XƏBƏR LENTİ

05 Avqust 2020
04 Avqust 2020

Digər Xəbərlər

02 İyul 2020 - 15:45

Aİ Komissarı:“Bu çətin anlarda “Şərq Tərəfdaşlığı” regionundakı tərəfdaşlarımızın yanındayıq”

“Avropa İttifaqı (Aİ) COVID-19 pandemiyasının səbəb olduğu bu çətin anlarda “Şərq Tərəfdaşlığı” regionundakı tərəfdaşlarının yanındadır”.

Bunu Aİ-nin Qonşuluq və Genişlənmə üzrə Komissarı Oliver Varhelyi ilk dəfə olaraq virtual formatda keçirilən “Şərq Tərəfdaşlığı” Gənclərinin İştirakçılığına dair Sammitdə deyib.

O bildirib ki, Aİ regiondakı tərəfdaşlarının vacib səhiyyə ehtiyaclarına cavab vermək və iqtisadi bərpa prosesinə kömək etmək üçün əhəmiyyətli bir dəstək paketi təqdim edib: “Region ölkələrinə dəstək çatdırılarkən biz həmrəyliyin və əməkdaşlığın şahidi olduq. Bu gün mən Avropa İttifaqının “Şərq Tərəfdaşlığı” ölkələrinin vətəndaşları arasında ən etibarlı xarici institut olduğunu söyləməkdən məmnunam. Bu həmrəylik və dayanıqlıq ruhunu, eləcə də gənclərin rolunu ötən ay baş tutan Aİ-nin 27 üzv ölkənin və “Şərq Tərəfdaşlığı” ölkələri liderlərinin qatıldığı videokonfransda müzakirə etdik”.

O. Varhelyi “Şərq Tərəfdaşlığı” ölkələrinin virtual sammitində gələcək üçün hədəflərin müzakirə olunduğunu qeyd edib: “Biz iqtisadiyyat, əlaqələnmə, yaşıl transformasiya, rəqəmsallaşma, eləcə də ədalətli və inklüziv cəmiyyətlər sahəsində əməkdaşlıq etməyə razılaşdıq. Bunların hamısı gələcək üçün vacib sahələrdir. Gənclərin bu sahələrdə müəyyən payı və rolu var. Ermənistan, Azərbaycan, Belarus, Gürcüstan, Moldova və Ukraynada gəncliyin gücləndirilməsi Aİ üçün prioritetdir və gələcək illərdə də prioritet olaraq qalacaq. Gəncliyə investisiya hər zaman ən yaxşı sərmayədir. Gənclər üçün əmək bazarının tələbləri və tələb olunan bacarıqların təminatı üçün hökumətlərlə birlikdə yeni əməkdaşlığa başlayacağımızı bildirməkdən məmnunam. Bu, gənclərin qlobal miqyasda rəqabətə davamlı olmasına imkan yaradacaq və həm də onların regionda yüksək keyfiyyətli iş tapmalarına imkan verəcək. Bundan əlavə, “Erasmus+” da daxil olmaqla, mobillik və mübadilə proqramlarını inkişaf etdirəcəyik. Bu proqramlar çərçivəsində 2025-ci ilə qədər 25 000-dən çox tələbə, tədqiqatçı, müəllim və 75 000 gənc və gənc işçi üçün mobillik imkanları təqdim etməyi hədəfləyirik. Gənclər Şuraları vasitəsilə şəbəkə quraraq gənclərin liderliyini və siyasi qərarvermə proseslərində aktiv iştirakını dəstəkləyəcəyik”.

APA