XƏBƏR LENTİ

19 Sentyabr 2020
18 Sentyabr 2020

Digər Xəbərlər

01 May 2020 - 21:51

Milli Məclisin komitə sədri Zahid Oruc:"Parlamenti necə idarə etməyi Heydər Əliyevdən öyrənmək lazımdır"

Milli Məclisin bu gün keçirilən iclasında İnsan Hüquqları komitəsinin sədri Zahid Oruc çıxış edib.

Strateq.az xəbər verir ki, Milli Məclisin yeni tərkiblə fəaliyyətə başlamasından 50 gün vaxt keçdiyini bildirən Zahid Orucun sözlərinə görə, tərkibinin üçdə biri yenilənən qanunverici orqanda təmsil olunan hər bir adam bu ərəfədə xalq qarşısında çətin sınaqdan keçib: “İndi Azərbaycan və dünya yeni çağırışlarla üz üzə qalıb. Bəşəriyyətin məruz qaldığı qlobal böhrandan sonra çökən iqtisadiyyatlarla birgə, dövlətlərin də iflasa uğrayacağını proqnozlaşdırmaq o qədər də çətin deyil. Ona görə də bütün siyasi elitalar, o cümlədən  parlamentlər tarixdə görünməmiş çətin suallar qarşısındadır”.

Prezident İlham Əliyevin 10 mart 2020-ci ildə Milli Məclisdə açılış nitqini “Yeni Parlament üçün Manifest” adlandıran Zahid Oruc deyib: “Ölkə rəhbəri deputatlara çətin siyasi sınaqlarda necə davranmağı, qlobal və regional gerçəkləri dərindən başa düşməyi və xalqa ləyaqətlə xidmətin  platformasını-proqramını təqdim etdi. Bu, mühüm siyasi hadisə idi, çünki prezident ən çətin şəraitdə yüksək siyasi nüfuzunu parlamentlə bölüşdü və hökumətə-bütün komandasına öz nümunəsində hakimiyyət qolları arasında məsuliyyət bölgüsü və düzgün əməkdaşlıq formulunu növbəti dəfə təqdim etdi”.

Daha sonra millət vəkili qeyd edib ki, parlamentin yeni Sədarəti işə başlayandan bir az sonra, ən azı, 6 ölkənin qanunverici orqanı tamam və bir neçəsinin qismən fəaliyyətini dayandırdıgı şəraitdə Milli Məclis iki vəzifəni -sürətli bir şəkildə strukturlaşmanı və yeni hüquqi-siyasi vəziyyətə uyğunlaşmaq üçün təcili tədbirləri həyata keçirməli idi: “Qısa müddətdə yeni reallıqlara uygunlaşmaq, onlayn platformalarda özünütəşkil, sənədlərin elektron dövriyyəsi və deputatların aydın, koordinasiyalı bir şəkildə informasiya məkanına çıxması yeni Sədarətin səfərbərlik qabiliyyətini göstərdi, əvvəlki idarəçilik ənənələrinə deyil, məhz dəyişikliklərə hazırlığını sübut etdi. Milli Məclis sədrinin ötən 50 gündə xarakteri daha çox insanın gözləri qarşısında açıldı, millət vəkilləri ilə qarşılıqlı hörmət və iclasların aparılmasındakı təmkin özünü göstərdi. Çoxları belə hesab edir ki, əvvəlki kreslonu sadə birisi ilə əvəzləmək adi bir jest, mexaniki bir seçim deyil və Ağstafa rayonunda gənclərlə görüşdə ölkə rəhbərinin xalqa xidmətə yeni idarəçilik mədəniyyəti  gətirmək istəyinə verilən ən yüksək cavab reaksiyasıdır. Təəssüf ki, bütövlükdə Milli Məclisin daxili interyerində dəbdəbəli görüntünü, biznes- klass elementlərini özündə əks etdirən plenar salondakı bütün kresloları dövlətin hazırki siyasi dəyişiklilər dizaynına, məzmununa və yeniliklər fəlsəfinə uygunlaşdırmaq mümkün deyil. Çünki bu, xeyli vaxt və xərc tələb edərdi”.

Fəaliyyətə başlayarkən, Parlamentin yeni rəhbərliyinin qarşısında duran ən böyük sualın “Hansı ənənəyə istinad etməli?” olduğunun vurğulayan deputat daha sonra deyib: “Bizə görə, 1993-cü ildə ən çətin şəraitdə Milli Məclisin sədri seçilən Heydər Əliyevin ölkədə sabitlik yaratmaq üçün məhz burada göstərdiyi siyasi dözümə, fərqli maraqları uzlaşdırmaq bacarığına, demokratikliyə, əks fikirlərə meydan vermək cəsarətinə söykənmək daha doğru olardı. Heydər Əliyev hakimiyyətə 2-ci qayıdışına Milli Məclis rəhbərliyindən başlayarkən, ölkədə xaosu məhz burada – Parlamentdə durdurmağa nail olmuşdu. Əlbəttə, Heydər Əliyevdən əvvəlki və sonrakı sədrlər o mərtəbəyə çata bilməzdilər. Lakin “Parlamenti necə idarə etmək?” sualına cavabı məhz ondan öyrənmək gərəkdir!”

“Bu günlərdə Milli Məclis Aparatının tam tərkibdə buraxılmasına dair imzalanan sərəncam müstəqilliyimizdən keçən son 30 ildə cəsarətli addım olmaqla, prezidentin yeni hakimiyyət quruculugu siyasətinə tamamilə uygundur. Çünki Parlamentin Aparatı hakimiyyətin kadr bankı funksiyasını yerinə yetirməlidir, Administrasiyanın yükünü bölməlidir, hüquqi-siyasi aktların qəbulunda  və beynəlxalq əlaqələr sahəsində millət vəkillərinin ən yaxın köməkçilərinə çevrilməlidir. Ümidvarıq ki, Məclisin Aparatında islahatlar deputatların peşəkar fəaliyyətinə kömək edəcək, hüquqi sənədlərin keyfiyyətinin yüksəlməsinə müsbət təsir edəcək.

Aparatdakı dəyişikliklər düzgün və ədalətli karyera qurmaq baxımından da çox vacibdir. Məsələn, vaxtilə burada çalışan Lətif Hüseynov məhz yüksək peşəkarlıgına görə indi Azərbaycanı Avropa Məhkəməsində təmsil edir, Ceyhun Qaracayev Konstutsiya Məhkməsində, Nizami Səfərovsa hazırda bizim sıralaramızdadır. Yenidən Məclisin Aparatını canlandırmaq, dövlət qulluğunun ali dəyərlərini özündə daşıyan bacarıqlı insanları siyasi mənsubiyyətinə, yaxud imtiyazına görə deyil, məhz bilik və bacarıqlarına, dövlətçilik təfəkkürlərinə görə seçib işə qəbul etmək zamanın tələbidir” – deyə, Komitə sədri çıxışını davam etdirib.

Çıxışı zamanı Zahid Oruc xüsusi vurğulayıb ki, islahatlara qarşı gizli iş aparan, informasiya məkanında onu sabotaj və ya şantaj edənlər olsa da, məqsəd və məram düzgün olduğundan, uğur qazanılacaq: “Milli Məclisdə hörmətli Mehriban xanımın təşəbbüsünə qoşularaq Qanvermə aksiyası keçirmək humanizm və insanlıq nümunəsi idi. Pandemiya dövründə millət vəkilləri Operativ Qərargahın üzvləri ilə birgə çalışaraq yüksək dövlət intizamı və xalqın səfərbərliyində özünəməxsus yer tutdular. Bir sözlə, Parlament ölkədə formalaşan yeni elitaya layiqli insanları təqdim etməyə qadir olmalıdır. Bundan ötrü professionallıq, siyasi və şəxsi əxlaqı yüksək olmaq kifayətdir: vaxtilə Gənclər və Uşaqlar parlamenti kimi yaxşı nümunələr məhz burada yaranmışdı. Millətin balaları gəlib ilk yaşlarından onlara kitablardan öyrədilən hakimiyyət dərslərini əyani olaraq müşahidə edə bilərdilər. Təəssüf ki, o layihələrin hamısı, biz fərqinə varmadan, bitdi və yenidən onları dirçəltmək indi hamımızın vəzifəsidir. Başa düşməliyik ki, məhz Milli Məclisdə sınaqdan çıxarılan siyasi təcrübə dövlət quruculuğunda bir ilkdir. Əgər müxtəlif partiyalar idarəçiliyin bir qolunda müəyyən məsuliyyət bölgüsünü götürməyə səlahiyyət alırsa, bu o deməkdir ki, onlar Parlamentin gələcəyi üçün də cavabdehlik daşıyırlar. Yalnız hakim partiya deyil, indi digər təşkilatlar və siyasi mənsubiyyət daşımayan 40-dan artıq müstəqillər də ölkəmizin gələcəyinə məsuldurlar”.

Komitə sədri daha sonra bildirib ki, cəmiyyətlə bütünləşməyin başqa bir yolu, elmi birliklər və təhsil cəmiyyətləri, 3-cü sektorun, dini idarəmizin və Yazıçılar Birliyinin, bir sözlə, bütün yaradıcı təşkilatların Milli Məclislə birgə çalışmalarını təşkil etməyi bacarmaqdır: “Bu, sayı çox olmayan alimlərimizdən, ziyalılarımızdan yararlanmağın yeganə yoludur. Xalqla bütünləşmək üçün Milli Məclisə daxil olan məktub və müraciətlərin statistikası, keyfiyyət təhlili ictimaiyyətə təqdim olunmalı, onun əsasında qanunvericilik fəaliyyəti, hökumətlə münasibətlər və digər starteji fəaliyyət planları tərtib olunmalıdır. Ulu öndər Heydər Əliyev vaxtilə Prokurorluqda hökm sürən dözülməz münasibətləri aradan qaldrımaq üçün hamının yaxşı xatırladığı və bu günlə səsləşən çağırışını etmişdi: “Pəncərələri açın, qeyri-sağlam ab-havanı təmizləyin. Sağlam hava, sağlam mühit olsun, işləyin!” Parlamentin simasını özünə qaytarmaq hamının birgə işi olmalıdır! Sonda  Prezident İlham Əliyevin bu tribunadan 10 martda etdiyi tarixi çağırışı hər birimiz üçün Məsuliyyət Məcəlləsi adlandırmaq olar. Prezident dedi: “Siz xalq qarşısında cavab verəcəksiz”. Parlament yüksək işi ilə nə qədər uğurlu çalışsa, bir o qədər xalqlaşacaq və dövlətləşəcək!”