XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

29 August 2020 - 12:48

AzDP sədri Sülhəddin Əkbər:"Türkiyə Misir və İsraillə münasibətlərini normallaşdırmalıdır"

Şərqi Aralıq dənizində Türkiyəni sıxışdırmaq üçün 4 ölkə ona qarşı nüfuz savaşında birləşib – Yunanıstan, Cənubi Kipr, İtaliya və Fransa. Pərdəarxasında ABŞ-ın da olduğu deyilir. Maraqlıdır ki, münasibətlərində gərginlik yaşanan bu beş ölkədən 4-ü, Türkiyə daxil olmaqla, NATO üzvüdür. Faktiki olaraq bir ittifaqda olan ölkələr arasında müharibə öncəsi vəziyyəti xatırladan bir durtum yaşanır. Hərbi qarşıdurma riski böyüyür.

Bu qarşıdurma nə ilə bitə bilər? Türkiyənin mövqe və potensialı necə qiymətləndirilir? NATO bu qarşıdurmanın qarşısını ala biləcək, yoxsa bu vəziyyət alyansın özünü dağıda bilər?

Azad Demokratlar Partiyasının və NATO Əməkdaşlıq Təşkilatının sədri Sülhəddin Əkbər “Yeni Müsavat”a bildirib ki, Aralıq dənizində qarşıdurmanın səbəbləri var, bir səbəb dənizin hüquqi statusunun müəyyən olunmamasıdır: “İkinci səbəb Aralıq dənizində böyük karbohidrogen ehtiyatlarının olmasıdır. Üçüncü səbəb geopolitik qarşıdurma, yeni dünya düzəninin qurulmasıdır və orada hər bir oyunçunun öz maraqlarını həyata keçirmək cəhdidir. Ona görə də bütün bu səbəblər üzündən həmin bölgədə qarşıdurmalar baş verir. Eyni zamanda, bu qarşıdurmanın səbəbi təkcə Aralıq dənizi deyil. Məsələyə daha geniş baxmaq lazımdır. Burada Türkiyənin də güclənməsi faktorunu nəzərə almamaq mümkün deyil. Türkiyə yeganə böyük müsəlman ölkəsidir ki, demokratik ölkədir, NATO-nun üzvüdür və güclü orduya sahibdir. Bu baxımdan heç bir xristian ölkəsi ümumiyyətlə Türkiyənin daha da güclənməsini istəmir. Çox təəssüf ki, biz ateist cəmiyyətdən gəldiyimizə görə bu dini faktorun siyasətdə nə qədər önəmli olduğunu hələlik dərk eləyə bilmirik. Bunu da nəzərə almaq lazımdır”.

S.Əkbər gərginliklərin yaşanmasına baxmayaraq, NATO daxilində qarşıdurmanın olmasını, NATO üzvü olan adıçəkilən dövlətlərin arasında müharibənin alovlanmasını gözləmədiyini deyib: “Kiçik toqquşmalar ola bilər, amma NATO elə bir təşkilatdır ki, bu cür konfliktlərin önlənməsi mexanizmləri də var. Odur ki, mən böyük qarşıdurmanın olacağını düşünmürəm. Kiçik toqquşmalar olsa, böyük güclər müdaxilə edəcək və qarşıdurmanın böyüməsinin qarşısını alacaq. Diqqət edirsinizsə, gərginlik artanda ya Almaniya, ya da ABŞ işə müdaxilə edir. Dünən (srağagün-red.) də diqqət etdinizsə, Avropa Birliyinin xarici işlər nazirlərinin görüşündə məsələnin məhz diplomatik yolla həlli haqqında qərar qəbul olundu. Bu, o deməkdir ki, Fransa belə, istədiyi qərarı Avropa Birliyindən keçirə bilmir. Hələ mən Yunanıstanı qoyuram kənara. Qəbul olunan qərar o deməkdir ki, Yunanıstana deyirlər, “Get, Türkiyə ilə masa ətrafında otur, danışıqlarla məsələni həll et, Avropa Birliyi bu məsələdə Türkiyə ilə toqquşan deyil”.

Digər tərəfdən, Türkiyənin artan gücünü, o cümlədən hərbi gücünü nəzərə almaq lazımdır. Türkiyə müasir metodlarla müharibə aparmaq qabiliyyətini həm Suriyada, həm İraqda, həm də Liviyada göstərib və göstərməyə də davam edir. Artıq Türkiyənin hərbi sənaye kompleksi də sürətlə inkişaf edir, Türkiyənin 70 faiz ehtiyacını ödəyir. Bu rəqəm yaxın iki-üç ildə daha da yüksəyə qalxacaq.

Ortaya çıxarılan problemlər də Türkiyənin maraqlarının inkişafının qarşısını almaq, Türkiyəni məhdudlaşdırmaq üçündür. Mənə elə gəlir ki, Türkiyə şərqi Aralıq dənizində ən böyük sahili olan ölkə olduğu, konflikt bölgəsi ona daha yaxın olduğu üçün, eyni zamanda, onun Şimali Kiprdə, Liviyada, Suriyada, şərqi Aralıq dənizində varlığını da nəzərə alsaq, öz maraqlarının inkişafını hərbi təminat baxımından təmin edəcək gücdədir. Ona görə də bir daha ümumiləşdirsək, Türkiyə şərqi Aralıq dənizində öz maraqlarını, fikrimcə, müdafiə edə biləcək”.

S.Əkbərə görə, Türkiyəni siyasi-diplomatik baxımdan zəif duruma salan iki məsələ var və Ankara diqqətini bu istiqamətə yönəltməlidir: “Misir və İsraillə siyasi səbəblərdən münasibətlərinin korlanması Türkiyənin siyasi-diplomatik baxımından xeyrinə deyil. Ona görə də, məncə, Türkiyə bu iki ölkə ilə münasibətlərini normallaşdırma yoluna girərsə, Türkiyənin hərbi gücdən istifadə etməsinə ehtiyac da qalmaz”.