XƏBƏR LENTİ

19 Sentyabr 2020
18 Sentyabr 2020

Digər Xəbərlər

25 Avqust 2020 - 19:26

Elxan Şükürlü yazır:"LƏYAQƏTİ OLMAYAN, GEC-TEZ, SATACAQ SƏNİ!"

Elxan ŞÜKÜRLÜ,

“Strateq.az” saytının baş redaktoru

Zamanında geri çəkilməməyin və layiq olmadığı yeri tutmanın insana, xüsusən də siyasətçiyə hansı faciələri yaşatdığını bugünlərdə baş verən hadisələrlə bir daha görürük.

İnanın, akademik Ramiz Mehdiyev ölkənin ən ali dövlət təltifi – “Heydər Əliyev” ordeni ilə mükafatlandırılaraq, Prezident Administrasiyasının rəhbəri postundan uzaqlaşdırılanda İlham Əliyevin 17 illik prezidentliyi dövründəki neqativlərin məsuliyyətini də öz üzərinə götürərək sakitcə, abırlı bir şəkildə kənara çəkilsəydi, nəinki bugünkü rüsvayçı vəziyyətə düşməzdi, əksinə, həm uzun illər xidmətində durduğu hakimiyyətə son və misilsiz xidmətini göstərmiş olar, həm də qarşılığında elə Fəxri Xiyabanda – Heydər Əliyevin yanında heykəlinin ucaldılmasına nail olardı!

Ancaq Mehdiyev xüsusən son bir ildəki inadkar davranışlarıyla İlham Əliyevin nifrət və qəzəbinin ən çox yönələcəyi hədəf halına gəlməklə yanaşı, həm də son 17 ilin neqativlərinin gerçək baiskarı olması fikrinin çox rahat şəkildə bu 84 yaşlı “bürokratiya memarı”nın üzərinə qoyulmasını da rahatca haqq etmiş oldu!

O, dövlət adamına yaraşmayan son şantajçı bəyanatıyla, faktiki olaraq, Əliyevlər iqtidarıyla bütün mənəvi bağlarını, iplərini qopardı artıq!

Son 17 ilin hakimiyyət neqativlərinin bütün məsuliyyətini isə onun boyuna elə bu illər ərzində qurub-yaratdığı öz bürokratik aparatı, yetişdirdiyi öz “siyasi elita”sı qoyur artıq: baxın, dünənə qədər Mehdiyev aparatının müxalifət əleyhinə danışan, söyən, onun öz sözləriyl desək, “ən natəmiz və ən nadürüst adamlar”ı indi eyni qaydada Mehdiyevi gilyotin altına itələyir, onun balaca boyuna qamış ölçürlər!

Mehdiyev isə müdrikliyini itirmiş çarəsiz və deyingən qocalartək onlardan 30 il boyunca əzdiyi, genini, dinini, dilini, əxlaqını dəyişməyə, itirməyə çalışdığı xalqa şikayətlənir, hakimiyyətdən xalqa gileylənir!

Deyənsə yoxdur ki, məgər bu “nadürüst və natəmiz adamlar”dan ibarət “elita”nı, hakimiyyət komandasını, təbliğat maşınını, deputat korpusunu formalaşdıran elə sən özün olmamısanmı?! İndi bu murdar təbliğat maşını eyni qaydada səni öz qanlı və üfunətli dişlərinin çarxı altında əzir, xıncım-xıncım doğrayır, ətini tikə-parça edib hərəsini bir tərəfə tullayır!

Bəli, Allah öz varlığını və qoyduğu İlahi Nizamı həm də bu sayaq yolunu azmışlara qəbul etdirir: harın və azğın insan oğlu başqalarına yaşatdıqları öz başına gəlməyincə, nə Allahını tanıyar, nə Peyğəmbərini!

Bir baxın, görün, Mehdiyev İslam peyğəmbəri Həzrəti Məhəmməddən (s) hansı hədisi misal gətirib: “Ey camaat! Sizdən əvvəlki qövmlər həlak oldular. Ona görə ki, həmin qövmlərdən olan mötəbər, zəngin şəxslər oğurluq etdikdə, heç kəs onları cəzalandırmırdı. Ancaq kasıb birisi bu hərəkəti etdikdə, ona dərhal cəza tətbiq edilirdi. And olsun Allaha ki, hətta qızım Fatimə oğurluq etmiş olsaydı, onun da əlini kəsərdim”.

Soruşan yoxdur ki, yaxşı, 25 il Prezident Administrasiyasının rəhbəri olduğun dövrdə kasıbın, yetimin-yesirin malını yeyən neçəsinin əlini, qolunu kəsdin?!

25 ildir xalqı talayan və aybaay yanına, kabinetinə gələn icra başçılarını, nazir və komitə rəhbərlərini qoyuram bir kənara, öz dogma oğlundan, qızından, kürəkənindən soruşdunmu ki, hardandır sizdə bu cah-cəlal, bu sərvət, bu var-dövlət?! Məgər bunlar indi şikayətləndiyin xalqdan – bizdən oğurlananlar deyilmi?!

17 il hakimiyyətdə ikinci, faktiki isə, birinci şəxs olduğun və qılıncının qınının da məhkəməsiz kəsib-doğradığı illərdə niyə kəsmirdin o xalq malı oğurlayanların, əlini, dilini, kəlləsini?! Xalq malının talandığı vəzifənizdən uzaqlaşdırılandan sonramı yadınıza düşür?!

İzləyənlər, tanıyanlar çox yaxşı bilər: 2017-ci ildə “Jurnalistlər binası”nda jurnalistlərə ev paylanan vaxt Əli Həsənov adımı siyahıdan çıxaranda Naxçıvanda – kəndimizdə yaşayan Anama xitabən mətbuat vasitəsiylə bir məktub yazmışdım. Orda demişdim ki, vaxt gələcək, Heydər Əliyevin hesabına vəzifə tutan bu adamların çoxu öz sərvətlərini qorumaq üçün təkcə qurduqları bu hakimiyyəti yox, doğulduqları o torpağı da satacaqlar!

Budur, həmin vaxt gəlib artıq! Bir-birini, 30 illik komanda yoldaşlarını, hakimiyyətlərini, yurd-yuvalarını, mənliklərini, ləyaqətlərini satmaq üçün növbəyə, sıraya düzülüblər! Hələ əsl tamaşa qabaqdadır! Onda hamı görəçək bunların mahiyyətini, gerçək simalarını!

Bu hadisələrsə hamıya, o cümlədən Prezident İlham Əliyevə də, ibrət alacağı mütləq bir gerçəyi növbəti dəfə anlatdı: hakimiyyət komandası ancaq ləyaqətli adamlardan təşkil olunmalı, dövlət sükanı ancaq ləyaqətli adamlara etibar edilməlidir!

Vətəni də ancaq həm hakimiyyətdəki, həm də müxalifətdəki ləyaqətli insanların birgə fəaliyyəti xilas edə bilər!

Ləyaqəti olmayanlar, gec-tez, Səni də, Vətəni də satacaqlar!