XƏBƏR LENTİ

05 Avqust 2020

Digər Xəbərlər

15 İyul 2020 - 23:13

Komitə sədri:"Heç kimə bu birliyimizi pozmaq imkanı verilməyəcək”

“Dünənki aksiya, sonundakı bəzi təxribatçı hərəkətlər hesaba alınmazsa, ümumilikdə Azərbaycan xalqının öz dövləti, ordusu və prezidenti ilə həmrəylik nümayişi idi. Təəssüf ki, eynilə 90-cı illərin əvvəllərində olduğu kimi, yenə də müəyyən təxribatçı qüvvələr, qruplar birlik, həmrəylik nümayişimizə kölgə sala bildilər. O vaxt da Şuşa, Laçın, digər rayonlarımızın işğalı günlərində belə qüvvələr, qruplar Bakıda hər şeyi alt-üst edib, Azərbaycan xalqının fikrini cəbhədən yayındırmaq, şayiələr yaymaq, onun üzünəinamını qırmaqla məşğul idilər.”

Bunları Milli Məclisin Təbii Ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov iyulun 14-ü gecə Bakıda baş verənlərə münasibət bildirərkən deyib.

Deputat xatırladıb ki, cəmiyyətdə təxribatçı qüvvələr, milli maraqları satanlar hələ də mövcud olsa da, Azərbaycan dövləti 90-cı illərin əvvəllərindəki dövlət deyil. “Əvvəla, o illərdən fərqli olaraq, güclü iqtidar, möhkəm siyasi iradə var. İkincisi, siyasi qüvvələr arasında həmrəylik var. Tasadüfi deyil ki, bu gün 43 siyasi partiya iqtidarla birlikdə həmrəylik bəyanatına imza atdı. Üçüncüsü, Azərbaycanda sabitliyin keşiyində möhkəm dayanan hüquq-mühafizə, xüsusi xidmət orqanlarımız var. Görünür hansısa dairələr Azərbaycan polisinin dünənki aksiyanın ümummilli məsələ – xalqımızın bir nömrəli problemi olan Qarabağ münaqişəsilə bağlı olduğunu, yüksək rütbəli zabitlərimizin şəhid edilməsinin yaratdığı ovqatı nəzərə alaraq təmkinli davranmasından ruhlanıb, aksiyanın başa çatmasına yaxın təxribat törətməyə cəhd etdilər.

Mən əminliklə bildirirəm ki, şəhidlərimizin, qəhrəman generalımızın qisası artıqlamasilə alınır və alınmaqda davam edəcək. Eyni zamanda, ona da şübhə etmirəm ki, hüquq-mühafizə orqanlarımız dünənki təxribatın təhrikçilərini də qanun qarşısında cavab verməyə məcbur edəcək”.

“Hamı anlamalıdır ki, işğal altında olan torpaqlarımızın azad olunması milli birlikdən və həmrəylikdən keçir. Heç kimə bu birliyimizi pozmaq imkanı verilməyəcək”, – deputat fikrini yekunlaşdırıb.

Azpolitika.info