XƏBƏR LENTİ

25 Sentyabr 2020
24 Sentyabr 2020

Digər Xəbərlər

25 Aprel 2020 - 18:23

“Azərbaycan koronavirus infeksiyasının ən az yayıldığı ölkələr sırasındadır”- Əli Əhmədov

Aprelin 25-də Yeni Azərbaycan Partiyasının (YAP) rayon və şəhər təşkilatlarının sədrlərinin iştirakı ilə videokonfrans şəklində növbəti müşavirəsi keçirilib.

YAP-dan verilən məlumata görə, müşavirədə çıxış edən Baş Nazirin müavini, YAP Sədrinin müavini-İcra katibi Əli Əhmədov Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin, genişmiqyaslı islahatların əhəmiyyətindən bəhs edib.

Hazırda dünyanın koronavirus pandemiyasına qarşı mübarizəyə səfərbər olunduğunu deyən Əli Əhmədov bildirib ki, bu istiqamətdə Azərbaycan dövləti və hökuməti sistemli tədbirlər həyata keçirir və bu tədbirlər Prezident İlham Əliyevin birbaşa nəzarətindədir. Onun sözlərinə görə, qabaqlayıcı, sistemli tədbirlər nəticəsində Azərbaycan koronavirus infeksiyasının ən az yayıldığı ölkələr sırasındadır.

Əli Əhmədov həmçinin qeyd edib ki, Yeni Azərbaycan Partiyası da koronovirusa qarşı mübarizə çərçivəsində görülən işlərə fəal şəkildə qoşulub. Belə ki, Yeni Azərbaycan Partiyası “Koronavirusla Mübarizəyə Dəstək Fondu”na ümumilikdə təxminən 500 min manat ianə edib, “Sağlamlığımız milli həmrəyliyimizdədir!” aksiyası həyata keçirib.

Partiyanın bütün strukturları, o cümlədən rayon və şəhər təşkilatları  əhalinin həssas təbəqəsinə aid olan ailələrə müntəzəm olaraq yardım və dəstək göstərirlər. Eləcə də, Yeni Azərbaycan Partiyasının könüllüləri  Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əməkdaşları ilə birlikdə yaşı 65-dən yuxarı olan tənhalara, ahıl vətəndaşlara yardım paylayır, onlara sosial xidmətlər göstərirlər.

Müşavirədə qarşıda dayanan vəzifələr müzakirə edilib, partiyanın rayon və şəhər təşkilatlarına müvafiq tövsiyə və tapşırıqlar verilib/APA.