XƏBƏR LENTİ

24 Sentyabr 2020
23 Sentyabr 2020

Digər Xəbərlər

04 May 2020 - 17:41

ƏHALİ DTX-dən İCRA BAŞÇILARININ HƏBSİNİ TƏLƏB EDİR:"O "əjdaha"lardan bizdə də var!"

Arif ƏLİYEV

 

Dekabr, 2019 – Ağstafa rayonunun icra hakimi ilə müavini və Yevlax şəhərinin icra başçısı Dövlət Təhlükəsizlik Xidmətinin keçirdiyi əməliyyatlar nəticəsində həbs edildilər.

Fevral, 2020 – Neftçala rayon İcra Hakimiyyətinin başçısı və rəhbər vəzifəli şəxsləri xüsusi xidmət orqanları tərəfindən “iş başında” tutuldular.

Aprel, 2020 – İsmayıllı şəhər İcra Hakimiyyəti rəhbəri və Biləsuvar rayon icra hakimi eyni qaydada yaxalandılar…

Mediada, sosial şəbəkələrdə digər rayonların əhalisinin DTX-ya tələb və yalvarışlı müraciətləri yayılır: “Bizim rayona gəlin, bu “əjdaha”lardan bizdə də var…”

“Əjdaha”lar necə yetişdi?

Bilmirəm, məndən başqa oxuyan olubmu, amma “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə” adlı bir sənəd var ki, onun son variantını dövlət rəhbəri 2012-ci ildə təsdiqləyib. Sənədə görə, yerli icra hakimiyyəti başçıları birbaşa prezident tərəfindən təyin olunurlar və hər başçı ona həvalə edilmiş vəzifələrin yerinə yetirilməsi üçün prezident qarşısında şəxsən məsuliyyət daşıyır.

Bu qaydaya kağızda həmişə əməl olunub. Amma axır vaxtlaradək hər təyinatdan sonra sual yaranırdı: “Təzə başçı kimin adamıdır?” Çünki bütün ölkə məmur-oliqarxlar arasında maraq dairələrinə, “biznes sahələri”nə bölünmüşdü. Bəzən heç suala da ehtiyac qalmırdı. Hamı bilirdi ki, Qəbələ kimindir, Yevlaxda kim söz sahibidir, şimal bölgəsi kimlərin təsir zonasındadır, cənubda kimlər ağalıq edir.

Əlbəttə, rayonların idarəçiliyi şayiələrdə danışılan qədər də bəsit formada baş vermirdi, ancaq “hər başçının öz hamisi” prinsipi boş söhbət deyildi. Hərdən bölgələr arasında “icra başçıları mübadiləsi” aparılırdı və xalq indi də təzə gələni razı salmaq üçün sandığın küncünü-bucağını eşələyirdi.

İlham Əliyev hakimiyyətə keçəndən Azərbaycanda icra başçısının kabinetində qandallanması halı yadıma gəlmir. 66 yaşlı Nizaməddin Quliyev də (Ağstafa İH), 62 yaşlı Mahir Quliyev də (Biləsuvar İH), 61 yaşlı İsmayıl Vəliyev də (Neftçala İH) tutduqları vəzifədə 10-15 illik iş təcrübəsinə malikdirlər. Və təbii ki, korrupsiyaya 60-dan sonra qurşanmayıblar. Amma bir rayondan başqa rayona keçirilib, uzun müddət təhlükə hiss etmədən pullarını yığıblar. Odur ki, son beş ayda, sadaladığımız şəxslər daxil, beş rayon-şəhər rəhbərliyinin gözlənilməz həbsinin arxasında yeni idarəçilik siyasətinin dayandığını görməmək mümkün deyil. İndi İlham Əliyev təzə icra başçılarının təyinatı haqda fərmanlarını televiziya ilə oxutmaqla kifayətlənmir, onları necə qəbul etdiyini və kimə nə tapşırıq verdiyini açıq efirə çıxarır. Dedikləri də təkcə “xalqın qulaqları” üçün deyil, mesajların konkret ünvanları duyulur. Qısa müddətdə, yəqin, nəticələr özünü göstərəcək. Ancaq uzunmüddətli perspektivdə bütövlükdə yerli idarəçilik sistemində ciddi dönüş yaranacağına əmin deyiləm.

Bizə “əjdaha” lazımdırmı?

Azərbaycanın ərazisi 86,600 kvadrat kilometrdir. Bu kiçik dövlətin (işğal olunmuş 20 faiz torpaqlarımız daxil) hər 984 kvadrat kilometrinə isə aparatı, yanındakı orqanları, tabeliyindəki hüquqi şəxsləri, qurumları və çoxsaylı sahə, inzibati-ərazi nümayəndəlikləri ilə birgə bir icra başçısı düşür. Qısası, ölkədə “başçı sıxlığı” var.

İndiki vəziyyətdə Azərbaycanın yerli icra hakimiyyəti orqanları sovet sistemindən qalmış hibrid idarəçilik strukturlarını xatırladır. Həqiqətən də, əhalinin əksəriyyəti bu dövrün icra başçısı ilə o dövrün raykom katibi arasında fərq qoymur.

Yerli icra hakimiyyətləri bələdiyyələrin də, vətəndaş cəmiyyəti təşkilatlarının da, lap elə digər dövlət orqanlarının da işinə az əngəl yaratmır. Onlar bələdiyyələrin, demək olar, bütün funksiyalarını əllərindən alıb. QHT və mediaya isə yerli icra hakimiyyətləri ancaq rayona gedib-gəlmək, orada iş görmək, tədbir keçirməyə icazə almaq üçün lazım olur ki, bu da, hansı üzünə fırlasan, hüquq pozuntusudur. Başımıza çox gəlib. Əlimizdə Mədəniyyət Nazirliyinin lisenziyası ola-ola, biz Yalama şəhidləri haqqında filmimizi icra başçısından icazəsiz heç bir rayonda göstərə bilmədik. İki il əvvəl, Elçin Şıxlının 60 illiyi ərəfəsində, onun – Azərbaycan Jurnalistlər Birliyinin sədrinin kitabını doğma vətəni Qazaxda təqdim etmək istəyimiz alınmadı. İcra Hakimiyyətindən dedilər ki, əvvəl kitabı bizə göndərməlisiniz, oxuyaq, sonra deyərik, icazə verəcəyik, ya yox.

Yerli icra hakimiyyəti orqanlarının hibrid xüsusiyyəti onlar haqqında bayaq xatırlatdığım Əsasnamədə də əksini tapıb. Burada deyilir ki, mərkəzi icra hakimiyyəti orqanlarının yerli qurumları (Daxili İşlər, Fövqəladə Hallar nazirlikləri, Dövlət Təhlükəsizliyi Xidməti, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti istisna olmaqla) ikili tabelikdədir – yəni, “onlar həm müvafiq mərkəzi icra hakimiyyəti orqanına, həm də yerli icra hakimiyyətinin başçısına tabedirlər”.

İkili tabeçilik, paralellik ümumiyyətlə, uğurlu idarəçilik forması deyil. Amma, görünür, yerli icra hakimiyyətlərinə ona-buna icazə verməkdən başqa iş tapmağın ayrı çarəsi qalmayıb. Təcrübədə isə mərkəzi dövlət orqanları özləri belə qaydanın törətdiyi fəsadlarla tez-tez üzləşməli olurlar. Vaxtaşırı gah bu, gah digər nazirliklə yerli icra hakimiyyətləri arasında məktəb, xəstəxana, klub, idarə rəisi təyin etmək üstündə qovğa çıxır. Hələ mən rayonlarda polis rəisi – icra başçısı, prokuror – icra başçısı intriqalarının yaratdığı gərginliklərdən danışmıram. Gəncədə, Qubada bu intriqalar kütləvi etirazlara da səbəb olmuşdu.

10 başçı niyə 88 başçıdan yaxşıdır?   

Azərbaycan boyda ölkənin 1606 bələdiyyəsi ilə yanaşı, 10 şəhər, 14 şəhər rayonu və 64 kənd rayonu icra hakimiyyəti orqanı var. Üst-üstə 88 icra başçımızın fəaliyyətini 249 müavin və təxminən 3700 nəfərlik ştatlı aparat işçiləri dəstəsi təmin edir. Hələ başçıların sahə, şəhər, qəsəbə, kənd inzibati ərazi dairələri üzrə hərəsi 7 nəfərdən ibarət yüzlərlə, bəlkə minlərlə nümayəndəliyini bura əlavə edəndə qorxunc rəqəm alınır.

Problem ilk dəfə deyil ki, gündəmə gəlir. Müzakirələrdə onun bir neçə həlli yolu təklif edilib. Mən də bu barədə yazmışam, idarəçiliyin optimallaşdırılması üzrə mütəxəssislərin rəylərini öyrənmişəm. Təkliflərdən ən ağlabatanı çoxsaylı yerli icra hakimiyyəti orqanlarını birdəfəlik buraxmaq, Azərbaycanın 10 iqtisadi rayonu üzrə yeni icra hakimiyyəti strukturları yaratmaqdır. Bu, bir tərəfdən, ölkədə bürokratik aparatı sadələşdirməklə korrupsiya riskini kəskin azaldar, xeyli büdcə vəsaitinə qənaət etməyə imkan verər, digər tərəfdən, vətəndaş cəmiyyətinə, yerli biznesə təzyiqi yüngülləşdirməklə, nəhayət, bələdiyyələrin də canlanmasına şərait yaradar.

Ehtimal etmək olar ki, 2016-cı ildə hökumət özü də belə bir qərara yaxın olub. Hər halda, neftin ucuzlaşması fonunda 2017-ci ildə rayon icra hakimiyyətlərinə ayrılan vəsaitlərin yarıbayarı azaldılması, mətbuata sızan məlumatlar buna ümid yaradırdı. Sonra yenə neft bahalaşdı, idarəçilikdə islahat həvəsi ötüb keçdi.

Amma bu həna o hənadan deyil. Koronavirus neft erasını özü ilə aparmağa gəlib. Korrupsiyaya, bürokratiyaya, səmərəsiz xərclərə əlavə şərait yaradan nəyimiz varsa, ona qoşub göndərməklə itkilərimizi azalda bilərik.

Əks halda, bunların qarşısını almaq üçün DTX hələ çox rayona reyd etməli olacaq.

Pressclub.az