"Azərbaycanda təhlükəsizlik yüksək səviyyədə təmin edilir. Bu gün Azərbaycan xalqı yaxşı görür ki, müxtəlif regionlarda, bölgələrdə vəziyyət gərginləşir, yeni münaqişə, müharibə ocaqları yaranır".
Strateq.az AZƏRTAC-a istinadla xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev Novruz bayramı münasibətilə keçirilən ümumxalq şənliyində söyləyib.
Dövlət başçısı deyib: “Keçən il burada, Novruz şənliyində çıxış edərkən, əlbəttə, biz təsəvvür edə bilmirdik ki, bir il ərzində bu qədər dəyişikliklər olacaq. Bu dəyişikliklər müsbətə doğru dəyişikliklər deyil, yeni münaqişə, qarşıdurma ocaqları, yeni müharibələr, miqrant böhranı. Azərbaycan isə sabitlik, təhlükəsizlik məkanıdır. Biz çalışırıq və çalışacağıq ki, ölkəmizi bütün mümkün risklərdən qoruyaq, xalqımızın rahat yaşamasını, təhlükəsiz həyatını təmin edək və ölkəmizi inkişaf yolu ilə irəliyə aparaq”.
Prezident vurğulayıb ki, bugünkü dünyada bir çox ölkələr üçün təhlükəsizlik məsələləri ön plana çıxır. Azərbaycan bu sahədə nümunəvi ölkədir. Azərbaycan xalqı rahat, təhlükəsizlik, əmin-amanlıq şəraitində yaşayır. Azərbaycanda kriminogen durum çox yaxşıdır. Bu göstəriciyə görə biz dünya miqyasında liderlər sırasındayıq.