XƏBƏR LENTİ

30 Sentyabr 2020

Digər Xəbərlər

08 May 2020 - 20:25

Kestutis Yankauskas:"Aİ "Şərq Tərəfdaşlığı" ölkələrinin ideya və gözləntilərini öyrənir"

“Avropa İttifaqı (Aİ) “Şərq Tərəfdaşlığı” ölkələrinin bu əməkdaşlıq barədə ideyalarını və gözləntilərini öyrənir”.

Bunu Aİ-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas Gənc Avropa Səfirləri ilə virtual müzakirə zamanı deyib.

O qeyd edib ki, martın 18-də Avropa Komissiyası “Şərq Tərəfdaşlığı”nın gələcəyi ilə bağlı Kommunikasiya qəbul edib. Həmçinin bu il tərəfdaş ölkələrlə nazirlər səviyyəsində və sammit səviyyəsində görüşlərin keçirilməsi planı var idi: “Bu plan hələ də qüvvədədir. Lakin hazırkı vəziyyətlə əlaqədar biz bilmirik ki, bu görüşləri nə zaman üz-üzə keçirəcəyik və yaxud bu görüşlər virtual formada haçan baş tutacaq. Biz bu barədə düşünürük”.

O qeyd edib ki, Aİ “Şərq Tərəfdaşlığı” siyasətində bütün tərəfdaşların istəklərini, gözləntilərini nəzərə almağa çalışır: “Bəzi ölkələr var ki, onlar bu tərəfdaşlıqda daha irəli getmək istəyir, iqtisadi sahədə və həmçinin Aİ-nin özü ilə dərin inteqrasiyaya üstünlük verir. Lakin elə ölkələr də var ki, onlar fərqli əməkdaşlıq istəyir. Məsələn, Azərbaycan əməkdaşlıqda xüsusilə əlaqəlilik aspektini vurğulayır. Mən sizi əmin edə bilərəm ki, “Şərq Tərəfdaşlığı” siyasəti davam edəcək. Bu tərəfdaşlıq çərçivəsində iqlim dəyişikliyi, enerji sahəsində əməkdaşlıq və s. kimi müxtəlif proqramlar həyata keçirilir və keçiriləcək. İndi “COVID-19” dünyanın hər bir yerində, o cümlədən Brüsseldə və Bakıda gündəlikdə olan məsələdir. Bu, qısamüddətlidir və bunun öhdəsindən gələcəyik. İnanıram ki, bir və ya iki aydan sonra biz yenidən bir araya gəlib bu proqramları davam etdirəcəyik”. (apa)