XƏBƏR LENTİ

07 Avqust 2020
06 Avqust 2020

Digər Xəbərlər

20 May 2015 - 21:26

“Şərq tərəfdaşlığı” sammiti: gözləntilər nədir?

Mayın 21-22-də Latviyanın paytaxtı Riqada Avropa İttifaqının (Aİ) xarici əlaqələrində mühüm yeri olan “Şərq tərəfdaşlığı” (ŞT) proqramı üzrə növbəti – sayca 4-cü zirvə görüşü keçiriləcək. Görüşdə Aİ-nin 28 ölkəsinin və “Şərq tərəfdaşlığı”nın altı tərəfdaş ölkəsinin yüksək vəzifəli şəxslərinin, habelə Aİ təsisatlarının siyasi rəhbərliyinin, o cümlədən Avropa Parlamentinin sədri Donald Tuskun, Avropa Komissiyasının sədri Jan Klod Yunkerin iştirakı gözlənilir. Tədbirdə ŞT-nin strateji əhəmiyyəti bir daha vurğulanacaq, proqramın hər hansı üçüncü tərəfə qarşı yönəlmədiyi bəyan ediləcək.

Bundan əlavə, sammitdə Aİ ilə üç tərəfdaş dövlət – Gürcüstan, Moldova və Ukrayna arasında assosiasiya haqqında sazişlərin icrasının ilkin yekunları qiymətləndiriləcək, digər tərəfdaş dövlətlər olan Azərbaycan, Belarus və Ermənistan ilə əməkdaşlığın yeni imkan və perspektivləri nəzərdən keçiriləcək. Bu ölkələrlə ŞT çərçivəsində əməkdaşlığın fərdi xüsusiyyətlərinin nəzərə alınmasının vacibliyinin təsdiqlənəcəyi də istisna olunmur.

Xatırladaq ki, “Şərq tərəfdaşlığı” proqramı Avropa qonşuluq siyasətinin regional ölçüsü kimi, Polşa və İsveç tərəfindən hələ 2008-ci ildə yaradılmışdı və altı keçmiş sovet ölkəsinin Aİ-yə iqtisadi inteqrasiyasını və siyasi yaxınlaşmasını nəzərdə tuturdu. Bu proqram çərçivəsində əməkdaşlıq dörd əsas istiqamətdə aparılır. Bunlar demokratiyanın və qanunun aliliyinin gücləndirilməsi; iqtisadi inteqrasiya və Avropa standartlarına yaxınlaşma; enerji təhlükəsizliyinin möhkəmləndirilməsi; insan əlaqələrinin fəallaşdırılmasıdır.

Amma irəli sürülən layihələrin heç də hamısı sona çatdırılmayıb. Diktə siyasəti və maraq və məqsədlərin birləşdirilməsi, Brüsselin öyrədici tonu, buradan yaranan əsassız tənqid, bəzən həmçinin Azərbaycanın ünvanına yönəlmiş qaralama kampaniyası proqramın ümumi mühiti haqqında nə isə deməyə bilməzdi və bütün bunlar bir sıra layihələrdən imtinaya gətirib çıxardı. Bu ərəfədə sammitin mümkün düzəliş üçün bütün iştirakçılar arasında yayılan birgə bəyannaməsinin layihəsi məlum oldu. Analitiklərin ilkin dəyərləndirmələrinə görə, bəyannamənin hazırkı layihəsindəki fikirlər 2013-cü ildə Vilnüsdə qəbul edilmiş bəyannamədən daha yumşaqdır. Bununla yanaşı, başqa məsələlər də məlumdur.

Bəyannamənin layihəsi növbəti dəfə “hər bir tərəfdaşın Avropa İttifaqı ilə münasibətlərdə can atdığı iddia və məqsədlər səviyyəsini seçmək üzərində suveren hüququnu” təsdiq edir. Qeyd etmək lazımdır ki, sammit dünyadakı kifayət qədər mürəkkəb geosiyasi vəziyyət fonunda keçirilir. Bu baxımdan, gündəlikdə duran əsas məsələlərdən biri, yəqin ki, Ukraynadakı vəziyyət olacaq.

Eyni zamanda, Riqada Aİ və “Şərq tərəfdaşlığı” ölkələrini təmsil edən yüksək səviyyəli siyasi nümayəndələr ŞT proqramının daha da möhkəmləndirilməsi və qarşıda duran məqsədlərə nail olmaq üçün təmsil etdikləri tərəflərin istəklərini təsdiq edirlər. Latviyanın xarici işlər naziri Edqars Rinkeviçs əmindir ki, bu sammit enerji, ticarət, rəqəmsal iqtisadiyyat və ətraf mühitin mühafizəsi sahələrində həm ikitərəfli əlaqələrin yaradılmasına, həm də çoxtərəfli əməkdaşlığın möhkəmləndirilməsinə yönəlmiş “Şərq tərəfdaşlığı” siyasətinin inkişafına aydın baxış nümayiş etdirməlidir.

“Riqa sammitinin məqsədləri iddialıdır, amma Riqa bəyannaməsinin dili və gücü real və praktiki olmalıdır”, – deyə E.Rinkeviçs bildirib.

Bu fikri Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Malena Mard da təsdiq edib. Onun fikrincə, Brüssel “Şərq tərəfdaşlığı” proqramına daxil olan altı ölkənin hər biri ilə ayrı-ayrılıqda əlaqələrə yanaşmalıdır. Bu, həmin ölkələrin maraqları və Aİ ilə əməkdaşlıq etmək istəyi ilə bağlıdır. M.Mard həmçinin əlavə edib ki, Avropa İttifaqı Aİ ilə ikitərəfli strateji əməkdaşlıq barədə saziş və viza rejiminin sadələşdirilməsi və readmissiya ilə bağlı müqavilə imzalayan Azərbaycanla əməkdaşlığın genişləndirilməsində olduqca maraqlıdır.

İstənilən halda, Avropa İttifaqı assosiasiya barədə saziş imzalamayan tərəfdaşlarla əməkdaşlığını təsdiqləməli və müxtəlif istiqamətlərdə fəaliyyət sahələri ilə bağlı anlaşmalı olacaq.

Məlumdur ki, 2013-cü ilin noyabrında “Şərq tərəfdaşlığı”nın Vilnüsdə keçirilən sammitində Ermənistanla da assosiasiya barədə sazişin imzalanması planlaşdırılmışdı. Amma uzun danışıqlardan, vədlərdən və riyakar bəyanatlardan sonra Ermənistan prezidenti Serj Sarkisyan Ermənistanın Gömrük İttifaqına qoşulmaq və Avrasiya İqtisadi İttifaqının yaradılması prosesinə daxil olmaq niyyətini bəyan etdi. Ermənistanın bu qərarı, bu ölkənin Avropa ilə danışıqları praktiki olaraq dayandırdığını və nəticədə, Avropa İttifaqı ilə assosiasiya sazişinin paraflanmasının qeyri-mümkün olduğunu bəyan edən Avropa strukturları və ekspert dairələri tərəfindən tənqidlərə səbəb oldu.

Azərbaycan doğru addım atmış və başlanğıcdan etibarən öz xarici siyasət prioritetləri çərçivəsində hərəkət etmişdir. 2013-cü ildə rəsmi Bakı bəyan etmişdi ki, Avropa İttifaqı ilə bütün üzv ölkələrə təklif olunan assosiativ saziş imzalamağı planlaşdırmır və Brüsseli xəbərdar etmişdi ki, Aİ ölkələri ilə tərəfdaş olaraq fərdi yanaşmanı üstün tutur.

Başlanğıcdan etibarən Azərbaycan ərazi bütövlüyünün tanınmasını və yalnız bundan sonra sazişin təməlinin qoyulacağını tələb etmişdi.

Bir çox ekspertlərin fikrincə, ŞT-nin altı iştirakçı ölkəsi ilə vahid assosiativ saziş ideyası əvvəlcədən uğursuz idi və düşünülməmiş məqsədləri və baş verən siyasi proseslərin xüsusiyyətlərini göstərirdi. Aydındır ki, bu şərtlər daxilində hamı üçün standart, ümumi yanaşmanın qəbul edilməsi kökündən yanlışdır.

Məhz buna görə, Aİ-nin Şərq qonşuları ilə daha fərdi əməkdaşlığın qurulmasına yönəlmiş budəfəki hazırlığı məsələni real vəziyyətə uyğunlaşdırmaq cəhdidir. Doğrudur, bu addımların reallaşdırılması əlavə və olduqca mühüm səylər tələb edir.

“Şərq tərəfdaşlığı” proqramının gələcəyi bir sıra mühüm amillər dərəcəsindən asılıdır. Bu, ilk növbədə, hər bir ölkənin fərdi xüsusiyyəti, böyük əhəmiyyətə malik ümumi geosiyasi vəziyyət və əlbəttə ki, proqramın iştirakçı ölkələrinin maraqlarından ibarətdir. Ən başlıcası isə diktə və daxili işlərə müdaxilə olmadan.

Brüsselin xarici qüvvələrin maraqları naminə bu və ya digər layihənin reallaşdırılmasını məcbur etməməsi də vacibdir. Əməkdaşlığın elə forması yaradılmalıdır ki, “Şərq tərəfdaşlığı” proqramının gələcəyi sual altında olmasın.

Newtimes.az