XƏBƏR LENTİ

05 Avqust 2020

Digər Xəbərlər

08 İyul 2020 - 22:48

Fazil Mustafa parlamentdəki videokonfransdan yazdı:"Dialoq siyasi münasibətlərə təsirini hökmən göstərəcək"

Fazil MUSTAFA,

BQP sədri, Milli Məclisin deputatı

 

Prezident Administrasiyasının Parlamentlə əlaqələr və siyasi partiyalarla iş şöbəsinin müdiri Ədalət Vəliyevin Milli Məclisdə təmsil olunan siyasi partiya rəhbərləri ilə videokonfrans formasında 07 iyul 2020-ci il tarixli dialoq-görüşü bir daha dövlətin siyasi partiyalara verdiyi önəmin təsdiqi sayıla bilər.

Burada iştirak edən Milli Məclisin sədri Sahibə Qafarova və 9 partiya nümayəndəsi, ölkə prezidentinin təmsilçisi ilə birlikdə kifayət qədər geniş və fərqli mövzular üzərindən maraqlı müzakirə apardılar.

Qeyd edək ki, bu, Milli Məclisdə təmsil olunan siyasi partiyalarla ikinci geniş formatda görüş idi. Hələ mart ayında Milli Məclis yenidən formalaşanda, Ədalət Vəliyevin təşəbbüsü ilə belə bir görüş keçirilmişdi və orada siyasi partiyaların parlamentdə fəaliyyətinin daha da genişlənməsi və aktivləşməsi məsələləri müzakirə olunmuşdu.

Bu görüşə qədərki mühit artıq müzakirələrin formatının səmərəli olacağını ehtiva edirdi. Çünki Prezident Administrasiyasının şöbə müdiri Ə.Vəliyev, demək olaraq ki, dialoq çağırışına cavab verən bütün partiya rəhbərləri və ya təmsilçiləri ilə ayrı-ayrılıqda görüşərək, həm onların problemləri, həm də ölkənin aktual məsələlərinə münasibətləri barədə müzakirə aparmışdı.

Maraqlıdır ki, dünənki videokonfransda Ə.Vəliyev bir maraqlı məqama diqqət çəkdi: sonuncu siyasi partiya Azərbaycanda 2011-ci ildə qeydə alınıbmış. Lakin bu ilin son üç ayında 7 partiyanın qeydə alınması özlüyündə dialoqun konkret nəticələrindən sayıla bilər.

Digər tərəfdən, ötən müddətdə Milli Məclisdə təmsil olunan siyasi partiya nümayəndələrinin Milli Məclis rəhbərliyində, komitə sədri və komitə sədrinin müavini vəzifələrində təmsil olunması da məhz bu dialoq prosesinin nəticəsində mümkün olmuşdur.

Pandemiyanın yaratdığı obyektiv çətinliklər bu istiqamətdə çalışmaların tempini müəyyən dərəcədə azaltmış olsa da, proses davamlı xarakter daşıyır, vaxtaşırı həm parlamentdə təmsil olunan, həm də parlamentdən kənarda fəaliyyət göstərən siyasi partiyalarla hakimiyyət təmsilçiləri arasında konstruktiv müzakirələr davam etməkdədir.

Videokonfransda Milli Məclisin sədri xanım Sahibə Qafarova və Prezident Administrasiyasının şöbə müdiri Ədalət Vəliyev tərəfindən gerçəkləşdirilən açılış çıxışının ardından bütün siyasi partiya rəhbərləri pandemiya dövründə yaranan problemlərə, iqtidar-müxalifət münasibətlərinin indiki vəziyyətinə, görüşlərin gələcək formatına öz münasibətlərini ortaya qoydular.

Təklif olundu ki, görüşün yekunu olaraq siyasi partiyalar tərəfindən birgə bəyanat qəbul edilsin və bu təşəbbüs hamı tərəfindən bəyənildi.

Müzakirə zamanı Böyük Quruluş Partiyasının başqanı olaraq, daha çox pandemiya dövründə siyasi partiyaların fəaliyyəti üzərində dayandım. Bütün siyasi partiyaların bu ağır günlərdə öz təşəbbüs və təklifləri ilə vətəndaşların sağlamlığının qorunması, hökumətin gördüyü tədbirlərin dəstəklənməsi, prosesin qanunvericilik bazasının çevik tənzimlənməsi istiqamətində çalışmalarının qaneedici olduğunu bildirdim. Milli Məclisdə müzakirə mühitinin demokratikləşməsinin siyasi partiyaların fəaliyyətində də bir canlanma yaratdığını vurğuladım.

Bu kimi müsbət məqamlarla yanaşı, neqativ təzahürlərə də diqqət yetirdim. Bu, ilk növbədə partiyaların bir siyasi orqanizm kimi, proseslərdə aktiv rol ala bilməməsi, daha çox onların rəhbərlərinin fərdi fəaliyyətinin qabarıq olması ilə bağlı idi.

Parlamentdə “Siyasi müxalifət haqqında” Qanunun qəbul olunmamasının da partiyaların inkişafına mənfi təsir göstərdiyini vurğuladım.

Qanunvericiliyin tələblərinə görə, daha çox “parlament azlığı” ifadəsi populyardır. Bu isə, siyasi baxımdan, natamamlıq yaradır. Çünki burada mandat qazanmış 8 partiyadan bir neçəsi iqtidaryönlü olduğunu bəyan etmiş, haradasa 4 partiya müxalifət partiyası olduğunu bildirmişdir. Belə bir durumda iki siyasi terminin gündəmə gətirilməsi siyasi müxalifətin çərçivəsinin müəyyənləşdirilməsi baxımından önəmlidir: parlament müxalifəti və parlamentdənkənar müxalifət.

Bu müdəalar qanunvericilikdə öz əksini tapmalıdır və siyasi partiyaların fəaliyyəti də bu çərçivə qanunu ilə tənzimlənməlidir.

Digər tərəfdən, siyasi partiyaların sosial şəbəklərdə rolunun xeyli əhəmiyyətsiz olduğu, buradakı qaragüruhçu zehniyyətə qarşı nə hakim partiyanın, nə də digər siyasi partiyaların təsir gücünün ortaya qoyulmaması faktına da diqqət yönəltdim.

Dialoqdan kənarda qalmanı düşünən siyasi qüvvələrin davranışlarının da ilk öncə onların üzlərinə mənfi imic gətirəcəyini vurğulayaraq, bu çətin günlərdə dövlətə qarşı barışmazlıq sindromunun davam etməsinin zərərli nəticələrini göstərməyə çalışdım. Bu formatda görüşlərin davam etməsinin, ölkə həyatının aktual mövzularının siyasi partiyalarla birgə platformada müzakirəsinin faydalı olacağını diqqətə çatdırdım.

Çıxışımın ana tezisi bundan ibarət idi ki, ölkədə siyasi münasibətlərin mədəni səviyyəsinin yüksəlməsi partiya demokratiyasının inkişafından çox asılıdır.

Ümumilikdə bu kimi görüş və müzakirələrin ölkə prezidenti tərəfindən dəstəklənməsi və orada səslənən təkliflərin xeyli hissəsinin qəbul edilərək real qərarlarda öz əksini tapması çox yaxşı haldır və bu, ölkədə siyasi münasibətlərin keyfiyyətinə öz təsirini hökmən göstərəcək.