Prezident Adminstrasiyasının sabiq rəhbəri, Təhlükəsizlik Şurasının üzvü, AMEA prezidenti Ramiz Mehdiyevin pandemiya ilə bağlı tətbiq eilən karantin müddətində nəvəsinə toy etməsi cəmiyyətdə kəskin nifrət və qəzəb hissi yaradıb.
Toydan çəkilən kadrların soisal şəbəkələrdə yayılmasından və toy iştirakçılarının da bunu təsdiqləməsindən sonra ölkənin ən müxtəlif təbəqələrindən olan insanlar Ramiz Mehdiyevin və ailə üzvlərinin karantin qaydalarını pozmasını qanunlara hörmətsizlik və dövlətə meydan oxumaq kimi dəyərləndirib, orada iştirak edən keçmiş və indiki vəzifəli şəxsləri, çıxışçıları sərt şəkildə qınayıblar.
Məsələni sərt şəkildə qınayanlardan biri də BQP sədri, Milli Məlisin deputatı Fazil Mustafa olub.
O, mövzu ilə bağlı “Strateq.az”-ın sorğusuna cavabında bildirib ki, nəinki toyda iştirak etməyib, hətta əvvəlcə yayılan bu xəbərlərə inanmayıb, sonrakı açıqlamları isə hədsiz təəccüb hissiylə qarşılayıb: “Çünki rəsmi qərarla toy və yas mərasimlərinin keçirilməsi, 5 nəfərdən artıq şəxsin bir yerə toplaşması qadağan edilib. Kimliyindən asılı olmayaraq hər kəsin qanun qarşısında bərabərliyi prinsipi mövcuddur, ona görə də kimsə imtiyazlı şəkildə digər vətəndaşlardan fərqlənəcək addımlar atmamalıdır. Toydan yayılan kadrlarda həmin tədbirin qapalı məkanda keçirildiyi və xeyli adamın da iştirak etdiyi görünür ki, bu da aşkar şəkildə karantin qaydalarının pozulmasıdır.
Burada illərdir dövlət aparatında rəhbər vəzifələr tutan, digər ictimai-siyasi vəzifələr daşıyan şəxslərin bu dərəcədə səhlənkar davranışı məni də təəccübləndirdi. Halbuki açıq məkanda və olduqca məhdud sayda insanla, dəbdəbəsiz, təmtəraqsız belə bir tədbiri keçirmək imkanları mövcud idi. İndi sıravi vətəndaşların haqqı var ki, onların toy və ya yas mərasimlərinə qarşı məhdudiyyətlərin tətbiq olunmasına öz etirazlarını ortaya qoysunlar. Aylardır bizlər mediadan vətəndaşlara çağırış edirik ki, karantin qaydalarına əməl etsinlər, indi özümüz də pis vəziyyətdə qalırıq ki, dövlət həyatında əhəmiyyətli postlar tutan bir qrup insan bu qaydaları özləri pozurlar. İstər Ramiz Mehdiyevin, istər deputat həmkarım Siyavuş Novruzovun, istərsə də o toyda iştirak edən vəzifəli şəxslərin bu kimi davranışları hüquqi məsuliyyət yaratmaqla yanaşı, vətəndaşlarımız tərəfindən haqlı olaraq ictimai qınaqla qarşılaşacaqdır”.