XƏBƏR LENTİ

26 Sentyabr 2020
25 Sentyabr 2020

Digər Xəbərlər

16 İyun 2020 - 18:33

COVID-19-la mübarizədə Azərbaycan modeli… –Ləman Yüzbaşova yazır

Ləman Yüzbaşova,

Biləsuvar rayon İcra Hakimiyyəti başçısının müavini,

İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri,

YAP Biləsuvar rayon təşkilatı Qadınlar Şurasının sədri

***

Məlumdur ki, bu gün dünya pandemiya ilə mübarizə aparır. Güclü iqtisadiyyatı və fövqəlgücə malik dövlətlər, arroqant dövlətlər gözəgörünməz bəla qarşısında artıq öz acizliyini etiraf edirlər.

Bütün dünya ölkələri və xalqları pandemiya qarşı birgə mübarizədə səfərbər olaraq, həmrəylik çağırışlarına qoşulublar.  Bütün cəmiyyətin həyat tərzinin dəyişməsinə gətirib çıxaran virus artıq sərhəd tanımır. Məhz bu səbəbdən  hazırda dünyada koronavirusa (COVİD-19)  yoluxanların  sayı artıq 7,1 milyon nəfəri keçmişdir və hər gün artan tendensiyanın şahidi oluruq. Dünyasını dəyişənlər və sağalanlar arasında ciddi diferensiallıq hiss olunmaqdadır.

COVİD-19-a  yoluxma sayına görə, ABŞ birinci yerdədir. Güclü infrastruktura, peşəkar tibb personalına, tibbi-texniki bazaya malik olan  digər dövlətlər də  ABŞ nümunəsinə  bənzər alternativ nəticələri bölüşürlər. Hətta  Azərbaycanla həmsərhəd olan ölkələrdə də  bu artım tempi izlənilir. Sevindirici haldır ki, Azərbaycanda digər ölkələrlə müqayisədə virusa yoluxanların sayı  və onların sağalma indeksində müsbət dinamika var. Koronovirusla mübarizədə əldə olunan uğurların səbəbi  Azərbaycan respublikasının Prezidenti cənab İlham Əliyevin təşəbbüsü və dəstəyi ilə  hökumət tərəfindən həyata keçirilən preventiv tədbirlərdir. 2020-ci il fevral ayında ölkədə ilk yoluxma halı qeydə alındıqdan sonra virusun törədə biləcəyi fəsadların qarşısının alınması,  virusa yoluxanların vaxtında  aşkarlanması, tibbi profilaktik tədbirlərin həyata keçirilməsi məqsədilə Nazirlər Kabineti yanında  Operativ Qərargah yaradıldı. Ölkə başçısı  dünyanın COVİD-19 pandemiyası ilə üzləşdiyi bir vaxtda problemə çevik münasibəti,  qətiyyətli mövqeyi,  respektiv addımları,  risklərin  zamanında dəyərləndirilməsinə yönələn uğurlu qərarları , xalqa “Biz birlikdə güclüyük” sosial çağırışı pandemiyanın yayılmasında  sipər  oldu, görülən tədbirlər  xalq-dövlət birliyinin “düşmənlə”  mübarizədə gücünü bir daha göstərdi. Bu isə hökumət və  cəmiyyətin birgə fəaliyyət mexanizmində düz mütənasibliyin olmasından irəli gəlir.

Pandemiyaya qarşı təxirəsalınmaz addımlar atıldı. Prezident İlham Əliyevin təşəbbüsü ilə pandemiyaya qarşı bir sıra sosial- iqtisadi tədbirlərin həyata keçirilməsinə başlanıldı.Belə ki, koronavirusla mübarizənin ön sıralarında çalışan tibbi heyətinin həyat şəraitinin yaxşılaşdırılması məqsədilə əmək haqları 3,4,5 dəfə artırıldı. 3 mart tarixindən başlayaraq bütün təhsil müəssisələrində tədris, təlim-tərbiyə prosesi dayandırıldı.    2020-ci ilin 19 mart tarixində Koronavirusla Mübarizəyə Dəstək Fondu yaradıldı. Dəstək Fondu bu istiqamətdə dünyada ilk dəfə Azərbaycanda təsis edildi. İlkin olaraq Prezidentin ehtiyat fondundan 20 milyon manat vəsait ayrıldı. Xalqımızın milli həmrəyliyi və dəstəyi ilə fonda 100 milyon manatdan atrıq vəsait toplandı.Ölkə Prezidenti və xanımı Mehriban Əliyeva 1 illik  əmək haqlarını fonda ianə etdilər. Pandemiya nəticəsində işsiz qalan vətəndaşlara birdəfəlik yadımlar edildi. Xarici ölkələrdə müvəqqəti yaşayan 15 mindən çox vətəndaşların ölkəyə təxliyəsi təmin olundu, yaşı 65-dən yuxarı olan 176 məhkum azadlığa buraxıldı. Azərbaycan Respublikasında COVİD-19 pandemiyasının geniş yayılması və törədə biləcəyi fəsadların qarşısının alınması istiqamətində zəruri tədbirlərin icrasında əhalinin sosial müdafiəsinin gücləndirilməsi dayanır. Cənab Prezidentin dediyi kimi həyata keçirilən bütün tədbirlərin əsasında iqtisadi amildən də vacib əsas insan amili dayanır. Heydər Əliyev Fondunun təşəbbüsü ilə respublikamızın bütün şəhər və rayonlarında yaşayan aztəminatlı, yaşı 65-dən yuxarı tənha və kimsəsiz yaşlılara, əlillərə  sosial xidmətlər  göstərilmiş, humanitar aksiyalar,qanvermə aksiyaları  həyata keçirilmişdir.

Bütün bu qabaqlayıcı tədbirlərin yaratdığı effektiv nəticələrə görə Ümumdünya Səhiyyə Təşkilatının baş direktoru Tedros Adhanom Gebreyesus  Azərbaycan prezidentinə ünvanlanmış məktubda pandemiyanın təsir gücünü minimallaşdırılması və virusun yayılma miqyasının məhdudlaşdırılması istiqamətində yürütdüyü siyasəti  təqdir etdiyini bildirmişdir.

Eyni zamanda  Azərbaycan fərdi qaydada dünyanın  14 ölkəsinə  humanitar yardım göstərmişdir. Əlavə ÜST-ün xətti ilə Qoşulmama Hərəkatına üzv olan humanitar yardıma ehtiyacı olan 15 ölkəyə yardım göstərmişdir. ÜST-ün baş direktoru Azərbaycan hökumətinə və xalqına ÜST-ə 5 milyon dollar həcmində maliyyə dəstəyinə görə minnətdarlığını bildirmişdir.

Ölkə Prezidenti  Koronavirusla (COVİD-19) mübarizədə dünya birliyini daim  vahid mövqedən çıxış etməyə səsləyir. Prezidentin təşəbbüsü və sədrliyi ilə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının, habelə Qoşulmama Hərəkatının Təmas Qrupu formatında Zirvə görüşlərinin keçirilməsi bu Hərəkata və Ümumdünya Səhiyyə Təşkilatına üzv olan  yardıma ehtiyacı olan dövlətlərə maddi yardım göstərilməsi Azərbaycanın beynəlxalq arenada etibarlı tərəfdaş ölkə olmasının bariz nümunəsidir. Cənab prezident video konfransda ümumbəşəri bəlaya çevrilən bu virusa qarşı mübarizədə insanların sağlamlığının və sosial müdafiəsinin təmin edilməsinin vacibliyini vurğulamış, bütün üzv dövlətləri birgə əməkdaşlığa, qarşılıqlı dəstəyə çağırmışdır.

Təxirəsalınmaz tədbirlərin nəticəsi olaraq  müqayisəli təhlillər pandemiya ilə mübarizədə vəziyyəti qiymətləndirməyə əsas verir. İyun ayının 9-da Azərbaycan Prezidenti birinci xanım Mehriban Əliyeva ilə birgə  iştirak etdiyi  3 modul tipli xəstəxananın açılışında demişdir: “Dünyada baş verən hadisələrə və bir çox inkişaf etmiş ölkələrdə koronavirusla bağlı acınacaqlı vəziyyətə baxdıqda bir daha görürük ki, Azərbaycan bu sahədə də öz modelini ortaya qoyub və bütün hədəflərə ardıcıllıqla, məqsədyönlü şəkildə çata bilib.Əlbəttə ki, mən bizi başqa ölkələrlə müqayisə etmək fikrində deyiləm.Ancaq dünyada hər şey müqayisə ilə deyilir.Misal üçün bu günə qədər Azərbaycanda yoluxanların sayı 8 minə qədərdir, 350 mindən çox test keçirilib və adambaşına testlərə görə birinci yerdəyik.Ancaq qonşu Ermənistanda yoluxanların sayı 13 mini ötüb və testlərin sayı bizdəkindən 5-6 dəfə azdır. Nəzərə alsaq ki, Ermənistan əhalisi Azərbaycan əhalisindən  5 dəfə azdır, mənzərə tam aydındır.Əgər mən bu gün də yüzlərlə təşəkkür məktubu alıramsa, Ermənistan rəhbərliyi yüzlərlə lənətlə dolu çağırışlar eşidir”.

Pandemiya qarşı  mübarizədə bir sıra məhdudiyyətlərin yumşalmasına baxmayaraq, ,  hər bir Azərbaycan vətəndaşı sosial məsuliyyətini dərk etməli, tətbiq edilən qaydalara riayət etməli, Prezidentin “Biz birlikdə güclüyük” şüarı ilə xalq-dövlət tandemini daim yaşatmalıdır.

Strateq.az