!) nəinki imdad diləyir, üstəlik, onların vasitəsi və dəstəyi ilə demokratiya, sivil cəmiyyət qurmaq arzusunda bulunurlar. Aldadıla-aldadıla məşəqqətlər yaşadan hiyləgərlərin tələsində  çarpışır-çabalayır və can verirlər.

Hiyləgərliyi isə gizlətmək, pərdələmək bu yırtıcılar üçün elə ən böyük hiyləgərlikdir, “geosiyasi realizm”in fəaliyyət üsullarından biridir. Bunun üçün əllərinin altında kifayət qədər beynəlxalq statuslu qurumlar, müxtəlif növ ictimai-siyasi cərəyanlar, etno-milli və dini-mədəni məktəb, dərnək və hərəkatlar, habelə casus-kəşfiyyat şəbəkəsi, iqtisadi-maliyə resursları var. Ən vacibi və betəri – həmin əzilən xalqları, guya, təmsil edən siyasətçilər, “milli” elita ordusu var ki, bu başaldatmada həvəslə iştirak edir, bəzən də – özləri bilmədən, məna-mahiyyəti anlamadan, qeyri-iradəvi, kimlərinsə əlində bir alətə çevrilərək.

“Geosiyasi realizm” beynəlxalq münasibətlərin praksioloji fəlsəfəsi olaraq heç vaxt ümumi sülhə, hamı üçün rifaha, bərabərhüquqlu mövcudluğa, haqqa və ədalətə xidmət etməyib. Tarixin acı təcrübəsi buna əyani sübutdur. Siyasətin və geosiyasətin bu praksioloji fəlsəfəsi, əslində, sosial darvinizmin öz daxili qəddarlığı, qeyri-insaniliyi ilə daha da kəskin tərzdə fərqlənən bir formasıdır. O, güclünün, imtiyazlı-istismarçı qüvvələrin əlində ən təhlükəli, antiinsani və antibəşəri silahdır ki, bütün varlığı ilə “qızıl milyarda” xidmət edir və bu səbəbdən də dünya xalqlarına qənim kəsilib. Nə qədər ki, bu mənfur geosiyasi fəlsəfə öz total təsirini və hegemonluğunu saxlayacaq, bir o qədər də insanların, xalqların ülvi arzuları əlçatmaz olacaq, demokratiya frazeologiyası altında onların ən elementar hüquqları tapdalanacaq, o cümlədən – sərbəst seçmək və seçilmək, öz hakimiyyətlərini milli iradə və maraqlar əsasında formalaşdırmaq haqları.

Bəli, vəziyyət belədir və heç kim də özünü aldadaraq müasir “mədəniyyətlərin dialoqu” müstəvisində multikulturallığı, tolerantlığı özünə bayraq edərək xoşbəxt olmaq eşqinə düşməsin! Kapital imperiyası bu xoşbəxtliyə qovuşmaq arzusunun qarşısını almaq üçün çoxdan tədbir görüb, iş aparıb; adı-şöhrəti dəftər-kitaba sığışmayan bədnam “mütəfəkkir”lərin fəaliyyət fəlsəfəsinə (praksiologiyasına) yeni nəfəs verib, don geyindiriblər (Ə. Abbasov, 2019).

Onu da qeyd edim ki, bu kapital imperiyasının mövcudluq və fəaliyyət düsturu-matrisası, mütləq olaraq, transmilli korporasiyaların sirli və məşum şəbəkəsi tərəfindən müəyyənləşir. Bu şəbəkə hətta ABŞ, İngiltərə, Almaniya, Fransa kimi ölkələrin “milli” hakimiyyətlərinin, dövlət idarəetmə formalarının necə olmasında təsirli yerə və gücə malikdir. Aydındır ki, digər ölkələrin, xüsusən də müstəqilliklərini əldə etmiş postsovet respublikaları kimi kövrək dövlətlərin həyatına transmilli korporasiyalar şəbəkəsinin təsiri ifrat dərəcədə daha da güclü ola bilər. Bir fakt da nəzərə alınmalıdır ki, bu şəbəkədə erməni əsilli şəxslər kifayət qədər özlərinə yer ediblər və onlar hadisələrə təsir etmək baxımından əhəmiyyətli rola malikdirlər. Ayrı-ayrı aparıcı ölkələrdə fəallıq göstərən erməni diasporlarının proseslərə təsiredici gücü, ilk növbədə, məhz bu faktla bağlıdır ki, öz ifadəsini Qarabağ probleminin həlli məsələsində də göstərir.

Bəşəri inkişafa təsir gücü baxımından önəmli olan bütün beynəlxalq təşkilatlar (BMT, ATƏT, Beynəlxalq Valyuta Fondu, Dünya Bankı, Ümumdünya Ticarət Təşkilatı və s.) məhz geosiyasi realizmin aparıcı qüvvələrinin maraqları çərçivəsində fəaliyyət göstərirlər. Təsadüfi deyildir ki, hətta Rusiya kimi ərazicə böyük, güclü nüvə-raket arsenalına malik, təbii sərvətlər və insan resursları baxımından zəngin bir ölkənin Mərkəzi Bankı indinin özündə də, faktiki olaraq, Beynəlxalq Valyuta Fondunun direktivləri əsasında işləyir və onun Rusiya dövlətinin təbeçiliyində olmaması 1993-cü ildə qəbul olunmuş “Yeltsin Konstitusiyası”nda təsbit olunub. Başda görkəmli iqtisadçı alim, akademik, yaxın vaxtlara qədər prezident Putinin iqtisadi məsələlər üzrə müşaviri işləmiş Sergey Qlazyev olmaqla, Rusiyanın bir çox nüfuzlu (əsasən, solçu) siyasi və iqtisadi dairələrinin belə vəziyyətə ciddi etiraz etməsinə baxmayaraq, Beynəlxalq Bankın statusu dəyişdirilməyib. Bəlkə də, deyərdim ki, ölkənin maliyyə siyasətinin müəyyənləşməsində və həyata keçirilməsində BVF-dən asılılığı daha da artıb. Bu mənada, Rusiyanın özünü xarici kapitalın idarəetməsində olan ölkə kimi xarakterizə edənlər az deyil (iqtisadçı Valentin Katanosov, politiloq Maksim Şevçenko və b.).

“Geosiyasi realizm” sosial darvinizmin ən mürtəce forması olduğuna görə, aksioloji baxımdan həddən ziyadə qüsurlu və ziyanvericidir. Bu fəaliyyət fəlsəfəsi kökündən ifrat dərəcədə eqoistik mahiyyətlidir; burada, əslində, hansısa altruistikliyə, humanistik motivlərə yer verilmir. Eqoist adamın öz məqsədlərini həyata keçirmək üçün minbir hiyləsi, fəndgirlik üsulları olduğu kimi, bu fəlsəfəni rəhbər tutaraq hərəkət edənlər də, eynilə, çeşidli üsul və vasitələrdən istifadə edirlər. İstər ikitərəfli, istərsə də çoxtərəfli münasibətlərdə başlıca niyyətlərini gizlədirlər, ikinci, üçüncü dərəcəli niyyətlərini üzə çıxarır və əks tərəfi laqeyd olmağa, ehtiyatsız tərpənməyə sürükləyirlər. Ola bilsin ki, bu üsul diplomatiyanın bir zəruri davranış forması, zəruri elementi  kimi qəbul edilsin, ancaq heç bir vicdanlı adam onun əxlaqi-etik normalarla həmahəng olduğunu söyləyə bilməz. Hər halda, belə fəaliyyət düsturunun nəticələri kifayət qədər ağır olur – əlbəttə ki, ilk növbədə, aldadılaraq sadəlövhcəsinə hərəkət edənlər üçün!

Bunun təsdiqini biz Qarabağ problemi ilə bağlı onilliklər boyunca aparılan danışıqların nəticəsi olaraq da görürük. Düşünürəm ki, aparılan “sülhməramlı danışıqlar”ın  arxasında məhz böyük güclərin məharətlə gizlədilən niyyətləri dayanır. Onların dillərində bir, beyinlərində isə tamam başqa şeydir. Mən hətta bu qlobal şəbəkənin Azərbaycanı, ümumiyyətlə, bir ölkə-dövlət olaraq perspektivini əlindən almaq, ağır tənəzzülə duçar etmək, param-parçalamaq və son nəticədə bir türk dövləti qismində tarixdən silmək kimi niyyətdə bulunduğunu da istisna etmirəm. Belə bir niyyətin olduğunu sübuta yetirmək üçün artıq baş vermiş və davam edən hadisə-proseslərin mahiyyətinə varmaq, təhlil və ümumiləşdirmələr aparmaq kifayət edər.

Hesab edirəm ki, Qarabağ məsələsindən söhbət gedərkən, ilk növbədə, məhz bu kontekstən qarşıda duran məqsəd və vəzifələrə yanaşılmalı, nəzəri və praktiki fəaliyyət qurulmalıdır. Əks təqdirdə, problemin həlli daha da dolaşıq, çıxılmaz vəziyyətə düşər və biz böyük itkilərə məruz qala bilərik. Anlamalıyıq ki, Azərbaycana, onun ərazi bütövlüyünə və milli təhlükəsizliyinə qarşı qəsdin təməlində yalnız erməni məkri dayanmır. Burada birləşmiş kapital oliqarxatının (rus, ingilis, fransız və digər mənşəli mürtəce qüvvələrin!) öz mənfur yeri və rolu var. Reallıqlarla uzlaşmayan mülahizələrlə, ibtidai hislərdən, xüsusi subyektivlik və emosiyalardan qaynaqlanan vətənşüvənliklə problemin həllini öz ziyanımıza bir qədər də dərinləşdirə, mürəkkəbləşdirə bilərik. Əsassız, məntiq tələblərinə və zamanın çağırışlarına cavab verməyən, kimlərinsə şəxsi-qrup maraqlarına xidmət edən uydurma-yalançı imperativlər kənara atılmalı, psevdodemokratik frazeologiyaya söykənən siyasətbazlığa son qoyulmalıdır. Əvvəldən-axıra, bu cür yanlış, ikrah hissi doğuran bədnam yanaşmanın nə kimi fəsadlar doğurduğu artıq göz qabağındadır və əlavə arqumentasiyaya ehtiyac yoxdur. Bir sözlə, problemin doğru-düzgün həlli istiqamətində qaneedici fəaliyyət fəlsəfəsi, yəni, müvafiq praksioloji zəmin yaradılmalıdır. Belə ki, olduqca ciddi problemə elə ən yüksək ciddilik, qüdrətli fəlsəfi zəka səviyyəsindən də yanaşılmalıdır. Bu, həm də o deməkdir ki, müasir elmi-intellektual potensiala, ondan səmərəli istifadəyə ciddi münasibət göstərilməlidir. İlk növbədə də saxta fəlsəfə doktorları, eımlər doktorları, müxbir-üzvü və akademiklər istehsalına birmənalı son qoyulmalı, elmin idarəçiliyi elmi bilənlərə və ona həqiqi töhfə verənlərə həvalə edilməlidir.

Ortaya məntiqi-zəruri sual çıxır: bəs, konkret olaraq, vacibliyi şübhə doğurmayan praksioloji sistemin məzmun-mahiyyəti, fəlsəfi nüvəsi və əsas daşıyıcıları, səciyyəvi xüsusiyyətləri nədən ibarət olmalıdır? Burada nə kimi məntiqi-qnoseoloji zəminlərə söykənməli, metodoloji üsul və vasitələrdən istifadə olunmalı, aksioloji tələblər ödənilməlidir? Son nəticədə: siyasi və geosiyasi, sosial-iqtisadi və mənəvi fəaliyyət sahələrində, hərbi və milli təhlükəsizlik, hüquq-mühafizə istiqamətlərində prioritet imperativlər nəyi ehtiva etməli və bunların üzvi bütövlüyü necə, hansı prinsiplər və strktur üzrə qurulmalıdır?

Bu önəmli sualları cavablandırmağa çalışaraq, mən ən məqbul çıxış yolunu postneoklassik epistemologiyaya və ümumən, postneoklassik fəlsəfəyə müraciətdə görürəm. Və vurğulamaq istəyirəm ki, burada əsas vəzifə siyasətçi və politoloqların yox, filosofların üzərinə düşür. Necə deyərlər, söz filosoflara verilməlidir! Dövlət adamları, siyasətçi və politoloqlar isə bu işdə öz hərtərəfli dəstəyini, yardımını əsirgəməməlidirlər. Pafoslu səslənməsin: Qarabağ kimi mürəkkəb, taleyüklü problemlərin həlli istiqamətində, ilk növbədə, fəlsəfə öndə olmalı, hərəkətə keçməli və öz üzərinə düşən missiyanın öhdəsindən gəlməlidir.

Təəssüflər ki, indiyə qədər belə olmayıb, fəlsəfənin yeri və rolu arxa planda tutulub, Qarabağ probleminin, ümumən, milli təhlükəsizlik məsələlərinin həlli işinə professional fəlsəfə yetərincə cəlb edilməyib. Ortada olan acı nəticələrin bir mühüm səbəbi məhz bundadır. Çoxşaxəli mürəkkəb, köklü problemlərin həlli həmişə möhtəşəm bir mütəfəkkirliyə, yüksək zəkalılıq nümayişinə ehtiyaclıdır ki, bunu da yalnız inteqrasion gücə malik fəlsəfənin öndə olması ilə əldə etmək mümkündür. Qarabağ probleminin qaneedici həlli möhtəşəm bir fəaliyyət fəlsəfəsinə təşnəlidir.

Bəşər elmin tarixi inkişaf prosesində epistemoloji paradiqmal bölgüyə görə sonuncu (dördüncü) mərhələ olan postneoklassik epistemoloji paradiqma özündə yeni və ən yeni (sinergetika, qeyri-səlis məntiq və qeyri-səlis riyaziyyat, variatsion hesablamalar nəzəriyyəsi, qruplar və qraflar nəzəriyyəsi, tenzor və vektor hesablamaları, fluktuasiyalar və bifurkasiyalar nəzəriyyəsi, kritik anlar nəzəriyyəsi, yenidənqurmalar nəzəriyyəsi, refleksivlik nəzəriyyəsi, idarəolunan xaos nəzəriyyəsi, yeni təqdimatda entropiya və fəlakətlər nəzəriyyəsi, neyrokompütinq və s.) elmi sahə və istiqamətləri üzvi surətdə ehtiva edən bir sistemdir. Söhbət zəmanənin, müasir elmin tələblərinə cavab verən daha funksional, çevik, gerçəkliyin dialektikasına adekvat olan paradiqmadan gedir ki, mən onu elmi-ictimai mühitdə artıq qərarlaşmış adla – postneoklassik epistemologiya kimi təqdim edirəm.

Bu epistemoloji sitemdə ontologiya (varlığın mənzərəsini qurmaq, təsvir etmək), qnoseologiya (məntiqi-idraki zəminlərin, təfəkkür texnologiyasının və koqntiv fəzaların məzmun-mahiyyəti), metodologiya (istifadə olunan üsul və metodların səciyyəsi, onların fəaliyyət funksionallığı), aksiologiya (dəyərlər sisteminin məzmun-mahiyyəti, onun təkamül və təzahür dinamikası) və hətta leksika və prosedurlar xeyli dərəcədə qeyri-ənənəvi xarakter daşıyır. Və bu qeyri-ənənəvilik, obyekt-subyekt nisbətlərində daha yüksək, mükəməl vahidlik, harmoniya yaratmaqla yanaşı, determinasiya (səbəb-nəticə ələqələrinin dialektikası), inikas və özünəinkas, superpozisiya və təşkilatlanma, funksional strukturlaşma qanunauyğunluqlarının, zaman-məkan əlaqələrinin ifadə və təqdimatında özünü göstərir. Postneoklassikada, faktiki olaraq, zaman-məkan təsəvvürləri xeyli dərəcədə həm Nyuton (mütləq, metafizik), həm də Eynşteyn (nisbi, relyativist) zaman-məkan konsepsiyalarından fərqlənir.  Bu mühüm təfərrüatların incəlikləri, burada təqdim edə bilmədiyim bir çox mətləblər vaxtilə nəşr olunmuş mənim bir sıra kitab və məqalələrimdə ətraflı işıqlandırılıb (А. Аббасов, 1991; А. Аббасов, 2007).

Multidissiplinar təbiətli postneoklassik epistemoloji paradiqmanın nüvəsini mürəkkəb sistemlər və ümumən mürəkkəblik nəzəriyyəsi, təfəkküri əsaslarını isə tənqidi-sinergetik təfəkkür konsepsiyası təşkil edir. Hər iki mühüm daşıyıcılar barədə həm AMEA Fəlsəfə İnstitutunun “Müasir fəlsəfə problemləri” şöbəsinin buraxdığı silsilə məqalələr toplusunda, həm də ayrı-ayrı monoqrafik əsərlərdə kifayət qədər əhəmiyyətli bilgilər ortaya qoyulmuşdur. Belə ki, mürəkkiblik fenomeninin mahiyyəti, səciyyəvi xüsusiyyətləri açıqlanmış, mürəkkəb sistemlərin təşkili, fəaliyyəti və idarə olunması ilə bağlı elmi yenilik elementləri ilə zəngin araşdırmalar həyata keçirilmiş, atributiv qanunauyğunluqlar, aparıcı prinsip və şərtlər müəyyənləşdirilmiş, müvafiq təklif və tövsiyələr irəli sürülmüşdür. Çox istərdim ki, məsuliyyət daşıyıcıları olan müvafiq instansiyalar bu elmi nəticələrə, biganə qalmayaraq, yaxından diqqət yetirsinlər. Yetirərlərsə, xeyiri çox olar.

Ədəbiyyat:

1. Rus dilində son nəşr: Генри Киссинджер. Мировой порядок. – Переводчики: Желнинов В., Милюков А. – М.: АСТ. 2018.

2. Rus dilində son nəşr: Збигнев Бжезинский. Великая шахматная доска. М.: Международные отношения, 2010.

3. Ətraflı bax.: Abbasov Ə.F. Yeni dünya nizamı: siyasət və idarəetmə. Bakı: “Zərdabi – Nəşr”. 2019.

4. Məsələn, bax.: Аббасов А.Ф. Сложность. Время. Синергетика: Общетеоретический анализ проблем сложности и развития сложных систем. Баку: «ЭЛМ». 1991; Аббасов А.Ф. Философия сложности. Баку: «МВМ». 2007.