XƏBƏR LENTİ

20 Sentyabr 2020
19 Sentyabr 2020
18 Sentyabr 2020

Digər Xəbərlər

13 May 2020 - 00:22

Fazil Mustafa yazır:"Loto və dominonun kitabdan çox alındığı məmləkətin gələcəyi"

Fazil MUSTAFA

BQP sədri, Milli Məclisin deputatı

 

Dünən ticarət sektorunda olan dostlardan biri ilə söhbət edirdim. Bu adamların həm də Rusiya bazarları ilə əlaqələri var, oradan da mal alıb böyük market şəbəkəsində satırlar. Soruşdum ki, koronavirus təcridetmələri başlayan vaxtdan Rusiyada və bizdəki supermarketlərdə ən çox hansı malların satışı önə çıxıb?

Bildirdi ki, Moskvadakı dostları onların obyektində ən çox satılan malların araq, siqaret və oyun kartı olduğunu söyləyirlər. Bakıda isə konkret supermarketdə ən çox satılan lotodominodur.

Marağımı çəkdi, demək ki, insanlar koronavirus təcridetmələrində vaxtlarını öldürmək üçün qapandıqları yerlədə daha çox bu iki oyuna üstünlük verirlər. Bəs Moskvada olduğu kimi, bizdə arağa və siqaretə niyə tələbat azalıb?

Xatırladım ki, ilkin təbliğat aparılan zamanlarda xüsusi olaraq həkimlər tərəfindən vurğulanırdı ki, siqaretlə spirtli içki immuniteti aşağı saldığından, bu ərəfədə istifadə etmək məqsədəuyğun deyil və hətta ciddi təhlükə yarada bilər. Bu da nəticəsi – millət loto və domino üzərindən sağlamlığını qorumağa qərar vermiş. 

Tam rasional düşünən insanlarıq. Ruslarda sərt təbiət faktoru olduğuna görə, onların dirənişi araq və siqaretlədir, bunu anlamaq elə də çətin deyil. Onlar, görünür, təsəvvürlərində koronavirusa qarşı mübarizəyə də 2-ci Dünya Müharibəsində almanların hücumunu dəf etmək psixologiyasının davamı olaraq, indi də amerikanların və ya başqa düşmənin hücumu kimi yanaşırlar və ənənəvi olaraq, araqla ona da qalib gələcəklərini zənn edirlər.

Xeyli sevindim ki, bizdə, heç olmazsa, koronavirus qorxusundan araqdan və siqaretdən, az da olsa, uzaqlaşma konkret alıcılıq statistikasında özünü göstərir.

İş elə gətirdi ki, dünən mədəniyyətimizin ən bariz göstəricisi olan zirzəmiyə yerləşmiş “Bukinist mağazası”na axşama yaxın baş çəkməli oldum və əllidən artıq köhnə rus nəşrlərini endirilmiş qiymətə aldım. Satıcı dostumuzdan soruşdum ki, bu saata qədər alveriniz olubmu? Söylədi ki, siftəmizi siz verdiniz.

Loto və dominonun kitabdan çox alındığı məmləkətdə gələcəyin nikbin planlarını qurmağa qətiyyən tələsməyək. Çünki koronavirusun başını götürüb getdiyi məkanda loto və daminonun ardınca ən çox satılan yenə də siqaret və araq olacaqdır. 

Allah bütün insanlarımzın Ramazan orucunu qəbul etsin, əbədi kitab oxuma orucumuza görə isə başımıza loto və domino daşları yağdırsın!

Dünya tarixində xoş dua ilə bəd duanın mükəmməl sintezini beləcə qurmuş oldum.