XƏBƏR LENTİ

19 Sentyabr 2020
18 Sentyabr 2020

Digər Xəbərlər

17 Avqust 2020 - 13:09

Politoloq Tural İsmayılov yazır:"Lukaşenko - Qərb imperializminə qarşı mübarizə və tarixin öyrətdiyi dərslər"

Tural İSMAYILOV

STM-in baş məsləhətçisi, politoloq

 

Dünya imperializm tarixi bizə çətin olan siyasi dərslər verir. Hansı ki, ya mübarizə aparacaqsan, ya da nəticəsiz bir məğlubiyyətlə xalqın, ölkənin taleyini siyasi qəsbçilərin alver predmeti edəcəksən. Siyasət fəlsəfəsi bizə politologiyanın çətin sınaqlarını nümayiş etdirir.

İmperializm üçün: 1) Müstəqil dövlətçilik təsisatları həmişə təhdiddir. Dövlətlərin varlıq predmetləri və müstəqillikləri imperialist siyasi istismara qarşı ən böyük sipərdir. Vaxtilə Berqson deyirdi ki, imperialzm üçün yeganə amal var- dağıt və qəsb et! 2) İqtisadi və siyasi asıllıq məğlubiyyətə qarşı çıxan dövlətlər üçün hesablanmış “boyunduruq” halına çevrilir. 3) Dünya siyasətində xəritələr dəyişidirlmək üçün vasitə hesab olunur. Adlerə görə, qəsbkarlıq siyasi şüurun həm də ən real göstəricisi hesab olunur.

İmperializmə qarşı mübarizədə dövlətçilik ənənəsi güclü olan ölkələr həmişə bir qalxan kimi görünür. Politik bəhanələr isə apolitik toplumlar iddiası ilə qaynaşdırılaraq bu bəhanə elementlərinə səbəb olur: 1) Avtoritarizm və diktatura. Maraqlıdır ki, məhz bu iki anlayış vasitəsiylə nə qədər ölkələrə hərbi müdaxilələr edilsə də, viran qoyulsa da, imperializmin vintciyi olan real diktaturalardakı qanunsuzluiqlara göz yumulub. 2) Söz azadlığı və insan hüquqları bəhanəsi. Heç kimi rəngli virtual inqilablar törədilən coğrafiyalardakı xalqların fikrini soruşmadı, vəhşicəsinə insan hüquqlarını pozaraq böyük siyasi qətliamlara qol çəkdilər.

İmperializmin ağrılı mənzərəsini Əbülhəsən Abbasov gözəl izah edir: “”Bu gün totalitarizm, avtoritarizm və imperializm kimi məhfumlardan yox, daha çox oliqarxiya sözündən istifadə edirlər. Hətta “oliqarxik kapitalizm” ifadəsi də geniş surətdə işlədilir, sanki bununla yırtıcılıqda bütün sərhədləri keçmiş maliyyə-sələmçi kapitalizmə “insan sifəti” vermək istəyirlər.”

Oliqarxik kapitalizmin Qərbdəki siyasi uzantıları da dövlətlərin daxilindəki nifaq toxumlarını alovlandırmaqla məşğuldurlar. Siyasi imperializmin əsas dayaq nöqtəsi sayılan olixarxik kapitalizmlə bağlı professor Vahid Ömərovun məqalələrində yaxşı təsbitlər mövcuddur. Oliqarxiyanı, ən pis idarəetmə forması kimi, vaxtilə böyük mütəfəkkir Aristotel “Politika” əsərində əsaslı tənqid atəşinə tutub. Sonrakı dövrlərdə də bu mövzu bir sıra görkəmli tədqiqatçılar tərəfindən diqqət mərkəzinə alınıb. Məsələn, Maks Veber oliqarxiyanı “kapitalizmin ruhu”nu söndürən, fərdi azadlıqların, mənəviyyatın qəsdində duran məşum amillərdən sayırdı. Çıxış yolunu o, Karl Marksdan fərqli olaraq, xüsusi mülkiyyətin ləğvində yox, əksinə, mülkiyyətə sahibliyin hüquqi, idarəetmə, siyasi, iqtisadi və etik baxımdan daha etibarlı təminatında görürdü. Elə bu səbəbdən də, hakimiyyətdən sui-istifadələrə qadağa qoyan hüquqi dövlət konsepsiyasına böyük ümidlər bəsləyirdi. Onu da deyim ki, Veberin “Protestant etikası və kapitalizmin ruhu”, “Protestant sektaları və kapitalizmin ruhu” adlı əsərləri, bütün başqa dəyərlər tutumundan savayı, məhz xüsusi mülkiyyətin, rasional fərdiyyətçiliyin, şəxsi azadlıqların ədalətli-düzgün təşkilinə və qorunmasına həsr edilmiş kitablardır. M.Veberin indinin özündə də çoxları tərəfindən dərk olunmayan və dəyərləndirilməyən misilsiz rolu, ondan ibarət olmuşdur ki, həm kapitalizm quruluşunun özünütəşkilinə və perspektiv inkişafına, həm də bu quruluşun insan və insanlıq, haqq-ədalət və lütfkarlıq naminə cilovlanmasını təmin etməli olan hüquqi dövlət konsepsiyasına etibar və əminlik gətirən, ağıllı və məsuliyyətli fərdiyyətçiliyə şərait yaradan, zəruri aksioloji, coğrafi və milli tələblərə cavab verən fundamental nəzəri sistem ortaya qoymuşdur.

Hirstin 1860-cı illərdə sualtı teleqraf kabellərinin kəşfini bugünkü elektron ticarətdən daha böyük bir yenilik kimi izah edən ‘qloballaşma yenidirmi’ sualına verdiyi cavab: “Tutaq ki, insan kapitalizminin həqiqi və mümkün olduğunu düşünürsən. Bu, hətta kapitalist inkişafı və tərəqqinin qaçılmaz nəticəsi kimi də görünə bilər – məşhur “mübarizələrin” bəzi köməyi ilə.”

Nəticədə qloballaşmanın zəruri olduğu tezisini müdafiə edənlər həm də ifrata vararaq “qloballaşma yeganə xilasdır” tezisini şüurlara ötürməyə çalışdılar. Boratav qloballaşma ilə əlaqədar ‘qaçılmaz’ qərarı verənlərin ideoloji təslimiyyətə yönəldiyini iddia edir:Mövcud problemlərə funksional cavab axtaran və tapmayan” sol “cərəyanlar qloballaşmanı qaçılmaz, qarşısıalınmaz bir proses kimiqələmə verirlər. Buna görə sual verilməlidir: Qloballaşma qaçılmazlığı ilə səciyyələnən fenomendən inqilabi praktik-siyasi nəticələr çıxarmağın və bununla da” yox “görməyin mətniqi aksioması nədir? Qloballaşma yeni bir şey deyil. Dünya həmişə qlobal olub. Maraqlıdır ki, qloballaşmanın yeni əsrdən əvvəl və kapitalizmin başlanğıcından əvvəl keçmişdə bir çox mənfi, lakin müsbət tərəfləri var idi – bəlkə də bu gün müasir qloballaşmadan daha çox. Əlbətdə ki, tarixi prosesdə kütləvi ölümlər olmuşdur, lakin indiki formada qloballaşma az inkişaf etmiş xalqlara yüksəliş şansı verdi. Buna görə də qloballaşma, məsələn, avropalılara o dövrdə onlardan qabaqda olan ərəblərə, Yaxın Şərqə yaxınlaşma şansı verdi.

Bu qloballaşmanın yeni çağdan əvvəlki modelidir; ya da daha doğrusu, bir çox regional qloballaşma, bütün yeni əsrdə, kapitalizm dövründə 500 il yaşadığımız qloballaşmadan fərqlidir. 1876-1915-ci illər arasında dünyanın çox hissəsi imperialist ölkələr tərəfindən ələ keçirildi. İngiltərə hücum edən ölkələr arasında birinci yerdədir. Həmin dövrdə dünyanın ən böyük imperiya gücü olan İngiltərə dünya torpaqlarının dörddə birindən çoxunu idarə etdi və “günəşsiz imperiya” adlandırıldı. Dövrün ikinci ən böyük imperialist gücü Fransa idi. Bu iki böyük imperiya gücünü; Almaniya, İtaliya, Belçika və ABŞ kimi ölkələr izləyirdi.

Beləliklə, imperializm ümumilikdə sənayeləşmə prosesini başa vurmuş və güclü kapitalist iqtisadiyyatı olan Qərb ölkələri tərəfindən tətbiq olunan müstəmləkə prosesi olaraq ortaya çıxdı. İmperializmin bitdiyini deyənlər Fukuyamist tarix tezisinin marksist versiyasını müdafiə edirlər. Həqiqətən, bu yanaşma 1990-cı illərin intensiv qloballaşma şəraitində müəyyən bir kurs üzərində qurulmuşdu və eyni zamanda liberal nikbinliklə qidalanmışdı. Ancaq 2008-ci il böhranından bəri qloballaşma tezisləri zəifləməyə başladı və milli bağlardan ayrılmış bir məhdud kapital hökmranlığı tezislərini şübhə altına aldı.

Sub-imperializm qlobal sistemdəki inkişaflar və kapitalist çevrilişi ilə gündəmə gətirilən bir hadisədir və bu sistemin işini asanlaşdıran bir töhfə verdi. Məlum olduğu kimi, qlobal kapitalist sistemi 1945-ci ildən sonra ABŞ hegemonluğu ətrafında geosiyasi olaraq təşkil edilmişdi və ABŞ hələ də bu sistemin təhlükəsizlik və maliyyə ayaqlarına hakimdir. ABŞ-ın müəyyən bölgələrdə əsas dövlət adlandırdığı, lakin sub-imperialist rolunu öz üzərinə götürdüyü bu ölkələrin bazarlıq gücü ABŞ-ın ehtiyacı nəticəsində artdı. Hər halda, sözügedən sub imperialist ölkələr bu rolu oynamaq üçün müəyyən gücə və dövlət gücünə sahib olmalıdırlar. Yəni, ABŞ və ya kapitalist mərkəzinə qarşı muxtariyyət almaq üçün çox zəif olan dövlətlər bu rolu yerinə yetirə bilməzlər. Məsələn, ABŞ birbaşa Şərqdən asılı olan İordaniyaya sub-imperialist rolunu aid edə bilməz. Yenə İsrailin gündəliyi fərqlidir və nə edə biləcəyi çox məhduddur. Həm coğrafi məkan, həm də digər güc komponentləri üçün ABŞ baxımından böyük bir coğrafi bölgədə bu rolu yerinə yetirmək çox daha funksionaldır, ancaq bunun qarşılığında bir çox sahədə Türkiyə ilə görüşmək üçün oturmalısınız. Yenə də Uruqvay və ya Peru kimi Latın Amerikasında bu rol yerinə yetirilə bilməz. Bunun üçün ən uyğun ölkə Braziliyadır. Sub- imperialistlər anti-sistem deyil, zaman-zaman öz “sistem olmayan” gündəmlərini formalaşdırmağa çalışırlar.

Beləliklə, istismardan qidalanan coğrafiyalar üçün məkan adının fərqliliyi heç bir ciddi önəm daşımır. Suriya imperializmin gözündə nədirsə, Belarusiyaya da elə yanaşılır. Avropada “Azərbaycanın Dostları” Cəmiyyətinin sədri Elman Mustafazadənin Belarusiya haqqındakı qeydlərindən çox təsirlənmişdim: “Belarus respublikasının prezidenti Aleksandr Lukaşenkonu süni şəkildə diktator adlandırmaqla Qərb dövlətləri, hətta beynəlxalq birlik belə tamamilə yanlış hədəfləri sərgiləyirlər.”

Bizim üçün Qərbin mass-kult ənənələri və mediatik təsir rıçaqları həmişə görünən tərəf olub. Heç kim iddia da etmir ki, demokratiya “fışqıran vulkandır”. Amma gəlin dəqiq bir şeyə də əmin olaq ki, demokratiya tələbi həm də siyasi təzyiq alətidir.

Elman müəllim Minsk qeydlərinin davamında yazır: “Hələ Polşada yaşadığım illərdə (1990-2000) Azərbaycan diasporunun fəaliyyətləri, istər ictimai işlərlə, ya da şəxsi biznesimlə bağlı demək olar ki, hər həftə Belarusda olardım. Bir iş adamı kimi Rusiyanın müxtəlif şəhərlərinə Polşadan meyvə – tərəvəz, yeyinti və sənaye malları göndərərdim. Bütün nəqliyyat əlaqələri isə Belarusdan keçərdi. 1990-cı ildən 1995-ci ilə qədər, Brest şəhərindən (Belarusun Polşa ilə ilk sərhəd bölgəsi) Smolenskə (Rusiyanın Belarusla ilk sərhəd şəhəri) kimi yollar, cinayətkar və reket dəstələrinin qeyri qanuni nəzarətində idi. Həmin yollarda Şərqi Avropaya məxsus Çexiya, Polşa, Slovakiya ölkələrindən gələn yük daşıyan TIR-ların sürücüləri hər addımda saxlanılar, onlardan müxtəlif bəhanələrlə pul alınır bəzən əməlli- başlı, günün günorta cağı soyulurdular. Onlara tabe olmaq istəməyən insanlara əzab və işgəncələr verilərək döyürdülər. Almaniyadan və Polşadan öz şəxsi vəsaiti sayəsində maşın alıb aparan və Belarusdan keçən keçmiş sovet respublikalarının vətəndaşları faktiki olaraq Brestdən Smolenskiyə kimi, bir neçə yerdə cinayət dəstələrinə məcburi şəkildə haqq verməli olurdular. Bəzən apardıqları maşın əllərindən alınır, malları isə qarət olunardı. Bu yollarda tez-tez ölümlə nəticələnən cinayət hadisələri də baş verirdi. Bunu örnək olaraq yada salmağı vacib bilirəm. Bir vedrəyə bir neçə kərpic qoyardılar. Almaniyadan və Polşadan aparılan fərdi maşınları bir- bir saxlayıb hər birindən 100 dollar alardılar. Smolenskiyə kimi bu 3 dəfə təkrar olunurdu. Kim pul verməkdən, reket qruplarına bac-xərac ödəməkdən boyun qaçırırdı, dərhal vedrəni göstərirdilər ki, kərpic satıram və bir ədədi 500 dollara. Bundan sonra isə kərpici vurardılar həmin maşının ön şüşəsinə. Bunun ardınca isə, 500 dolları həmin şəxsdən bağırda-bağırda alardılar. Bəzən kərpic günahsız insanların başına da dəyərdi… Ölkədə güc strukturları iflic vəziyyətində idi. Gecələr Belarusda çölə çıxmaq belə mümkün deyildi. Hər yerdə cinayət, soyğunçuluq baş alıb gedirdi. Demək olar ki, Belarusu kriminal aləmə bağlı olan qruplaşmalar idarə edirdilər. Ölkə başdan başa rüşvətin işində batırdı. Rüşvətə öyrəşmiş Belorus polisləri hətta onu dollarla tələb edərdilər. Adam öldürüb, cüzi rüşvət ödəməklə istənilən qanı belə batırmaq adi hala çevrilmişdi. “

Sonrakı dövrlərdə Belarusiyada məhz Lukaşenkonun hakimiyyətə gəlişi ilə böyük irəliləyişlər qeydə alınmağa başladı. “Aleksandr Lukaşenko hakimiyyətə gələndə çox ağır mirasın altına girmişdi. Rəqibləri və ölkəyə qeyri rəsmi hakim olan kriminal strukturlar tərəfindən “qaraçı balası”, “yəhidi”, “savadsız kolxozçu”, “mədəniyyətsiz kəndli balası” adlandırılan, əməkçi Belaruslar tərəfindən isə alqışlanan, sanki ağ atın belində hakimiyyətə gələn Aleksandr Lukaşenko, iqtidarının ilk illərində bütün cinayət dəstələrini tamamilə məhv etdi. Ölkəyə sanki yeni nəfəs gəlmişdi. Sözün əsil mənasında ölkədə əmin-amanlıq dövrü başladı. Yenilənmiş və güclənmiş milis sistemi, ölkədə bütün cinayət dəstələrini ləğv edirdi. Heç bir caniyə və qatilə aman verilmirdi. Bəzi canilər öz canlarını qurtarmaq üçün Polşaya qaçmağa macal tapdı, bir çoxları isə Ukrayna və ya Rusiyaya üz tutaraq canlarını qurtarmağa çalışdılar.

Burada haşiyə çıxıb xatırladım ki, sonra həmin canilər Polşada cinayət dəstələri yaradıb, uzun illər ölkədə müxtəlif cinayətlərin baş verməsi üçün mafiozlaşmış şəbəkələr belə yaratdılar. Onlar kənardan idarə etmək taktikası ilə Polşada daha qəddarcasına cinayətlər törədirdilər. Polşada kök salmış rus və belarus cinayət dəstələrinin axırına isə bu ölkənin prezidenti, rəhmətlik Lex Kaçinski çıxdı. Qısa müddətdə Belarusda istər gecə, istərsə də gündüz, əmniyyət bütün Avropa ölkələrindən daha üstün və yüksək səviyyəyə qalxdı. 1997-ci ildən sonra rüşvətxorluq və korrupsiya tamamilə sıfıra bərabər həddə çatdı. Beləliklə, ölkədə tam əmin-amanlıq şəraiti yaradıldı. Bir tərəfdən Avropadan və bir yandan da Rusiya tərəfindən sıxışdırılan, nefti və qazı olmayan Belarusda, sadə əməkçiyə verilən təqaüd, neftlə zəngin olan Azərbaycandan fərqli olaraq, çox yüksəkdir. Kənd təsərrüfatı sektoru hələ də kolxoz sisteminə bənzər şəklində mövcuddur və gənclər demək olar ki, tamamilə işlə təmin ediliblər. Belarusda klan, tayfa, qohumbazlıq, yerlibazlıq anlayışı yoxdur. Kəndlərdə tənha adamlara, qoca qadınlara və kişilərə təqaüdləri birbaşa öz evlərində verilir. Onlara xüsusi pulsuz xidmət göstərilir. Hər həftə evləri təmizlənir. Hər həftə onlar üçün bazarlıq edirlər. Tənha qocalara həftədə 3 dəfə xüsusi qaydada baş çəkirlər ki, onlar darıxmasınlar. Bu işləri görənlər dövlətdən xüsusi maaş alırlar. Kəndlərin və şəhərlərin təmizliyində isə Belarus, Avropanı çoxdan üstələyib. Belarusa bu gün kənar ölkələrdən gələrək yatırım qoyanlar az deyil. Son zamanlar istər Almaniyadan, istərsə də Polşadan bu ölkəyə yatırımlar qoyaraq pul qazananların sayları artmaqdadır. Hətta Azərbaycandan gəlib Belarusda yatırım qoyanlar az deyil. İndi Qərb mediası Aleksandr Lukaşenko haqqında ağla sığmayan böhtanları uydurur. Bu gün öncələrdə olduğu kimi, tez-tez Belarusa gedə bilməsəm də, son illər bir necə dəfə bu ölkədə bir daha uzunmüddətli qonaq oldum. Bu respublikanı, onun əməksevər, mehriban insanları ilə dərdləşdim. Bəzən günlərlə onlarla söhbətlərim oldu. Belarus gözəl olduğu kimi insanları da səmimi, sadə və mehribandırlar.”

Belarusun silah və hərbi məhsullarının ixracaatı ötən il 15% artaraq 1 milyard dolları keçib. Bu barədə ölkənin Dövlət Hərbi Sənaye Komitəsinin (DHSK və ya Belqosvoenprom) Minskdə keçirilən kollegiya iclasında son nəticələri təqdim edən qurumun sədri, general-mayor Oleq Dviqalyov (2017-ci ilin ortalarına qədər ölkənin HHQ və HHM sisteminə başçılıq edib) bildirib: “2017 bizim üçün yeni bazarların fəthi ili olub. Məhsulları və təşkilatın xidmətlərın bir il əvvəl 60 ölkəyə təqdim edilirdisə, bu rəqəm artıq 69-a çatıb”.

Hörmətli dostumuz, hərbi ekspert Ədalət Vediyev qeydlərində vurğulayır ki, Minskdə 2018-ci ilə dair Azərbaycan-Belarus hərbi əməkdaşlığa dair saziş imzalanıb. Bundan əvvəl isə Azərbaycana regionda hərbi balansı lazımı səviyyədə saxlayacaq operativ taktiki raket kompleksləri səviyyasində “Polonez” RYAS, pilotsuz texnikalar və zenit raket kompleksləri alınması ilə bağlı müqavilər bağlanıb və hazırda müvəffəqiyyətlə icra olunur. Silah və texnikalar nəzərdə tutulan qrafikə uyğun təhvil verilməsi həyata keçirilir. Yeni bağlanan müqavilələrdə MT-LB daşıyıcılarını əvəz edə biləcək VOLAT konserninin tırtıllı daşıyıcılarını da bu siyahıda olması ehtimalı böyükdür. Yüksək keçid qabilliyətinə malik bu texnika ordumuzun, xüsusilə artilleriyamızın mobilliyində müsbət rol oynaya bilər. Daha əvvəl isə Azərbaycan ilə Belarus arasında 170 milyon dollarlıq silah və texnika alınmasına dair müqavilə uğurla icra olunub. Bu müqavilə üzrə alınan “Buk” MB ZRK bir neçə dəfə uğurla tətbiq olunub. Əməkdaşlığın sonrakı mərhələdə daha da genişləndiyinin şahidi oluruq.

Əslində Azərbaycanın səmimi müttəfiqi olan Belarusun silah bazarında milyard dollarlıq psixoloji səddini aşması böyük nailiyyətdir və bizi həqiqətən sevindirir. Bu ciddir bir rəqəmdir, formalaşmasında iştirakımızdan məmnunuq! Biz bilirik ki, hazırda silah bazarında kifayət qədər ciddi rəqabət və təzyiq mövcuddur. Yeni bazarlara daxil olmaq kifayət qədər çətin bir prosesdir. Münasib qiymət, yüksək keyfiyyət, qısa müddətdə sifarişin çatdırılması və zəmanətli servis xidmətləri hələ yeni bazarlar əldə etmək demək deyil. Dünya silah bazarını əldə saxlayan ABŞ və Rusiya kimi nəhənglərin real müştərilərinin digər bir bazara yönəldiyi halda onların ciddi cəzalandırılmasının və “qollarının burulmasının” da dəfələrlə şahidi olmuşuq.

General-mayor Dviqalyovun açıqlamalarında adı çəkilməyən ölkələrlə bağlanan müqavilələrə diqqət edək: ən böyük məbləğdə – 170 milyon dollarlıq müqavilə Çin ilə bağlanıb, Vyetnamla – 150 milyon dollar, Sudanla – 113 milyon dollar. SIRPI hesab edir ki, bu silah tədarükündən əldə olunan vəsaitlərin 312 milyon dolları aviasiya vasitələrinin, HHM sistemləri (195 milyon dollar) və zirehli texnikanın (96 milyon dollar) satışından əldə olunub. Bundan əlavə, Myanma Belarus hərbi məhsulların alınması üçün 51 milyon dollar sərf edib. Uzaq Cənub-Şərqi Asiya ölkəsi olan Myanmaya “Belqosvoenprom” tərəfindən Sovetlərin “Kub” və “Kvadrat” ZRK modernlədirilməsi olan “Kvadrat-M” zenit raket kompleksinin göndərildiyi ehtimal olunur.

Bu rəqəmlərə görə, həqiqətən də Belarus hərbi sənaye kompleksinin əməkdaşları çoxşaxəli inkişaf templəri ilə qürur duymalıdır. Həqiqətən hərbi təyinatlı məhsulların keyfiyyəti, Belarusun hərbi sənaye kompleksinin gəlirlərinin bir ilə 15 faiz artmasına səbəb olub. “Belarusun yüksək keyfiyyətli” ifadəsinə bü ölkədə tez tez rast gəlinir. Bu bütün sahələr aiddir: istər sənaye, istər aqrar, istər hərbi. Belə bir məsəl var: zövqlər haqqında müzakirə etmirlər. Lakin başqa bir reallıq da mövcud olduğundan bu məsəl hərbi silah və ya texnika sahəsində işləmir. Hərbi vasitələrə o zaman vəsait ayrılır ki, onlar təyinatı üzrə ölkənin təhlükəsizliyini təmin edə bilsin.

Blearus Azərbaycan üçün önəmli ölkələrdən biridir. Bu ölkədə mövcud olan istənilən siyasi sabitlik bizim ölkəmizin maraqlarına uyğundur.

Belarusun ölkəmizdəki səfiri Gennadi Axramoviç iki ölkənin önəmini qeydlərində ustalıqla izah edir. Minskdə və Bakıda səfirliklərin açılmasından sonra ölkələrimiz arasında ticarət dövriyyəsinin həcmi 7 dəfədən çox artaraq 2015-ci ildə 300 milyon dollara çatmışdır. Qarşılıqlı ticarətdə Belarus və Azərbaycan tərəfindən 270- dən çox subyekt iştirak etmişdir ki, onlar da yüzlərlə investisiya ilə təmsil olunublar. Təxminən 40-dan çox Azərbaycan şirkəti ölkədə Belarusun distribütoru və dilleri kimi çıxış edir.

Azərbaycana Belarusun əsas ixrac mallarını maşınqayırma, şinlər, ağac emalı, qida məhsulları, məşət texnikası, qab-qacaq və digər məhsullar təşkil edir. Belarus Azərbaycandan neft-kimya, maşınqayırma və kənd təsərrüfatı məhsulları idxal edir.

İstehsal kooperasiyası sahəsində əməkdaşlıq genişlənir, investisiya layihələrinin sayı artır. İki ölkənin elmi dairələri arasında birgə tədqiqatların aparılması sahəsində uzunmüddətli əlaqələr formalaşmışdır.

Yeni ikitərəfli layihələr müasir yerli maşınqayırma sahəsinin istehsalına, innovasiya proqramlarının həyata keçirilməsinə, təhsil sferasında əməkdaşlığın intensivləşdirilməsinə, sağlamlığın mühafizəsinə, inşaat və xidmət sahələrinin qarşılıqlı ixracına, informasiya texnologiyalarının inkişafına yönəldilmişdir. Mümkün perspektivli təşəbbüslərin spektri kifayət qədər genişdir, amma bir məsələ dəyişməz olaraq qalır: Belarus qarşılıqlı marağı təqdim edən bütün sferalarda öz azərbaycanlı tərəfdaşları ilə əməkdaşlıq üçün açıqdır və qarşılıqlı sərfəli əməkdaşlıq üçün istənilən yeni təkliflərin reallaşdırılmasına hazırdır. Bu gün Azərbaycanda artıq Belarus traktorları, yük maşınları, kommunal və kənd təsərrüfatı texnikası, optik cihazlar, liftlər, işıqdiodlu texnologiya əsasında hazırlanan çıraqlar yığılır.

Ümumilikdə isə, Belarus ya da başqa ölkə olsun, sabah hakimiyyətə kimin gəlməyindən asılı olmayaraq, tarixi həqiqətləri görməzdən gəlmək olmaz. Bir blogger və xanımı ilə qurulan ssenarilərin nə ilə nəticələnəcəyindən asılı olmayaraq Lukaşenkoya tarixi dəyəri verilməlidir.

Heç bir ölkə istismardan sığortalanmayıb, sadəcə tarixi daha yaxşı təftiş etməyə şanslarımız var.