XƏBƏR LENTİ

19 Sentyabr 2020
18 Sentyabr 2020

Digər Xəbərlər

16 Aprel 2020 - 19:20

Deputat İrana cavab verilməsini tələb edir:"Bu addım bizim milli maraqlarımıza qarşı düşmənçilik jestidir”

 

“İranın atdığı addım Azərbaycana qarşı, onun ərazi bütövlüyünə qarşı kobud bir sayğısızlıq addımıdır. Bu, bumeranq kimi İranın özünə qarşı mütləq dönəcəkdir. Çünki Azərbaycanın iradəsinə zidd olaraq Dağlıq Qarabağda və Azərbaycanın işğal olunmuş digər torpaqlarında qeyri-qanuni məskunlaşmış erməni quldurlarına yardım etmək bizim milli maraqlarımıza qarşı düşmənçilik jestidir”. 

BQB başqanı, deputat Fazil Mustafa bu fikirləri İrana məxsus yük maşınlarının işğal altındakı Dağlıq Qarabağa yük daşıması ilə bağlı yayılan məlumatlara münasibət bildirərkən söyləyib.

Millət vəkili Musavat.com-a açıqlamasında Azərbaycan dövlətinin hər zaman İrana dəstək nümayiş etdirdiyini xatırladıb: “Halbuki biz İrana qarşı tətbiq olunan sanksiya kampaniyasında, ona qarşı digər təzyiqlər olanda, biz Azərbaycan dövləti olaraq ən ləyaqətli qonşuluq davaranışı sərgilədik. Fikrimcə, bu kimi Azərbaycan xalqını incidən addımın izahını rəsmi İran mütləq verməlidir”.

Rəsmi Bakının Tehrana sərt üzünü göstərməsindən bəhs edən F. Mustafa qeyd edib ki, artıq Azərbaycan İrandan öz səmimiyyətinə, qonşuluq dürüstlüyünə adekvat cavab tələb edir: “Biz ən çətin günlərdə İrana arxadan zərbə vuranların yanında olmadıq, koronavirus faciəsində də bu ölkəyə açıq yardımımızı ortaya qoyduq. Əvəzində belə bir düşmənçilik mövqeyi, Dağlıq Qarabağda və digər işğal olunmuş ərazilərdə erməni terrorçularına dəstək verilməsi izahı mümkün olmayacaq davranışdır. Bu addıma lazımi cavabı verməliyik”. 

Millət vəkili bu günlərdə Ankaranın İrəvana koronavirus yardımı edəcəyi ilə bağlı yayılan, sonra təkzib edilən məlumatlara da toxunub: “Bu ərəfədə Türkiyənin Ermənistana yardım etməsi siyasi baxımdan məqsədəuyğun olmazdı. Çünki Ermənistan türklərə qarşı öz düşmənçilik münasibətini dəyişməyibsə, işğal etdiyi Azərbaycan torpaqlarını işğaldan azad etməyib ki, köməyə layiq olsunlar. Ləyaqətli düşmənə yardım etmək insanlıq addımı sayılardı, ermənilər ləyaqətsiz düşmənlərdir. Xocalıda uşaqlara qarşı soyqırım gerçəkləşdirənlər yalnız ləyaqət hissini itirmiş kimsələr ola bilər”.