XƏBƏR LENTİ

25 Sentyabr 2020

Digər Xəbərlər

11 May 2020 - 14:47

“İcra strukturlarının bütün təbəqələrində “təmizləməyə” ehtiyac var” –Deputat və partiya sədrindən son həbslərə reaksiya

“Azərbaycanda rüşvətxorluğa və korrupsiyaya qarşı aparılan mübariz davam etdirilməli və məmur özbaşınalığına son qoyulmalıdır”.

Strateq.az xəbər verir ki, bunu “Report”a açıqlamasında Demokratik İslahatlar Partiyasının sədri, deputat Asim Mollazadə deyib.

Onun sözlərinə görə, rüşvətxor məmurlara Azərbaycan ərazisində yer olmamalıdır:

“Hesab edirəm ki, icra strukturlarının bütün təbəqələrində “təmizləməyə” ehtiyac var. Əminəm ki, rüşvətxorluğa və korrupisyaya qarşı aparılan mübarizə prosesi davam edəcək”.

O, Azərbaycanda həyata keçirilən kadr islahatlarını yüksək qiymətləndirib: “Düşünürəm ki, ən azı bu islahatlara böyük ehtiyac var. Bu proses artıq başlayıb”.

Asim Mollazadə həmçinin Kamran Əliyevin Azərbaycanın Baş prokuroru təyin edilməsinə də münasibət bildirib:

“Kamran Əliyevi tanıyıram. O, savadlı və peşəkar biridir. Ümidvaram ki, Azərbaycanın yeni Baş prokuroru korrupsiya ilə mübarizə strategiyasını çox fəal həyata keçirəcək”.

Azərbaycan Sosial Demokrat Partiyasının sədri Araz Əlizadə isə deyib ki, bu gün Azərbaycanda korrupsiyaya və rüşvətxorluğa qarşı mübarizə gücləndirilib:

“Respublikasının bədənində olan bu xərçəng xəstəliyi kəsilib atılır. Hesab edirəm ki, bu, sağlamlığa doğru bir hərəkətdir. Mən bunu təqdirəlayiq hal kimi qiymətləndirirəm”.

Partiya sədri həyata keçirilən kadr islahatlarından da danışıb: “Yeni kadrların vəzifəyə gətirilməsini ancaq təqdir etmək olar. Ancaq bununla belə təyin olunan kadrlara da nəzarət lazım və vacibdir. Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən Yevlax şəhərinin və Ağstafa, Biləsuvar, İmişli və Neftçala rayonlarının icra hakimiyyəti başçılarının həbs edilməsi, habelə bir sıra şəhər-qəsəbə icra nümayəndələrinin cinayət məsuliyyətinə cəlb olunması və s. onu göstərir ki, sərt nəzarət olmadıqda insanlar çaşırlar”.

Araz Əlizadə həmçinin Azərbaycanın yeni Baş prokuroru haqqında müsbət fikirlərə malik olduğunu deyib:

“Azərbaycanda korrupsiyaya qarşı mübarizənin gücləndiyi bir vaxtda Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin keçmiş rəisi Kamran Əliyevin Azərbaycanın Baş prokuroru vəzifəsinə təyin edilməsini müsbət qarşılayıram”.