XƏBƏR LENTİ

23 Sentyabr 2020

Digər Xəbərlər

23 İyul 2020 - 18:54

Səməd Seyidov:“Ermənilərin sözdə apardığı siyasət qəbul olunmayanda terrora başlayırlar”

“Azərbaycanın müasir tarixində diasporun bu cür izdihamlı, yüksək səviyyəli nümayişlərini xaricdə görməmişdik”.

Bu barədə APA-ya Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov bildirib. Onun sözlərinə görə, son bir həftə ərzində Azərbaycanın Fransa, Böyük Britaniya, İsveç, Polşa, Avstraliya, ABŞ, Niderland, Belçikada diplomatik nümayəndəliklərində azərbaycanlıların dinc aksiyaları keçirilir: “Həmçinin xarici ölkələrdə yaşayan və Ermənistanın iyulun 12-dən başlayaraq növbəti təxribatlarına etiraz məqsədilə aksiya keçirən dinc azərbaycanlılara qarşı radikal erməni qüvvələri tərəfindən son dərəcə aqressiv təxribatçı əməllər törədilir”.

S. Seyidov bildirib ki, son hadisələr həm Azərbaycanın daxilində, həm də xaricdə yaşayan azərbaycanlıların səbr kasasının tam şəkildə dolduğunu göstərir: “İnsanlar öz etirazını, Azərbaycanla birliyini konkret olaraq, Avropanın paytaxt şəhərlərində, ABŞ-da nümayiş etdirirlər. Bu nümayişlər çərçivəsində ermənilərin iç üzü bir daha açıldı. Onlar azərbaycanlılar tərəfindən səsləndirilən həqiqətlərə qəti dözüm göstərə bilmirlər. Demokratiya carçısı, sülh istəyən tərəf olduğunu iddia edən ermənilər sakit şəkildə şüarlar səsləndirən, nümayişini keçirən az sayda dinc aksiya iştirakçılarına qarşı vandal hücumlar edirlər. Onlar nümayişlərdə iştirak edən azərbaycanlılara xəsarət yetirib, nalayiq hərəkətlər ediblər. Bu davranışları onların gücsüzlüyünü, iflasını göstərir. Son proseslər göstərir ki, erməni tərəfinin sözdə apardığı siyasət qəbul olunmayanda onlar terrora başlayırlar”.

Komitə sədri vurğulayıb ki, xaricdə keçirilən nümayişlərdə azərbaycanlılara qarşı ermənilərin hərəkətləri təsadüf sayıla bilməz: “Orada iştirak edənlər təkcə azərbaycanlılar deyildi. Orada Azərbaycanın sözünə, səsinə səs verən insanlar toplaşmışdı. Onlar hamısı ermənilərin vandal hərəkətlərinin şahidi oldu. Ermənilərin bu cür təxrtibatları, eləcə də terrorçu fəaliyyəti yeni deyil. 1970-80-cı illərdə ASALA və digər erməni terror təşkilatları 70-dən çox insanı qətlə yetirib, ümumilikdə 22 ölkədə 235-dən çox terror aktı törədiblər, 24 türk diplomatını qətlə yetiriblər. İndi isə Azərbaycanın diplomatik nümayəndəliklərinə və dinc aksiya iştirakçılarına qarşı törədilən bu təxribatların, vandalizm aktlarının qarşısı alınmalı, belə hallar həmin ölkələrin aidiyyəti orqanları tərəfindən araşdırılmalı, bu cinayətləri törədənlərin hərəkətlərinə hüquqi qiymət verilməlidir”.

Deputat nəzərə çatdırıb ki, ermənilərin terrorçu mahiyyəti getdikcə dünyaya bəlli olacaq və onlar xaricdən aldıqları dəstəyi əldə edə bilməyəcəklər: “Dünya ictimaiyyəti Azərbaycanın haqq sözünü daha yüksək səviyyədə qəbul edəcək və beynəlxalq hüququn normalarına uyğun addımlar atılmasını müşahidə edəcəyik. Bu istiqamətdə həm Xarici İşlər Nazirliyi, həm Diaspor Komitəsi, həm də başqa ölkələrdə fəaliyyət göstərən səfirliklərimiz, nümayəndəliklərimiz ermənilərin azərbaycanlılara qarşı törətdikləri həqiqətləri geniş şəkildə yaymaq üçün işləri genişləndirməlidirlər. Eyni zamanda, Milli Məclisin deputatları da parlamentlərarası dostluq qrupunun üzvləri ilə görüşlərdə, beynəlxalq təşkilatlarda, mətbu orqanlarda çıxışlarında da bu işə öz töhfəsini verməlidir. Artıq bu işlər görülməyə başlanıb. Parlamentlərarası dostluq qrupları arasında videoformatda görüşlərin sayı artıb”.

S. Seyidov beynəlxalq təşkilatların baş verənlərə münasibət bildirməməsinin səbəblərinə də aydınlıq gətirib: “Beynəlxalq təşkilatlar Azərbaycanda hansısa balaca hadisəni böyüdür. Avropa Şurası bunun bir nümunəsidir. Baş verənlərə beynəlxalq qurumlar öz münasibətini bildirməli, mövqeyini ortaya qoymalıdır. Həmin beynəlxalq qurumların içərisində erməni lobbisinin adamları, onlara yardım göstərən qruplar mövcuddur. Onlar yoxa çıxmayıblar. Həmin adamlar ABŞ Konqresində, Avropada, Rusiyada da bu gün güclüdürlər. Ona görə də biz daha aktiv olmalı, işimizi yüksək səviyyədə təşkil etməliyik. Prezident İlham Əliyevin hücum diplomatiyasının aparılması ilə bağlı tapşırıqları əsasında addımlarımızı atmalıyıq. Beynəlxalq təşkilatların bizim xeyrimizə hansısa addımlar atacağını gözləməməliyik. Bu nöqteyi-nəzərdən bu istiqamətdə aktivliyimizi artırmalıyıq. Kreativ, yeni və düzgün yanaşmalarla bu təşkilatlarda olan ermənipərəst qrupların fəaliyyətini, səylərini azaltmalıyıq”.