Türkiyədəki azərbaycanlı namizədlərə ölkəmizdən dəstək olacaqmı?
İyunun 7-də Türkiyədə parlament seçkiləri keçiriləcək. 31 siyasi partiyanın iştirak edəcəyi seçkilərdə artıq namizədlər müəyyənləşib. 50 ildən sonra ilk dəfə olaraq, namizədlər sırasında 4 erməninin də adı var. Azərbaycan əsilli namizədlər bu seçkilərdə ermənilərə nisbətən çoxluq təşkil edirlər.
MHP ilə yanaşı AKP və kürdlərin partiyası sayılan HDP-nin də azərbaycanlı namizədləri var. Heç şübhəsiz ki, bu namizədlər sırasında ölkəmizdə daha yaxından tanınan, sevilən, Azərbaycana daim hörmət, sevgi göstərən iki ünlü ad var. Bunlar MHP-nin İstanbuldan deputatlığa namizədi Atilla Kaya və İqdırdan namizədi İsa Yaşar Tezeldir.
Maraqlıdır ki, hazırda Ermənistan mətbuatı və cəmiyyətində erməni namizədlərə ciddi dəstək var. Azərbaycandan isə namizədlərimizə dəstək olduqca zəifdir.

Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Gülağa Aslanlı seçkilərdə qanunlar çərçivəsində azərbaycanlı namizədlərə hər cür dəstək verəcəklərini bildirdi: “Biz Türkiyədə keçiriləcək parlament seçkilərini diqqətlə izləyirik. MHP ilə müəyyən əlaqələrimiz var. Xüsusilə, İsa Yaşar Tezel ilə bağlı bizim sona qədər dəstək vermək düşüncəmiz var. Bu istiqamətdə müəyyən işləri görürük. Əgər Türkiyə qanunları icazə verərsə, biz onların həm seçki təbliğatında, həm seçki günü müşahidəçi qismində iştirak etmək niyyətimiz var. Bunu İsa Yaşar Tezel və digər müxalifət nümayəndələrinin diqqətinə çatdırmışıq. Mən mayın 8 və 9-da İstanbulda olmuşam. Siyasi məsləhətçilərin Avropa Asossasiyasının 20-ci qurultayında iştirak edərkən dəstəyimizi bildirmişəm. Biz MHP-nin namizədi İsa Yaşar Tezelin namizədliyini dəstəkləyirik. Türkiyə qanunları icazə verərsə, bütün hüququ yardımları göstərməyə hazırıq”.

KXCP sədri Mirmahmud Mirəlioğlu MHP rəhbərliyinə təkliflər verdiklərini bildirdi: “MHP-nin son qurultayında biz öz təkliflərimizi verdik. Türkiyə Cümhuriyyətinin Anayasa Məhkəməsi var. Eyni zamanda, Azərbaycan qanunları mövcuddur. Bunlar çərçivəsində belə məsələlərin reallaşmasının qanunla bir sıra məhdudiyyətləri var.
Təbii ki, biz təkcə Azərbaycan türkü olan MHP-nin namizədlərini yox, bütün MHP iddiaçılarını dəstəkləyirik. 7 iyunda nə olacaqsa, Türkiyə və Azərbaycan, millətlərimiz üçün uğurlu olsun. Biz inanırıq ki, MHP-nin namizədləri güclüdür. Onların güclərinə, qələbə qazanacaqlarına inanırıq. KXCP və MHP münasibətləri o səviyyədədir ki, heç kəsin etmədiyini edirik, nəzərdə tutmadığını həyata keçiririk. Bunlar qarışıqlı olaraq olur”.

Böyük Quruluş Partiyasının sədri, deputat Fazil Mustafa bir sıra namizədlərə dəstək verməyin vacib olduğunu söylədi: “Dəstək verməyin özü siyasətdə birmənalı qarşılanmır. çünki Türkiyədə bizim duyğuları paylaşan çoxlu sayda Anadolu insanı var. Buna görə bir qədər çətindir. Bundan əlavə, Azərbaycan gündəminin Türkiyədə daha aktiv şəkildə saxlanılması üçün bir sıra namizədlərə dəstək verməyimiz vacibdir. Xüsusilə, İqdırdan namizəd olan şəxslər üzərində söz-söhbət gedir. Buradan İsa Yaşar Tezel iddiasını irəli sürüb. çox dəyərli, mübarizə yolu keçmiş bir şəxsdir. Türkiyə auditoriyasına hansısa bir şəkildə təmasımız dəstək vermək üçün yetərli olmaz. çünki yerli səviyyədə insanların yanaşmasından asılı olacaq. Mediada dəstək ola bilər. Hər halda bu dəstək görünür.
Sosial şəbəkələrdəki statuslarımda təkliflər vermişəm. Amma oradakı proseslərə qarışmaq kimi, hüququ maneələrdə var. Buna görə dəstəyimizi Türkiyə cəmiyyətinə media vasitəsilə etməyimiz daha doğru olardı. Onlar haqqında məlumat vermək, tanıtmaq istiqamətində müəyyən işlər görmək olar. Ancaq bu imkanları real sayıram. Hər halda azərbaycanlı namizədlərin qalib gəlməsi ölkəmizin xeyrinə ola bilər”.
musavat.com