XƏBƏR LENTİ

24 Sentyabr 2020

Digər Xəbərlər

24 Aprel 2020 - 01:24

“AZƏRBAYCAN DÜZƏNİNDƏ BAŞLAYAN YENİLƏŞMƏ” –Fazil Mustafa hakimiyyətin müxalifətə qarşı jestlərindən yazdı

Fazil MUSTAFA

BQP sədri, Milli Məclisin deputatı

 

Koronavirus bəlasından sonra ən çox müzakirə olunan mövzu, bəlkə də, yeni dünya düzəni barədədir. Hər bir halda, bu yeniliyin alt qatında əvvəlki illərin zənginlik amili olmayacaq.

Yoxullaşmış dünya insanının isə yeniliyə müqavimətinin proletariatın zəncirlərinin yenidən fırladılması ilə başlayacağını da gözləyənlər yanılmırlar.

Dünya necə olacaq – bunu böyük tədqiqat institutlarının və elmi mərkəzlərin öhdəsinə buraxaq, ancaq bildiyim odur ki, Azərbaycanda yeni siyasi düzənin çox ciddi simptomları ard-arda, həm də aşağının keçirdiyi tələb şüarlarının müşayəti ilə deyil, yuxarıdan istəklə, dəyişim israrı ilə üzə çıxmağa başlayır.

Anlaşılan budur ki, ölkə Prezidentinin siyasi sistemdə ardıcıl olaraq atdığı addımları zəhərli informasiyaları və məqsdəli rəyyaratmaları ilə öləzitməyə çalışan aralıq məmurlarının şəltəsi işləmədiyinə görə, əngəlləmək də mümkün olmur. Əksinə, məhz ishalatlara, siyasi sistemin bütün ünsürlərinin dövlət həyatında iştirakçılığına qapı açmağa çalışan məmurların da xoşniyyətli çalışmaları bu prosesin davamlılığına və dönməzliyinə ümidləri artıra bilmişdir.

Bir neçə ay öncə, kimin ağlına gələrdi ki, bütün siyasi partiyalarla heç bir ön şərt qoymadan Prezidentin təmsilçisi açıq müzakirələr aparacaq və hamını bərabər əsaslarla siyasi sistemdə rol almağa dəvət edəcək? Yaxud da kimin ağlına gələrdi ki, Prezident qəti şəkildə parlament azlığının Milli Məclisin rəhbərliyində, komitələrin rəhbərliyində təmsil olunması ilə indiyədək mövcud olan neqativ ənənəni darmadağın edəcək?

Bunlar baş verirsə, ardınca baş verənlərə də islahatların məntiqi davamı kimi baxanlar daha çox dövlət həyatında siyasi məsuliyyət daşıyıcılarına çevrilməyə başlayırlar. İllərdir yeni partiyalar qeydiyyatdan keçmirdi, artıq bu proses də başladı. “Azad Demokratlar” və “Yeni Zaman” partiyalarının dövlət qeydiyyatına alınması sadəcə statistika baxımından iki partiyanın rəsmi hüquqi şəxs statusu qazanması deyil. Bu, müxtəlif bəhanələrlə siyasi partiyaları və ayrı-ayrı siyasi şəxsləri süni şəkildə dövlətdən narazı salmağa çalışan zehniyyətin ortadan qalxması deməkdir.

Dövlətin bu əlcəyi qeydiyyatdan keçməyi gözləyən vətəndaş cəmiyyəti instutlarına tərəf də atılmalıdır. İctimai-siyasi həyatın qapalılığı cəmiyyətdə bu qədər potensaialı olan insanların paslanmasına, passivləşməsinə gətirib çıxaran əsas səbəbdir və öz dövləti üçün fayda verməyi düşünən insanların bu əlcəyi götürməsinə əngəl yaradılmamalıdır.

Bu, həm parlamentdə, həm də parlamentdənkənar siyasi mühitdə partiya demokratiyasının inkişafı, eləcə də vətəndaş cəmiyyətinin daha da aktivləşməsi üçün fürsətlərin açılması deməkdir. Eyni zamanda, siyasi partiyalarla aparılan müzakirələrin hansısa sənədə “quşqoyma” niyyəti daşımadığını, ciddi nəticələri ehtiva edən, siyasi plüralizmi genişləndirməyi zəruri sayan bir düşüncənin önə çıxdığının göstəricisidir.

“Bəs, burada kənarda qalanlar necə olacaq?” – deyə, haqlı suallar da ortaya çıxa bilər.

Kənarda qalanlar özləri seçimlərini ediblər. “Hakimiyyətə gücümüz çatmır, müxalifətçiliyimizin effektivliyi xalqın dəstəyinin azlığına və yeni dövrün havasını anlamadığımıza görə alınmır. Təsəllimiz budur ki, dəyişməyəcəyik, toy başlayacaq, qurtaracaq, yenə də öz “Heyvagülü”müzü oynayacağıq!” deməklə özlərini siyasi sistemdən kənarda saxlayanların, əslində, bu cür zəif formatda qalması da hakimiyyətə dəstək deməkdir.

Ona görə də bu “Heyvagülü” müxalifətini bir kənara qoyub, ölkədə dialoq mühitini səmimi şəkildə istəyən hər bir siyasi fərd, yaxud qurum məhz öz dövlətimizin çatısı altında demokratik prosesi, siyasi plüralizmi irəlilətməyə çalışmalıdır.

Bəli, Azərbaycan kimi yeni dövlətlərdə aşağıdan dəyişim olmayacaq, olarsa, bu, dəyişim deyil, öz-özümüzlə döyüşmək olacaq. Öz-özü ilə döyüşmək vətəndəş savaşı deməkdir. Başqa ölkələrdə oturan güclərin iradəsi ilə arzulanan inqilabın da mümkün nəticəsi məhz belə bir savaşdır.

Belə bir durumda yuxarıdan ölkədə islahatların dərinləşməsinə ən çox maraqlı olması lazım gələn siyasətçilər və qurumlar öz keçici həzzləri üçün “Heyvagülü” müxalifəti olmağa davam edəcəklərsə, dünya da dəyişəcək, toy da qurtaracaq və bir də havadan ayılıb görəcəklər ki, onların boş şüar kimi illərdir bağırdıqlarını hakimiyyət soyuqqanlı şəkildə, təlatümsüz, vətəndaşın marağına uyğun şəkildə artıq gerçəkləşdirib. O halda Milli Şuranın, Xalq Cəbhəsinin ülvi ideallarını ərdəmsiz qafaları ilə illərdir necə çürütdüklərini, bəlkə də, anlaya biləcəklər.

Baxın, müxalifətin ən qocaman simalarından biri olan “Azadlıq” partiyasının sədri Əhməd Orucun səhhətində yaranmış problemlərə, eynilə Oqtay Gülalıyev məsələsində olduğu kimi, dövlət adından iqtidar təəssübkeşliyi ilə deyil, insanlıq meyarlarıyla yanaşma ortaya qoyuldu. Dövlət Əhməd bəyin də müalicəsini öz üzərinə götürdü. Bu, həm də kompleksli siyasətin pərdəsinin götürüldüyünün sadəcə nümunələrindən biri idi.

Ardınca bu ölkənin məhkəmə sistemi məhz müxalifət təmsilçilərinin nümunəsində əvvələr verdiyi qərarı düzəltməklə, yeni dövrün başladığının daha bir nümunəsini verdi. Azərbaycan Respublikası Ali Məhkəməsinin qərarı ilə REAL partiyasının sədri İlqar Məmmədova və İnsan Haqları klubunun rəhbəri Rəsul Cəfərova bəraət verilməsi və böyük miqdarda maddi təzminatın ödənilməsi də daloqun masa arxasında deyil, canlı həyatımızda Azərbaycanın ali mənafeləri naminə aparılacağını bir daha təsdiqlədi. Ali Məhkəmə tərəfindən verilən bu qərar qanunvericilik və məhkəmə hakimiyyəti orqanlarının ali hüquqi prinsiplərə əsaslanmasının və bu sahədə Prezidentin apardığı islahatlara müsbət refleks verilməsinin zəruriliyini göstərdi.

Yeni dünya düzənində nələrin dəyişəcəyini bilmirəm. Ancaq dünyanın yeniləşməsini gözləmədən Azərbaycan düzənində ciddi bir yeniləşmə baş verir. Bu, həm də yuxarıdan baş verir, ölkə prezidentinin iradəsi ilə baş verir. Eyni zamanda, COVİD-19 bəlasının yaratdığı ən azı 19 problemlə gecə-gündüz mübarizə aparıldığı vaxtda baş verir. Yəni, postpandemiya dövrünə yeniləşməmiş siyasətlə girişimizin risqini, təhlükəsini həm iqtidarda, həm də müxalifətdə sağlam mühakiməsi olan insanlar anlayır. Önəmli olan bu siyasətin qışqırıqdan deyil, dialoqdan yoğrulmasıdır…

Bütün hallarda, mahiyyətində ağıl, məntiq duran dialoq havasından duyulan həzz “Heyvagülü”dən, heç indimiz üçün demirəm, tariximiz, gələcəyimiz üçün də faydalıdır.