XƏBƏR LENTİ

26 Sentyabr 2020
25 Sentyabr 2020

Digər Xəbərlər

28 Aprel 2020 - 01:24

FƏRƏC QULİYEV POSTPANDEMİYA DÖVRÜNÜN TƏHLÜKƏLƏRİNDƏN YAZDI:"Başlanan yeniləşməni sabotajla geriyə çevirmək layihəsi var"

Fərəc QULİYEV,

Milli Dirçəliş Hərəkatı partiyasının sədri, istiqlalçı deputat

 

Dünyada artıq pandemiya məhsulu olan panik dönəm bitir və dövlətlər yeni  münasibətlər sisteminə hazırlaşır. İndi hər kəsi düşündürən sual bundan sonrakı həyatımızın necə olacağı barədədir.

Unutmaq lazım deyil ki, dünyada həyat öz axarına tezliklə düşməyəcək.

Amma böhranlar gətirdiyi çətinliklərlə yanaşı, imkanlar axtarışına da vəsilə olur. Bu böhran da əksər ölkələri postvirus dönəmində eyni  start vəziyyətinə gətirəcək. Azərbaycanın ehtiyatları imkan verir ki, böhranı yeni mahiyyətdə inkişafa çevirə bilsin.

Qlobal maliyyə bazarlarında hələ uzun müddət  durğunluq olacaq. Bunun üçün bütün ehtiyatları qorumaq və səmərəli istifadə etmək şərtdir. Ona görə də riskli əməliyyatlardan çəkinmək lazımdır.

Bütün dünyada çökən iqtisadiyyatlar fonunda ən müxtəlif xərcləri, öncəki kimi, qarşılamaq mümkün olmayacaq. Postvirus dövründə iqtisadi-siyasi vəziyyəti düzəltmək çətinliklətlə müşayət olunacaq.

Bu, Azərbaycan üçün də aktual olduğundan, oturub gözləmək çıxış yolu deyil. Bir neçə, hətta ən pessimist ssenarilərə belə, hazır olmaqla gələcəyi planlamaq lazım gələcək.

Hal-hazırda təkcə biz yox, bütün Avropa, dünyanın bir çox ölkələri yaxın dövr üçün belə, dilemma qarşısındadır: indi pandemiya ilə bağlı məhdudiyyətlər tam, yoxsa qismən aradan qaldırılmalıdır?

Orta və uzunmüddətli planlamalar üçünsə, əlbəttə, daha çox suallar cavablandırılmalıdır.

Hesab edirəm ki, həyatımızı, sanki, növbəti pandemiyaya hazırlaşırmış kimi planlaşdırmalı, hər vəziyyətə hazır olmalıyıq. Haqqında artıq danışılan ikinci pandemiya dalğasına səbəb yaratmaq olmaz. Təsəvvür edin ki, bu, hansı fəlakətlərə səbəb olar.

Əslində, Prezident İlham Əliyevin virusun erkən yayılma dövrü və sonrakı bütün mərhələlərdə qəbul etdiyi qərarlar böyük fəlakətləri önlədi. Virusla mübarizə tədbirləri ilə yanaşı, işini qısa müddətlik itirən insanlara və bu prosesdən mənfi təsirlənən sahibkarlara dəstək məqsədiylə ayrılan vəsait də, bu istiqamətdə atılan digər addımlar da hökümətin prosesləri nizamlamağa müsbət müdaxiləsinin göstəricisidir. Hökumət eyni sayıqlıqla işini davam etdirməli, müxalifət də dövrün çağırışına adekvat fəaliyyət göstərməlidir.

Bunu zəruri edən ciddi səbəblər var. İndi bütün ölkələrin immuniteti zəifləyib. Zəif düşən ölkələri prosesdən daha güclü çıxan ambisiyalı ölkələr öz orbitlərinə daxil etməyə çalıçacaqlar – birbaşa və ya dolayı yolla.

Dünyaya nəzarət etmək üçün dövlətləri modern kölə halına gətirmək şərtdir. Bu məqsədlə postpandemiya dönəmində idarəedici iddiasında olanların yem kimi gördüyü ölkələri zəif salmaq, əhalidə dövlətinə inamsızlıq aşılamaq üçün dəyişiklikləri hər vəchlə durdurmaq, başlanan yeniləşməni sabotajla geriyə çevirmək layihəsi var.

Dominant mövqelərdə olmaq üçün bu, klassik yanaşmadı. Belə layihələr, təəssüf ki, millətin içərisindən hazırlanan maşalarla həyata keçirilməyə çalışılır.

Hər zaman ölkələr daxilində gedən proseslər, münasibətlər, vəhdəti pozulmuş cəmiyyətin iç mübarizənin nəticəsi, əslində, bütün dünyanı şəkilləndirəcək güclər üçün təyinedici faktorlar olub. Böyük dağıntılar, idarəolunan xaos prosesinə hazırlıq zamanı hədəf dövlətlərdə tayfalararası, etnoslararası, təriqətlərarası və s. münasibətlər nəzərə alındığı kimi, siyasi palitradakı münasibətlər də mütləq katalizator element kimi nəzərdə tutulur. Əsas məqsəd dövlət resurslarını tükəndirmək və dövləti hazırlıqsız yaxalamaqdır. Buna nail olmaq üçünsə kənardan heç bir müdaxilə daxili maşa qədər effektli olmur.

Biz bu oyunları pozmaq üçün BİZ olmağı bacarmalıyıq.

Biz Azərbaycanın varlığını, inkişaf və təhlükəsizliyini milli gücün tam olmasında görürük. Hesab edirik ki, bütövləşmə prosesi öncə toplum içində düşüncə bütövləşməsindən keçir. Ona görə bütün çağırışlarımızda dalaşmaq yox, danışmağın vacibliyini qeyd edirik.

İqtidar da, müxalifət də, ən azından, indiki halda bizi təhdid edən hər nə varsa, ona qarşı hazırlanacaq paketi ortaq vahid düşüncəyə əsaslanıb hazırlamalı, bu çərçivədə davranmalıdır. İqtidar və müxalifət iş bölgüsü etməlidir.

Prezident tərəfindən iqtidar-müxalifət dialoqu və yeni siyasi konfiqurasiyanın formalaşmasının vacibliyi çağırışı və bunun ardınca yeni partiyaların qeydiyyata alınması kimi addımlar təqdir olunmalıdır.

Müxalifət tərəfindən də ölkədə aparılan siyasi islahatlara dəstək vermək vacibdir. Bu prosesi iqtidar, təbii ki, tək apara bilməz. Dialoq tərəfləri müzakirə predmetindən, yanaşmalardan razı olmaya bilərlər. Amma bunun həlli təşəbbüs, təklif və iştirakçılıqdan keçir. Kənara çəkilmək vəziyyəti yaxşıya dəyişə bilməz.

Cəmiyyətin qütblülük sistemindən bütövlük sisteminə keçməsi vacibdir. Bu, fərqlilikləri inkar etmir. Müzakirələrlə ortaq fikir məcmusu – ortaq düşüncənin yaranması və  bütöv cəmiyyətdə hakim olmasına nail olmaq şərtdir. Bunun üçünsə fərdlərlə, qrup və təşkilatlarla savaşmaq deyil, düşüncə savaşını mübarizə formasına çevirmək labüddür.

İstəyi reallaşdırmaq üçün müxtəlif alətlər var.

Bu mənada, Parlamentin önəmi ortadadır və üzərinə böyük məsuliyyət düşür. Parlament fərqli fikirlərdən ortaq fikir məcmusunu istehsal edən ən ciddi təsisatdır. Bu gün parlamentdə təmsil olunan müxalifət partiya təmsilçilərinin rəhbərlikdə təmsil olunması, gələcəkdə parlament seçkilərinin proporsional və ya qarışıq seçki sisteminə keçməsi üçün bir uyğunlaşma və hazırlıq mərhələsinin başlanğıcı ola bilər.

Bütün hallarda müxalifət partiya təmsilçilərinin rəhbərlikdə təmsil olunması çoxpartiyalı sistemin inkişafı üçün çox əhəmiyyətli addım sayılmalıdır.

Bu təmsilçiliyə çoxluq təşkil edən iqtidar partiyası olan YAP təmsilçilərinin tolerant, anlayışla yanaşması dialoq və barışa söykənən sabitlik üçün töhfədir. Cəmiyyətin bütövlüyünə xidmət edən hər addım, kim tərəfindən atılmasından asılı olmayaraq, təqdir olunmalıdır.

Tək bu platformada deyil, istənilən müstəvidə müxalifət də iqtidar-müxalifət münasibətlərinin daha sivil və arzuolunan səviyyəyə çatması üçün yeni fəaliyyət formalarına müraciət etməlidir.

Reytinq naminə qaralama ancaq mövsümi ugur gətirə bilər. Aydındır ki, hüquqi legitmliyi qazanmaqdan  öncə ictimai legitimliyi qazanmaq əsas sayılır. Amma bu, elektorat qazanmaq xətrinə aldadıcı vədlər və qara piarla cəmiyyəti çaşdırmaq, hakimiyyətdə olan rəqibin doğru və mümkün fəaliyyətini qaralamaq hesabına olmamalıdır. Özünü elektoratla qısamüddətli gücləndirmək naminə dövlətə inamsızlıq yaratmaqla, dövlət adlı vazkeçilməz varlığı zəiflətmək hakimiyyətə müxaliflik yox, dövlətə asilikdir.

Milli Demokratik müxalifət düşərgəsinin düşüncə sistemi Azərbaycan Mərkəzli Düşüncə Sistemidir. Bu təfəkkür sistemi “Qurtuluşum harada?” sualına cavab axtarışının məhsuludur.

“Azərbaycan Mərkəzli Düşüncə Sistemi”nə görə, azərbaycanlıların qurtuluşu Azərbaycanlılıq – vətənçilik zərfi içərisindədir və azərbaycanlılar öz milli səadətlərini – iqtisadi, siyasi, sosial, mədəni və bəşəri inkişaflarını bu zərf içərisində axtarmalıdırlar. Və əslində, axtarmaqdadırlar. “Biz kimik?”, “Haradan başlamalıyıq?”, “Qurtuluşumuz harada?”, “Nə etməliyik?”, “Hara gedirik?” və “Bizim təməl problemimiz nədir?” suallarına cavab axtarışı çərçivəsində ortaya çıxmış və yuxarıdakı suallara sistemli bir şəkildə cavab verməyi özünə hədəf seçmişdir. Bu strateji yanaşma dövrün trendi və fors-major vəziyyətlərdə qısa və orta dövr fəaliyyəti üçün də çərçivə prinsipi olaraq qalır.

Pandemiya başlar-başlamaz, biz dərhal ziyalılara, partiyadaşlarımıza, təəssübkeş və tərəfdarlarımıza müraciət etdik. Hökumətə ərzaq təhlükəsizliyi, ölkədəki və xaricdəki həkim və digər mütəxəssislərin səfərbərliyi, əyalət siyasəti, pospandemiya dövrü hazırlıqları və s. ilə bağlı müraciət etdik. Köməyimizi təklif etdik. Çünki bu, hökumətin deyil, dövlətin problemi idi. Üstəlik, bu, tək bizim ölkəyə aid deyil, qlobal təhdid idi.

Kiçik istisnalarla, bütün müxalifət, milli demokratik düşərgəyə məxsus partiyalar, QHT-lər, ziyalılar dövlətçilik prizmasından yanaşaraq, bəşəriyyətin təhdid olunduğu bu ağır günlərdə bütün imkanları ilə, bir əsgər kimi, dövlətinin yanında oldular. Bütün dünya belə davrandı. Türkiyə örnəyin götürək…

Amma təəssüf ki, anarxist qeyri-milli düşərgəyə aid, xarici ölkələrin “cib müxalifəti” bir virusun arxasında gizlənərək, yenə də hər fürsətdə istənilən amildən dövlətinə qarşı istifadədən çəkinmədi və bu yanaşma davam edir.

Pandemiyaya qarşı görülən bütün tədbirləri gözdən salmağa çalışdılar. Karantin qaydalarının pozulmasına görə inzibati tədbirlər belə, siyasiləşdirildi. Yenə də Avropa təsisatlarına məlum bəyanatlar, sosial şəbəkələrdə inamsızlıq mühitinin yaradılmasına cəhdlər edilir və s. Amma anarxist antimilli düşərgənin virtual platforması Qarabağda separatizmin təntənəsi olan seçkilərə, ABŞ konqresinin bəzi nümayəndələrinin “DQR” “prezidentinə” təbrik məktubuna münasibət bildirmir, Qazax  və digər  sərhəd bölgələrində Ermənistanın özbaşınalığına, atəşkəsi müntəzəm pozmasına və s. bu kimi məsələlərə reaksiya vermir.

Dövlətə qarşı aparılan bu kampaniya xarici güclərin postpandemiya dönəmində ölkəmizə nəzərdə tutduqları basqılar üçün artilleriya hazırlığıdır. Bunu, əslində, böyük əksəriyyət bilsə də, ən müxtəlif səbəblərdən, “özünü pis etmədən” susurlar. Amma unudurlar ki, xarici, dost olmayan güclərin ölkəmizdəki maşaları ilə dövlətimizin varlığı təhdid altına alınırsa, bu təhdidə susmaq dövlətə xəyanətə bərabərdir.

Təklif və tələblər maddi-mənəvi və ictimai-siyasi problemlərin həllinə yönəlməli və tərəqqiyə xidmət etməlidir. Millətin iqtisadi ziyanına aparan, mənəviyyatını zorlayan, onu zəif salan, duyğusal hərəkətlərə yol açan, milli və əxlaqi standartlardan uzaq şüarlar, tələblər bütün istiqamətlərdə milli resursları zəiflətmə amaclı olaraq, dövlətimizi zəif salaraq, dövlətə vətəndaş inamını sarsıdaraq, onu modern kolə vəziyyətində orbitinə daxil etmək istəyən dövlətlərin mətbəxində hazırlanmışdır. Bunlar ideoloji silahdır və pandemiyadan daha təhlükəlidir.

Açıq bir cəbhələşmə var. Dövlətinin yanında olan bizlər milli siyasət yürütməyin tərəfdarıyıq. Bu istək millətimizin iqtisadi, maddi rifahına qulluq etdiyi üçün kim tərəfindən aparılsa da, dəstək almalıdır.

Ölkəmizin və millətimizin bu günkü durumuna bu baxımdan yanaşaraq, millətlərarası sistemində dayanıqlı xarakter daşıyan ictimai, iqtisadi əlaqələrin kəsilməsinin, zəifləməsinin deyil, güclənməsinin təminatı üçün adekvat davranmaq lazımdır. Lakin öz ölkəsindən Avropa təsissatlarına “insan haqları pozulması”,”siyasi məhbus azadlığı” adı altında  donos xarakterli  bəyanat göndərənlər cavab verə bilməyəcəkləri suallar qarşısında qalarlar. Məsələn, niyə Diqəm və Şahbaz bəyin azadlığını eyni israrla istəmirsiniz? Ermənistan ordusu tərəfindən əsir götürülərək “Zod”mədənində qul kimi işlədilən yüzlərlə Azərbaycanlı qadının azadlığını beynəlxalq təsisatlardan tələb etmirsiniz? Bir milyon iki yüz min qovulmuş vətəndaşlarımızın  insan haqlarının pozulmasını, maddi, mənəvi  təzminatını beynəlxalq təsisatlardan tələb etmirsiniz?

Biz  bu məsələləri dəfələrlə həm Azərbaycanda Avropa təsisatları nümayəndələri ilə görüşlərdə, həm müxtəlif ölkələrdə beynalxalq tədbirlərdə dəfələrlə qaldırmışıq. Çünki bunlar ayrıca olaraq nə iqtidarın, nə də müxalifətin məsələsi deyil, ümummilli problemlərdir.

Nəticə etibarilə, müraciətimin əvvəlində qeyd etdiyim iki məsələnin vacibliyini və hər kəs tərəfindən nəzərə alınmasının qaçılmaz olduğunu bildirirəm.

Postpandemiya dönəminə hazırlıq mərhələsində ambisiyalı, idarəedici iddiasında olan dövlətlərin yem kimi gördüyü ölkələrə qarşı nəzərəçarpmayan iki mümkün planı gözlənilən təhdiddir:

1. Ölkənin bütün resurslarını tükəndirib, zəif salmaq;

2. Əhalidə dövlətinə inamsizlıq aşılamaqla vətəndaş-dövlət qarşılıqlı himayə mexanizmini, milli vəhdəti pozmaq.

Birinci həmləni önləmək və neytrallaşdırmaq məsuliyyəti və imkanları daha çox iqtidarın üzərinə düşürsə, ikinci həmləni dəf etmək məsuliyyəti və imkanı da daha çox müxalifətin üzərinə düşür.

Əlbəttə, bu, şərti iş bölgüsüdür.

Bütün hallarda, biz bu oyunları pozmaq üçün BİZ olmağı bacarmalıyıq.