XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

27 April 2020 - 11:35

Konfliktoloq Elxan Mehdiyev:"Azərbaycan tezliklə İrana öz yerini göstərməlidir" - MÜSAHİBƏ

İranın Azərbaycan-İran dövlət sərhədində Araz çayı üzərində, işğal olunmuş Cəbrayıl rayonu istiqamətində separatçı Dağlıq Qarabağ rejimi ilə əlaqə məqsədilə tikdiyi 4 yeni körpü məsələsi ciddi rezonansa səbəb olub. 

Moderator.az bu problem ətrafında konfliktoloq Elxan Mehdiyevin fikirlərini öyrənib:
– Elxan bəy, işğaldan sonrakı illərə baxsaq, İranın işğal bölgələrində fəaliyyəti hansı səviyyədə baş verir? 
– İranın Ermənistana etdiyi köməyi hamımız bilsək də, dəfələrlə müxtəlif səviyyələrdə ifadə edilsə də, İran hər zaman bunu bütün qonşuölkələrlə normal münasibət yaratmaq siyasətindən doğduğunu və Azərbaycana qarşı yönəlmədiyini qeyd edir.  Azərbaycanda bu baxışı qəbul etməsələr də, İranın erməni siyasəti sakit şəkildə qəbul edilmiş görünürdü. İran yük daşıma TIR –larının Stepanakertə yük daşımaları və işğal bölgələrində İranlı turistlərin vaxt keçirməsi, Şuşada birgə layihələr həyata keçirməsi də məlumdur.
İşğal edilmiş ərazilərdəki kəndlərdəki on minlərlə evlərin dəmir darvazaları, evlərinin dəmir çatıları və minlərlə ton dəmir və mis məmulatlarının ermənilər tərəfindən sökülüb, İrana satılması da hamımıza məlumdur. İranın öz mal-qarasını və qoyunlarını işğal edilmiş ərazilərdə otarması və qışlaq kimi istifadə etməsi də bilinən faktlardandır. Azərbaycan dəmir yollarının Horadizdən başlayaraq, 120 km uzanan relslərini Serj Sarkisyanın şəxsi razılığı ilə İrana satıldığı iddia edilən min tonlarla poladın hara sərf edilməsi haqqında bu dəqiqə Ermənistan İstintaq İdarəsində istintaq getdiyi də məlumdur. Serj Sarkisyan bu pula silah aldığını deyir, Paşinyan isə bu pulun (söhbət on milyonlarla dolardan gedir) harda olduğunu aydınlaşdırılması üzərində israrlıdır. Bütün bunları İranın hər yerdə üstün tutduğu İslam mənəviyyatına bağlayırıq… yiyəsiz məmləkət bu adla yağmalanır… Amma Azərbaycanın da mövqeyi təəccüb doğurur, çünki beynəlxalq dəmir yolu relslərinin işğal qüvvələri tərəfindən sökülüb satılması hərbi cinayətdir və bu məsələ niyə beynəlxalq gündəmə (Həmsədrlərin gündəminə yox) çıxarılmır? Mən başa düşmürəm….
– Bəs İranın bu cür fəaliyyətinə etiraz edilmirmi? 
– İranın Araz çayı üzərində Xudafərin körpüsü yanında Xudaferin su anbarı tikməsi təklifi o zamanlar mərhum Prezident Heydər Əliyev tərəfindən qəzəblə qarşılanıb və o, İran nümayəndə heyəti ilə keçirilən görüşü ictimaiyyətin gözü qarşısında tərk edib. Sonralar İran buna baxmayaraq, su anbarı tikib və nəticədə Cəbrayıl, Zəngilan rayonunun bir çox kəndləri və onların əraziləri su altında qalıb. Həmən kəndlərin sakinlərinin dədə- baba yurdları və qəbristanlıqları da su altında qalıb. Çayın kənarı boyu uzanan dəmir yolu və Bakı-Zəngilan şose yolu da su altında qalıb. İran faktiki olaraq, Azərbaycan ərazilərini ilhaq edib. Azərbaycanın infrastrukturunu ermənilərlə birlikdə tarümar edib. İndiyə qədər Azərbaycan höküməti bu barədə İranla nə danışıb- danışmadığı haqqında heç kimin xəbəri yoxdur.
– Bəs Araz çayı üzərində qurulan körpülər nə məqsəd daşıyır? 
– İndi ortaya çıxan məsələ, həmin su anbarından yüzlərlə dəfə qorxulu bir məsələ olub, dünyada tayı bərabəri olmayan bir haldır. İran Araz çayı üzərindən işğal edilmiş Cəbrayıl rayonu ərazisini İranla birləşdirən bir neçə avtomobil və yük maşını keçən körpülər salıb. Bu körpülər vasitəsilə işğal olunmuş bölgələrə dəhliz açıb. Bu bölgələri de-fakto özünə birləşdirib. Bu hal hüquqi baxımdan da yeni şərait yaradıb və Azərbaycan torpaqlarının işğalını daha da beynəlmiləlləşdirib. Azərbaycanın işğal olunmuş ərazilərinə sərbəst giriş-çıxış yolları qurmaqla, işğal edilmiş ərazilərin birgə istismarı hüquqi vəziyyəti yaradıb. Artıq ikinci bir ölkə də Azərbaycan ərazilərinin işğalında tərəf olub.
Bu körpülərin tikintisi də indiyə kimi sirli saxlanılıb. Erməni mətbuatında çox şey yazılsa da, bu bir sir daşıdığından indiyə kimi mətbuata sızmayıb. Mən burada iki əsas məsələni önə çıxarıram. Biz İran ilə ermənilərin işğal edilmiş ərazilərdə nəyi bölüşdüklərini və nə haqda sövdələşdiklərini sona qədər bilmirik. Bu körpülər heç də İran mal- qara və qoyunlarının otlaması və qışlağı üçün keçid kimi nəzərdə tutulmayıb. Ortada, əlbəttə, hərbi-strateji məsələlər durur. Və beş körpünün tikilməsi də, ilk növbədə, hərbi məqsədlərə xidmət edir və Azərbaycanın hər hansı hərbi əməliyyat cəhdi olarsa,İran qüvvələrinin erməni qüvvələrinin cənub cəbhə xəttinə dəstək olaraq yeridilməsinə xidmət edir. Biz indiki zamanda həmin cənub bölgələrində İran hərbi qüvvələrinin olduğunu da dəqiq bilmirik. Amma hərbi qüvvələrin su anbarı mühafizəsi bəhanəsi altında Cəbrayıl ərazisində yerləşməsi də tamamilə məntiqlidir və körpü yaxınlığında hərbi kazarmabənzəri böyük obyektlərin olması, bu arqumentin sübutuna da xidmət edən amildir. Burada İranın Rusiya ilə bu məsələni nə qədər razılaşdırıldığını da araşdırmağa həyati ehtiyac var. Çünki İran Ermənistanla əksər əməkdaşlıq işlərini öncədən Rusiya ilə koordinasiya edir.
Nəzərə alsaq ki, Rusiyanın Tehrandakı səfiri də erməni əsilli millətçi ermənidir, bu işlərin arxa divarlarda necə aparıldığı haqqında danışmağa ehtiyac yoxdur. İkinci strateji məsələ, bilavasitə, İranın beynəlxalq sanksiyalar altında olması və nüvə proqramı ilə əlaqəlidir. İranın Ermənistanla Meqri sərhəd keçid məntəqəsində ABŞ-ın təmin etdiyi cihazların olduğu haqqında erməni tərəfi də bir neçə il öncə məlumatlar yaymışdı. Bu baxımdan, Meqridə müəyyən beynəlxalq müşahidə var. Ona görə də, düşünürəm ki, İran sanksiyalardan yayınmaq və Ermənistan vasitəsilə Rusiyadan alacağı sanksiya altında olan strateji materialları nəzarətsiz olan bu körpülər vasitəsilə həyata keçirmək üçün tikib. Bu körpülər bütün coğrafiyası üzrə müşahidə altında olan İran üçün yeganə nəzarətsiz, gizli yoldur. Biz faktiki olaraq İranın beynəlxalq müşahidədən azad gizli yolunu aşkar etmişik. Azərbaycan tərəfi bu məsələni tezliklə ABŞ tərəfi ilə müzakirə etməli və nüvə beşliyinin digər üzvləri ilə hərəkət etməlidir. Çünki İran bu yollar vasitəsilə İrana icazə verilməyən nüvə məmulatları və sankisya altında olan məmulatları nəzarətsiz olaraq keçirmək imkanı qazanmışdır.
– Sizcə, burada Azərbaycan bu cür çətin vəziyyətdə necə hərəkət etməlidir? 
– Nəticədə, bütün bu addımlar Azərbaycanın beynəlxalq sərhədlərinin nəzarətsiz halda qalmasının beynəlxalq təhlükəsizlik üçün gətirdiyi nəticələri əyani şəkildə ABŞ və böyük dövlətlərə aydınladacaq və Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsinə, məncə, böyük təkan verəcək. Bu böyük beynəlxalq qalmaqaldır və İranın gizli yolları ifşa edilib. Biz bunu nüvə koridoru da adlandıra bilərik. Dünya birliyi Ermənistan hökümətinin beynəlxalq qaçaqmalçılıq, narkotik daşınma, silah alveri və İran nüvə proqramı da daxil strateji məmulatları İrana ötürmək üçün İranla əlbir şəkildə gizli şəkildə həyata keçirdiyi cinayətlə üzləşib və bu vəziyyət Azəbaycanın ərazilərinin azad edilməsinə kömək edən beynəlxalq koalisyanın yaranmasına kömək edir.  Hadisələrin gedişi Azərbaycan hökümətinin bacarıq və qabiliyyətindən asılı olacaq. Burada aparıcı qüvvə Azərbaycan olmalıdır, yoxsa nəticədə həmən ABŞ və qeyd edilən dövlətlər bu məsələni elə ermənilərlə həll etməyə çalışacaq. İranın erməni işğal qüvvələri ilə birgə bu körpüləri qurması, Azərbaycanın suverenliyinə, ərazi bütövlüyünə və siyasi müstəqilliyinə yönəlmiş bir qəsddir. İran bu əraziləri körpü ilə İrana birləşdirməklə, Azərbaycanın həmin ərazilərini ilhaq edir. İşğal ərazilərində hər hansı fəaliyyəti öz üzərindən atan və DG ermənilərinin üstünə yıxan Ermənistandan fərqli olaraq, görəsən, İran qurduğu bu körpüləri və işğal bölgəsindəki fəaliyyətlərini kimin üstünə atacaq?
– Burada ilkin olaraq hansı tədbirlər görülməlidir? 
– İranın bu xəyənatkar əməlini Azərbaycan cavabsız qoymamalıdr. Ona qarşı dərhal aşağıdakı ilkin tədbirləri görməlidir.
Birincisi, Azərbaycan dərhal öz səfirini İrandan geri çağırmalıdır.
İkincisi, Azərbaycan dərhal BMT-yə müraciət etməli və mövcud vəziyyəti BMT-də müzakirəyə çıxarmalıdır. İndiki dönəmdə yaxın şərqdən tutmuş bütün bölgələrə burnunu soxan İrana qarşı beynəlxalq birliyin əlində olan arqumentlərə bu təcavüzü də əlavə etməklə, yuxarıda deyildiyi kimi, biz həm Amerika, həm də Avropadakı BMT TŞ üzvlərinin dəstəyini qazana bilərik. Bu ölkələr  məsələnin açılması üçün bizlərdən daha çox maraqlı olacaqlar. Bütün bu addımlar erməni işğalının aradan qaldırılmasını gündəmə gətirəcək və məsələni ört basdır edən ATƏT-in Minsk Qrupunun monopoliyasına da son verə biləcək. Əgər ATƏT-ə müraciət edilsə, bu məsələnin də ciddiliyi onların “sülh prosesi” kimi quyunun dibinə düşəcək.Bu hal işğal ərazilərində ermənilərin məskunlaşma və infrastruktur işlərinin hər vəchlə ört-basdır etməyə çalışan həmsədrlərin məsuliyyət daşıdıqlarını və bu işlərə rəvac verdiklərini ortaya qoyacaq. Əgər Azərbaycan İrana qarşı çəkinmədən sərt addımlar atmasa və mövqe ortaya qoymasa, Azərbaycan yaxın Şərqdəki Livan kimi tapdaqaltı bir dövlətə çeviləcək. Azərbaycan tezliklə diplomatik addımlarla İrana bu bədəli ödətməlidir.
Üçüncüsü, Azərbaycanın hərbi və kəşfiyyat strukturları öz işlərini görməlidir. 
Dördüncüsü, İrandan ehtiyat edən Azərbaycan dərhal İsrailə öz səfirini göndərməlidir. Azərbaycan İsraillə hərbi və iqtisadi münasibətlərini gücləndirməli və İranın bu xəyanətkar əməllərinə qarşı beynəlxalq koalisiya qurmalıdır. 
Beşincisi, Azərbaycanın ərazilərini ilhaq etdiyinə və ilk növbədə, Azərbaycan ərazilərində su anbarı tikdiyinə görə, beynəlxalq məhkəməyə müraciət edilməlidir.