XƏBƏR LENTİ

24 Sentyabr 2020

Digər Xəbərlər

23 Avqust 2020 - 12:22

Sabir Rüstəmxanlı Ramiz Mehdiyevin toy qalmaqalından danışdı:"Heç kəsə güzəşt olmayacaq"

“Əgər, ölkə rəhbərliyi səviyyəsində koronavirus pandemiyası ilə bağlı Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələri nəzərə alınıbsa, hər bir ailə, hər kəs öz adından, sanından, şöhrətindən asılı olmayaraq qanun tələblərinə uymalıdır” 

Bunu, “Turan” agentliyinə açıqlamasında deputat Sabir Rüstəmxanlı deyib. O, karantin rejimi zamanı, avqustun 18-də Milli Elmlər Akademiyasının (AMEA) prezidenti Ramiz Mehdiyevin kürəkəni, keçmiş deputat İlham Əliyevin qızına toy keçirməsini dəyərləndirib.

Deputat əlavə edib ki, Azərbaycanda minlərlə ailə var ki, toyunu təxirə salıb ölkədə uyğun vəziyyətin yaranmasını gözləyir: “Ona görə də hər kəs qanuna uymalıdır. Biri güclüdür, ya da birinin imkanı var, qabağa düşürsə və heç nəyi nəzərə almırsa, mən buna normal baxmıram”.

S. Rüstəmxanlı Abşeron Rayon Məhkəməsinin İlham Əliyev və onun qudası Rövşən Mustafayevin 15 sutka müddətinə inzibati qaydada həbs edilməsi ilə bağlı qərarına gəldikdə isə bildirib ki, hazırda belə hərəkətlər edən şəxslər buna hazır olmalıdır: “Bu çətin vəziyyətdə cəsarət edib, bu addım atıblarsa bunun mütləq cəzası olmalı idi. 5 sutka və ya 15 sutka fərqi yoxdur. Bu, cəzadır və cəza mütləq olmalı idi. O cəza yerdə qalan vətəndaşlara da bir işarədir ki, burada kimin qohumu və ya yaxını olursan ol, heç kəsə güzəşt olmayacaq”.