XƏBƏR LENTİ

19 Sentyabr 2020
18 Sentyabr 2020

Digər Xəbərlər

14 Aprel 2020 - 01:01

DEPUTAT KARANTİN REJİMİNƏ ƏMƏL ETMƏYƏNLƏRDƏN YAZDI:"Onları təmizlik işlərinə cəlb etmək lazımdır"

Fazil MUSTAFA, 

Milli Məclisin deputatı

 

Dəyərli həmvətənlər! Mən siyasi partiya rəhbəri, Milli Məclisin deputatı kimi, media ilə də, seçici ilə də bütün mümkün vasitələrlə əlaqələr saxlayır, informasiya məkanında, sosial şəbəkədə aktiv çalışmalarımı davam etdirirəm. Bu, əlbəttə, mənim, hər şeydən öncə, bir vətəndaşlıq borcumdur.

Bununla belə, diqqət yetirirəm: ölkədə karantin rejiminin tətbiqi ilə bağlı çağırışlar edir, insanları maarifləndirməyə çalışır, insanların daha səbrlə bu çətinlikləri aşmasını tövsiyə edirik, ancaq bir qrup şəxs var ki, bunlar çıxışların altında yazdıqları şərhlərdə bu çağırışlara görə şəxsimizi əsassız olaraq təhqir edirlər. Vurğulayırlar ki, biz bu və ya digər səbəbə görə evdə oturmaq istəmirik.

Anlayıram ki, bu cür çağırışlar onları rahatsız edir və narazılıqlarını dilə gəririrlər. Ona görə də bu gün bir televiziyaya verdiyim müsahibəmdə müraciətimi konkret ünvanlara yönəltdim. Dedim ki, ağlı başında olan, qanunlara hörmət edən, özünün və ailəsinin təhlükəsizliyini düşünən, öz passiv dəstəyi ilə qəhrəman tibb işçilərimizin və polislərimizin çalışmasını asanlaşdıran, savadlı-savadsız, şəhərli-kəndli, villada, gecəqonduda, yeni və ya köhnə tikilidə yaşayan məsuliyyətli vətəndaşlarımızın xüsusi zərurət olmadıqca küçələrə çıxmamasını, evində, həyətində qalmasını xahiş edirəm.

Maddi durum, anlayıram ki, arzuladığınız kimi deyil, hökumət maddi dəstəyi bütün gücü ilə hər bir ehtiyacı olan ailəyə çatdırmaq üçün səfərbərdir. İşığın da limiti 100 kilovat artırıldı, bank borclarının da məsələsinə yaxın günlərdə aydınlıq gələcək…

Bu gün evdə qalmağa səbirsizlənənlər, 15-20 gün xəstəxanada ölüm qorxusu altında yataqda qalanda, nə qədər yanlış düşündüyünü anlayacaqlar və bəlkə də bu, gecikmiş peşmançılıq olacaq. Ona görə də çox xahiş edirəm, mənim müraciətimi bütün şüurlu, məsuliyyətli insanlar diqqətə alsınlar.

Bu çağırışıma bütün atların, uzunqulaqların, itlərin, pişiklərin, meymunların və siçovulların etiraz etməsindən də qətiyyən inciməyəcəyəm. Sadəcə, təmənnam budur ki, onlar yazı yazmaq qabiliyyətləri olmadığından, öz ürəklərindən keçənləri bir sıra ikiayaqlı məxluqlara sosial şəbəkədə təhqir formasında yazdırmasınlar. Əlbəttə, bu, həmin məxluqlar üçün karantin qaydalarının pozulması kimi qiymətləndirilməyəcək. Karantin də cinayət cəzası, inzibatı tənbeh tədbiri kimi, anlaqlı insanlara şamil olunur.

Bir də, düşünürəm ki, “evdəqal!” tələbinə etiraz edənlərə, qəsdən insanların həyatını təhlükəyə atanlara, hökumətin apardığı sərt tədbirlərə qarşı təxribatla məşğul olanlara qarşı mənəvi-tərbiyəvi tədbirlər də görmək olar. Məsələn, bu şəxsləri cəmi bircə gün koronavirus xəstələrinə xidmət edən tibb işçilərinin yanında təmizlik işlərinə cəlb etmək olar. İnanın ki, o qəhrəman tibb işçilərimizin hansı məşəqqət içində gecə-gündüz çalışdıqlarını gözləri ilə görəndən sonra heç qışqırıb-çağırsan belə, evdən çölə çıxmayacaqlar.

Kimsə hüquq zəkası nümayiş etdirib deməsin ki, bu, insan haqlarına ziddir. Burada insanlardan söhbət getmir ki… İnsanlar bu mübarizədə həmrəydirlər!