XƏBƏR LENTİ

23 Sentyabr 2020
22 Sentyabr 2020

Digər Xəbərlər

27 Avqust 2020 - 13:35

İLYAS İSMAYILOV TANINMIŞ PROFESSORU ÖZÜNƏ MÜAVİN TƏYİN ETDİ –FOTOLAR

Ədalət Partiyasının sədri İlyas İsmayılov daha bir tanınmış şəxsi özünün müavini təyin edib.

Strateq.az xəbər verir ki, tibbi hüquq, məhkəmə təbabəti, bioetika sahəsində Azərbaycanda və dünyada tanınan alim və mütəxəssis olan professor Vüqar Məmmədov Ədalət Partiyası sədrinin xarici əlaqələr üzrə müavini vəzifəsinə təyin edilib.

Xatırladaq ki, Vüqar Məmmədovun hüquq və tibb üzrə iki ali təhsili var, elmlər doktoru, professordur. Dünya Tibbi Hüquq Assosiasiyasının birinci vitse-prezidentidir, bu təşkilatı Haaqa Beynəlxalq Cinayət Məhkəməsinin Prokurorluğu yanında Məhkəmə Ekspertizaları Elmi-Məşvərət Şurasında, Ümumdünya Səhiyyə Təşkilatında və Dünya Tibbi Assosiasiyasında təmsil edir. Məhkəmə-tibbi ekspertiza üzrə bir çox digər beynəlxalq təşkilatların rəhbər strukturlarının fəaliyyətində aktiv iştirak edir.

YUNESKO-nun Bioetika Kafedrasının Azərbaycan bürosunun rəhbəridir, Azərbaycanda 3 ali təhsil ocağında professor kimi fəaliyyət göstərir, ABŞ, Çin, Rusiya, Türkiyə, Pakistan, Qazaxıstan, İndoneziya, Litva, Ukraynada 10-dan çox nüfuzlu universitetlərin dəvətli professorudur.

Ana dili ilə yanaşı, Türk, İngilis, Rus dillərini mükəmməl bilir, bu dillərdə mühazirələr oxuyur.

Namizədlik dissertasiyasını 1997-ci ildə məhkəmə-təbabəti ixtisası üzrə Azərbaycan Tibb Universitetində, doktorluq dissertasiyasını 2004-cü ildə Moskva şəhərində (RF-nın Səhiyyə nazirliyinin Ümumrusiya Məhkəmə-tibbi ekspertiza mərkəzi və Seçenov adına Birinci Moskva Dövlət Tibb Universiteti) müdafiə edib.

1995-ci, 1998-ci illərdə Böyük Britaniyanın Dandi və Qlazqo Universitetlərində “məhkəmə təbabəti”, 2000-ci ildə ABŞ-nın Vaşinqtonda Amerikan Universitetinin Transmilli Cinayətkarlıq və Korrupsiya Mərkəzində “kriminal ədliyyə” ixtisasları üzrə təcrübə keçib, elmi tədqiqatlar aparıb.

Səhiyyə, məhkəmə təbabəti, korrupsiya ilə mübarizə, insan hüquqlarının müdafiəsi sahəsində 330-dan artıq elmi işin müəllifidir, onlardan 170-i xaricdə nəşr olunub. Dünyanın 53 ölkəsində elmi, peşəkar tədbirlərdə iştirak edib, mühazirələr oxuyub.

1997-2016-cı illərdə BMT proqramlarının, beynəlxalq təşkilatların Azərbaycan nümayəndəliklərinin rəhbəri, İTV və AzTV-də səhiyyəyə aid həftəlik 340 verilişin müəllifi və aparıcısı, Azərbaycan Milli Elmlər Akademiyasının İnsan Hüquqları İnstitutunun Elmi işlər üzrə direktor müavini, Heydər Əliyev Mərkəzinin Humanitar və sosial layihələr departamentinin direktoru, “Milan Ekspo 2015” Dünya Sərgisində Azərbaycan pavilyonunun tematik konsepsiyasının müəllifi, məzmun üzrə işçi qrupun rəhbəri, Baş komissarın müavini işləyib.

Azərbaycanda keçirilən ilk dünya elmi konqresin – 23-cü Dünya Tibbi Hüquq Konqresinin (2017-ci il) təşkilat komitəsinin sədri və proqram rəhbəri olub.

9 fevral 2020-ci il tarixli Azərbaycan Respublikası Milli Məclisinə növbədənkənar seçkilərində 22 saylı Nəsimi ikinci seçki dairəsindən müstəqil namizəd kimi seçkilərə qatılıb.

Seçkilərdə qalib gəldiyi və seçici səslərinin saxtalaşdırıldığı iddiası ilə hüquqi müstəvidə mübarizəsini davam etdirir.