XƏBƏR LENTİ

19 Sentyabr 2020
18 Sentyabr 2020

Digər Xəbərlər

21 Aprel 2020 - 00:23

Fazil Mustafa yazır:"Dənizçi Dekeyterin zehniyyətiylə dünyaya baxan ABŞ"

Fazil MUSTAFA,

BQP sədri, Milli Məclisin deputatı

 

ABŞ prezidenti Çini və Dünya Səhiyyə təşkilatını pandemiya ilə bağlı bilgiləri gizlətməkdə ittiham edərək, onlara qarşı sərt addımlar barədə çağırışlar edir.

Haqlı, ya haqsız ittihamlar olduğunu, doğrusu, bilmirəm.

Maraqlıdır ki, özünütənqidlə bağlı hələlik hansısa fikirlər səsləndirilmir. Ancaq bu cür yanaşmanın maraqlı tarixi kökləri olduğuna diqqət yetirmək istərdim.

Amerika dəniz zabiti Stiven Dekeyter 1812-1814-cü illərin ingilis-amerikan savaşında qəhrəmanlıq göstərmiş, ardınca da əlcəzairli dəniz quldurlarına qarşı uğurlu əməliyyatlar keçirmişdi. Vətəndə onu qəhrəman kimi qarşıladılar. 4 aprel 1816-cı ildə Vircinyada onun şərəfinə verilən naharda belə bir tost söyləmiş: “Ölkəmizin şərəfinə! Başqa ölkələrlə münasibətlərdə arzulayaq ki, o, həmişə haqlı olsun; haqlı və ya haqsız, qoy uğur həmişə onunla olsun”.

Dekeyterin bu tostunu o zaman İngiltərədə səfir olan ABŞ-ın gələcək prezidenti Con Kuinsi Adams öz atasına – 1797-1801-ci illərdə ABŞ prezidenti olmuş Böyük Con Adamsa yazdığı 1 avqust 1816-ci il tarixli məktubunda tənqid edirdi: “Mənim tostum belə olardı: qoy bizim ölkəmizə həmişə uğur nəsib olsun; lakin uğur olsa da, olmasa da, qoy o, həmişə haqlı olsun!”

Bu şüarın başqa bir tənqidçisi də 1852-ci ildən sonra ABŞ-a mühacirət etmiş, sonradan ilk mühacir senator olmuş (1869) alman əsilli general və siyasətçi Karl Şurts (1829-1906) olur. 1872-ci ildə bir senatorun çıxışında yer alan “Haqlı və ya haqsız olsun – bu bizim ölkəmizdir” ifadəsinə qarşı aşağıdakıları söyləyir: Müəyyən mənada mən də eyni şeyi deyirəm: bu, mənim ölkəmdir; mənim ölkəm – böyük ABŞ-dır. Haqlı və ya haqsız – o, mənim ölkəmdir. Əgər o haqlıdırsa, biz onu bu haqlılığına görə dəstəkləyirik. Əgər haqlı deyilsə, o zaman bu haqsızlığı düzəltmək lazımdır”.

Böyük ingilis filosof Bertran Rassel isə bu mövzuda yazırdı: “Vətənpərvərlik səfehləşmiş formasında yalnız öz vətənimiz üçün deyil, bütün dünya üçün təhlükəlidir və “Mənim ölkəm heç zaman haqsız olmur” şüarı “Haqlı da, haqsız da olsa, bu, mənim ölkəmdir” şüarindan qat-qat təhlükəlidir”.

1865-ci ildə hansısa rahib Avraam Linkolna Vətəndaş müharibəsi vaxtı deyir: “Tanrı bizimlədir!”

Linkoln cavab verir ki, buna görə o, narahat deyil: “Çünki bilirəm, Tanrı hər zaman haqlının yanındadır. Ancaq Tanrı şahiddir ki, mənim daimi qayğım və duam belədir – mən və mənim ölkəm Tanrının yanında olsun!”

Bu iqtibası 2007-ci ilin 8 iyun tarixində hələ senator olarkən, “Deyə bilərsinizmi, terrora qarşı savaşda Tanrı ABŞ ordusunun yanındadırmı?” sualına cavab verərkən Barak Hüseyn Obama da təkrarlamışdı: “Linkoln o vaxt belə demişdi ki, biz Tanrının kimin yanında olduğunu soruşmaq yerinə, özümüzün Tanrının yanında olub-olmadığımızı soruşmalıyıq”.

Sözümün canı odur ki, ABŞ-ın dünyaya baxışı Dekeyterin zehniyyəti üzərindəndir – “Haqlı, ya haqsız – bu, mənim ölkəmdir” deyir. Adams zehniyyətininsə “Uğur naminə də olsa, haqsızlıq yaramaz” çağırışları iki əsr öncənin sağlam aurasına hələ də bu böyük dövləti qaytara bilmir.