XƏBƏR LENTİ

24 Oktyabr 2020
23 Oktyabr 2020

Digər Xəbərlər

18 Sentyabr 2020 - 09:39

“DƏYİŞƏN YENİ ŞƏRAİTDƏ İRANLA MÜNASİBƏTLƏRİ NECƏ QURMALI?” –Sülhəddin Əkbərdən hakimiyyətə yeni təkliflər

Sülhəddin ƏKBƏR,

Azad Demokratlar Partiyasının sədri,

istiqlalçı millət vəkili

V yazı

16 iyul 2020-ci il tarixdə “Azərbaycan Respublikasının mövcud durumda ilk növbədə atmalı olduğu kompleks qəti addımlar haqqında” başlığı altında irəli sürdüyüm təkliflər paketinin (https://strateq.az/manshet/447296/sulhəddin-əkbər-hokuməti-dialoqa-cagirdi-təkliflərini-verdi.html) şərhinə həsr etdiyim bu növbəti yazımda isə digər böyük regional müsəlman dövləti olan qonşu İran İslam Respublikası (İİR) ilə münasibətlərin yaranmaqda, formalaşmaqda və davamlı dinamik inkişafda olan yeni strateji şəraitə uyğun qurulması üçün atılması nəzərdə tutulan aktual addımlardan bəhs etmək istəyirəm.

Təbii, Azərbaycan Respublikası qardaş Türkiyə və Pakistanla, ABŞ, Böyük Britaniya, İsrail, NATO və AB ilə yeni qlobal, regional və lokal strateji şəraitə uyğun strateji münasibətlərin qurulması üçün addımların atılmasilə birlikdə, qonşu İran İslam Respublikası ilə münasibətlərin də bu şəraitə uyğun qurulması üçün – eynizamanlı, paralel olmaqla – qəti addımlar atmalıdır.

Teokratik İran rejimi ilə münasibətlərin qurulması çox həsas məsələdir

Öncəliklə qeyd edim ki, bu, çox həssas məsələdir. Və bu həssaslığın, tarixlə və bu günlə bağlı olmaqla, çoxsaylı səbəbləri vardır.

Əsas tarixi səbəblər, birincisi, Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin (1918-1920-ci illər) varisi elan olunsa da, müasir Azərbaycan dövlətçiliyinin erkən dövrünün başlanğıcı Səfəvilər Dövlətindən (1501-1736-cı illər) götürülsə də, əslində, onun tarixi köklərinin Ağqoyunlu (1468-1503-cü illər), Qaraqoyunlu (1375-1469-cu illər), hətta Azərbaycan Atabəyləri və ya Eldənizlər dövlətinədək (1136-1225-ci illər), tarixin dərinliklərinə gedib çıxmasıdır.

İkincisi, Rusiya İmperiyasının Şimali Azərbaycanı işğal və ilhaq etməsi, I (1804-1813-cü illər) və II (1826-1828-ci illər) Rusiya-Qacarlar müharibəsindən, Gülüstan və Türkmənçay müqavilələrinin imzalanmasından sonra Şimali Azərbaycanın Qacarlar Dövlətindən, eyni zamanda Cənubi Azərbaycandan qoparılaraq ayrılmasıdır.

Üçüncüsü, böyük sui-qəsd və xəyanət nəticəsində türklərin Qacarlar Dövlətində hakimiyyəti itirməsi və farsların hakimiyyət ələ keçirməsidir (1923-1925-ci illər).

Dördüncüsü, fars şovinizmi və mədəniyyətinin hakim mövqeyinin güclənməsi və möhkəmlənməsidir.

Bu günlə bağlı əsas səbəb isə teokratik İİR rejiminin hazırda Azərbaycan Respublikasına yönəlik olan başlıca aktuallaşmağa açıq potensial xarici təhdid olmasıdır.

Bu məsələyə hələ bir neçə il öncə “Dövlət siyasətinin əsasları” kitabında, “Azərbaycan Respublikasına yönəlik əsas təhlükələr və onların analizi” mövzusunda (səh. 265-303) yer ayırmışdım. Azərbaycan Respublikasına yönəlik əsas “aktuallaşmağa açıq və  meylli potensial xarici təhdidlər” sırasında teokratik İİR rejimini analiz edib (səh. 276-278) qiymətləndirmişdim (səh. 300-301). Həmin analiz və qiymətləndirməm bu gün də dəyişməyib. Belə ki, teokratik İİR rejimi bu gün də, qeyd etdiyim kimi, Azərbaycan Respublikasına yönəlik olan əsas aktuallaşmağa açıq və  meylli potensial xarici təhdiddir.

Teokratik İİR rejimindən Azərbaycan Respublikasına yönəlik olan bu potensial təhdidin iki əsas səbəbi vardır. Birinci səbəb odur ki, İİR-in teokratik rejimi:

– dünyəvi, azad və demokratik dövlət quruculuğu yolu seçən;

– demokratik dünya ilə inteqrasiyaya açıq olan və qismən inteqrasiyaya gedən;

– qonşu Gürcüstanla birlikdə Cənubi Qafqaz və Xəzər regionunun qapılarını ABŞ və Qərbə açan müstəqil Azərbaycan Respublikasını özünə qarşı ciddi “yumşaq təhdid” hesab edir.

Çünki baş tutmuş, uğurlu dünyəvi, azad və demokratik, müstəqil Azərbaycan Respublikası həm İranda, ələlxüsus Cənubi Azərbaycanda yaşayan türklər, həm də bütün İran xalqı üçün çəkici, cəlbedici “pis nümunə” ola bilər.

İkinci səbəb isə odur ki, aqressiv, yayılmaçı xarici siyasət aparan və Şimali Azərbaycanı öz tarixi coğrafiyasının zorla qoparılmış bir hissəsi, eyni zamanda perspektiv, potensial yayılma sahəsi hesab edən teokratik İİR rejimi Azərbaycan Respublikasını potensial olaraq öz təsir sferasında görür.

Təbii, niyyəti bəlli olan teokratik İran rejiminin bu niyyətini həyata keçirmək üçün yetərli siyasi iradəsinın, həmçinin müəyyən imkan və qabiliyyətinin mövcud olması da nəzərə alınmalıdır. Bunun anlaşılması üçün İİR-in apardığı regional siyasətin, “şiə məkanı”ndakı, xüsusən də İraq, Suriya, Livan, Yəmən, Bəhreyn və Səudiyyə Ərəbistanındakı bu günkü artan nüfuzu və təsirinin, oynadığı rolun, eyni zamanda Azərbaycan Respublikasına qarşı apardığı real, praktiki siyasətin nəzərə alınması yetərlidir.

Şübhəsiz, İranın şiə (!) dövləti olmasına baxmayaraq, teokratik rejimin ölkəmizin açıq düşməni, xristian (!) dövləti olan işğalçı Ermənistanla xüsusi münasibətlər qurması, bu münasibətləri davamlı inkişaf etdirməkdə olması da unudulmamalıdır.

Bəs yeni strateji şəraitdə teokratik İran rejimilə münasibətləri necə qurmalı və bu təhdidi necə önləməliyik?

Məsələnin çox həssas olduğunu nəzərə alaraq, məlum təkliflər paketinin siyasi-diplomatik sahəyə aid olan hissəsində yalnız onu göstərmişdim ki, demokratik siyasi strateji seçim edən, “Azərbaycan Respublikasının demokratiyaya yumşaq keçid strategiyası”(https://strateq.az/siyaset/429209/sulhəddin-əkbər-demokratiyaya-yumsaq-kecid-strategiyasini-pa-ya-təqdim-etdi.html) qəbul edən rəsmi Bakı, aktiv kompleks siyasi-diplomatik fəaliyyətə başlamalı, eyni zamanda İİR-ə yönəlik siyasətdə Azərbaycan türkləri amilini aktiv, səmərəli və effektli ictimai-siyasi təsir amilinə çevirməlidir.

Məlum səbəbdən həmin təkliflər paketinin müdafiə, kəşfiyyat və təhlükəsizlik sahələrinə aid olan hissəsində isə İİR-lə bağlı heç bir şey qeyd etməmiş, göstərməmişdim.

Qeyd etdiyim kimi, ümumiyyətlə qonşu İranla, teokratik İran rejimi ilə münasibətlərin qurulması xüsusi həssaslıq tələb edən məsələdir. Yeni dünya nizamı quruculuğunun və geopolitik qarşıdurmanın həlledici mərhələyə daxil olduğu, dünyada və regionda yeni strateji şəraitin yarandığı indiki dövrdə, təbii ki, bu həssaslıq daha da artmışdır.

Onu da qeyd edək ki, hazırda teokratik İİR rejiminin Azərbaycan Respublikası ilə bağlı qeyri-dost niyyəti və siyasi iradəsi olsa da, onun bu niyyətini həyata keçirməsi üçün malik olduğu müəyyən imkan və qabiliyyəti mövcud qlobal və regional geopolitik, geostrateji və hərbi-siyasi şəraitdə və şərtlərdə, xüsusən də qardaş Türkiyənin regionda və ölkəmizdə nüfuz və təsirinin artdığı bir vaxtda yetərli deyildir.

Ona görə də bu potensial xarici təhdid, qeyd edildiyi kimi, aktuallaşmağa açıq və meylli olsa da, hələlik hazır deyil. Çünki mövcud şəraitdə onun aktuallaşmasının qarşısını alan, teokratik İİR rejiminin mövcud imkan və qabiliyyətini məhdudlaşdıran bir çox ciddi amil vardır. Bu amillər ilk növbədə:

– yeni dünya nizamı quruculuğunun və geopolitik qarşıdurmanın həlledici mərhələyə daxil olması və risklərin artması;

– dünyada və regionda, eyni zamanda qonşu Orta Şərq regionunda mövcud olan geopolitik, geostrateji və geoekonomik şəraitin daha da mürəkkəbləşməsi və ağırlaşması;

– rejimin yayıldığı Orta Şərq regionundan sıxışdırılmağa başlanılması;

– eyni zamanda İran məsələsinin beynəlxalq gündəliyə gəlməsi, ona qarşı ağır sanksiyaların yenidən tətbiq edilməyə başlaması;

– teokratik İİR rejiminin siyasi, maliyyə-iqtisadi və hərbi gücünün məhdudlaşdırılması;

– koronavirus pandemiyası və neftin qiymətinin kəskin düşməsilə birlikdə, onun gətirdiyi əlavə ağır yük;

– postsovet məkanının lideri, eyni zamanda Cənubi Qafqaz və Xəzər regionunun dominant hərbi-siyasi gücü olan neoimperialist RF-nin öz üstün regional geopolitik və geostrateji mövqeyini hələ də qoruyub saxlaması;

– digər tərəfdən Azərbaycan Respublikası ilə strateji tərəfdaşlıq və qarşılıqlı hərbi yardım müqaviləsi olan qardaş Türkiyənin son dövrdə yeni həmlələr etməsi, regionda, xüsusən də ölkəmizdə öz nüfuz və təsirini əhəmiyyətli dərəcədə artırması;

– böyük qlobal və regional güclərin – ABŞ, NATO və AB-nin, eyni zamanda Böyük Britaniya və İsrailin regionda, o cümlədən Azərbaycanda geopolitik, geostrateji və geoekonomik, eyni zamanda siyasi, hərbi və iqtisadi maraqlarının olması;

– və bütün bu güclərin hamısının teokratik İİR rejiminin regionumuzda, xüsusən də Azərbaycanda sıxışdırılmaqda və məhdudlaşdırılmaqda maraqlı olmasıdır.

Bu səbəblə, teokratik İİR rejiminin regionda, ələlxüsus ölkəmizdə maraqları olan bu böyük qlobal və regional güclərin hamısına qarşı eyni zamanda hərəkətə keçməsi, təbii, ən azı, hələlik qeyri-mümkündür.

Lakin o da unudulmamalıdır ki, yeni dünya nizamı quruculuğu və geopolitik qarşıdurma həlledici mərhələyə daxil olduğundan, qlobal və regional durum da dinamik olaraq dəyişməkdədir. Teokratik İİR rejimi qonşu regionlarda – Yaxın və Orta Şərqdə, xüsusən də İraq, Suriya, Livan, Səudiyyə Ərəbistanı, Bəhreyn və Yəməndə sıxışdırılmağa başlansa da, hələ ki, müqavimət göstərməyə davam edir. Yəni, rejim “şiə məkanı”ndakı öz strateji hədəflərindən vaz keçmək niyyətində deyildir. Üstəlik, onun ölkəmizdən sıxışdırılıb çıxarılmasına hələlik heç start da verilməyibdir.

Şimali Azərbaycanda Cənubi Azərbaycan, eyni zamanda bütün İran üçün çəkici nümunə ola biləcək müasir dünyəvi, azad və demokratik, müstəqil dövlətin – Azərbaycan Respublikasının baş tutmasında, müstəqilliyinin və suverenliyinin möhkəmlənməsində, təbii, həm də ərazi bütövlüyünün bərpa olunmasında maraqlı olmayan teokratik İİR rejimi mövcud şəraitdə:

– militarist və aqressiv xarici, eyni zamanda regional siyasət aparmaqla;

– regional siyasətini regionda destruktiv rol oynayan neoimperialist RF və işğalçı Ermənistan Respublikası (ER) ilə koordinasiya etməklə;

– onlarla sıx tərəfdaşlıq və əməkdaşlıq etməklə;

– özünü qismən iqtisadi blokada şəraitinə salan işğalçı ER-ə əlavə “nəfəslik” açmaqla, ona iqtisadi, ticari, enerji və nəqliyyat sahələrində dəstək verməklə;

– Xəzərdə hərbi varlığını və aktivliyini artırmaqla, sərhədləri yaxınlığında silahlı qüvvələrini cəmləməklə;

– zaman-zaman hava və su sərhədlərini pozmaqla;

– demokratik inkişafına, demokratik dünyaya açılmasına və inteqrasiya olmasına qarşı çıxmaqla;

– hərtərəfli və davamlı iqtisadi inkişafına yarıaçıq-yarıgizli müxtəlif əngəllər yaratmaqla;

– ətrafında əlverişsiz əhatənin yaradılmasında aktiv iştirak etməklə;

– daxilində aktiv dini-siyasi, dini-ideoloji və kəşfiyyat fəaliyyəti aparmaqla;

– milli birliyin yaradılmasına və möhkəmləndirilməsinə gizli mane olmaqla;

– ölkəmizə qarşı, hələlik aktual olmasa da, aktuallaşmağa açıq və meylli təhdid yaradır.

Üstəlik, Azərbaycan Respublikası ilə bağlı qeyri-dost niyyəti və siyasi iradəsi olan teokratik İİR rejimi bu niyyətini həyata keçirmək üçün davamlı hazırlıq vəziyyətində olub, mövcud imkan və qabiliyyətini, milli strateji gücünü və hazırlığını davamlı olaraq artırmaqdadır.

Azərbaycan Respublikası bütün bunları nəzərə almalı, həm ümumi strateji məqsədinə – daxili gücünü artırmağa və qurulacaq yeni beynəlxalq münasibətlər sistemində layiqli yer tutmağa, həm də aktuallaşmağa açıq və meylli olan bu əsas potensial xarici təhdidi önləməyə nail olmaq üçün eynizamanlı və paralel olaraq:

strateji planda “Demokratikləşməli, demokratik dünyaya inteqrasiya etməli və sürətli qloballaşmaya aktiv uyğunlaşmalı” və “Demokratikləşməli, bütövləşməli və sahiblənməli, böyüməli və tarixi zaman yolçuluğuna böyük dövlət kimi davam etməli” strategiyalarını izləməli;

operativ-taktiki planda isə “Demokratiyaya yumşaq keçid strategiyası”nı qəbul edib həyata keçirməli;

– teokratik İİR rejiminin regionumuzda, xüsusən də Azərbaycanda sıxışdırılmasında və məhdudlaşdırılmasında maraqlı olan təbii və potensial müttəfiqlərilə – Türkiyə, Pakistan, ABŞ, Böyük Britaniya, İsrail, AB və NATO ilə münasibətləri strateji səviyyəyə qaldırmaq üçün göstərilən qəti addımları atmalı;

– eyni zamanda İranla bağlı xüsusi strategiya və siyasət işləyib hazırlayaraq həyata keçirməli, ilk növbədə İİR-ə yönəlik siyasətdə Azərbaycan türkləri amilini aktiv, səmərəli və effektli ictimai-siyasi təsir amilinə çevirməlidir.

Yeri gəlmişkən, burada hələ ki, toxunmadığım iki məsələyə də aydınlıq gətirməliyik.

Birincisi, “Demokratikləşməli, bütövləşməli və sahiblənməli, böyüməli və tarixi zaman yolçuluğuna böyük dövlət kimi davam etməli” strategiyasıdır. Əslində, bu məsələyə – “Azərbaycan Respublikasının tarixi inkişaf strategiyası və təbii tarixi inkişaf perspektivi” məsələsinə “Dövlət siyasətinin əsasları” kitabında geniş toxunmuşam (səh. 495-507). Və bu mövzuya keçməmişdən həmən öncə orada (səh. 495) qeyd etmişəm ki, “Azərbaycan Respublikasının milli və perspektiv inkişaf maraqlarının, eyni zamanda müasir dövrün və mövcud şəraitin diqtə etdiyi, göstərdiyi təbii tarixi inkişaf yolu da demokratikləşmə, bütövləşmə və sahiblənmə, böyümə və tarixi zaman yolçuluğuna böyük milli dövlət kimi davametmə yoludur”.

Yenə orada qeyd etdiyim kimi, “Azərbaycan Respublikasının təbii tarixi inkişaf strategiyasının birinci mərhələsi olan demokratikləşmə mərhələsi ilkin tarixi-siyasi inkişaf mərhələsi olub, onun demokratikləşməsini, AB və NATO-ya üzv olmaqla azad dünyaya tam inteqrasiyasını və qloballaşmaya aktiv uyğunlaşmasını, eyni zamanda regionda (öz tarixi coğrafiyası başda olmaqla) və dünyada  demokratiyanın genişlənməsini dəstəkləməsini nəzərdə tutur.

Azərbaycan Respublikasının təbii tarixi inkişaf strategiyasının ikinci mərhələsi olan bütövləşmə mərhələsi həlledici tarixi-siyasi inkişaf mərhələsi olub, böyük tarixi ədalətsizliyin ortadan qaldırılmasını və Azərbaycanın bütövləşməsini və ya bütövləşdirilməsini nəzərdə tutur.

Milləti təşkil edənlər də, dövləti quranlar da canlı insanlar olduğundan, millət də, dövlət də canlıdır. Hər bir canlı orqanizm kimi, onlar da təbii olaraq bir bütövdür və zorla ayrılarsa belə, hər zaman bütövləşməyə can atacaqlardır. Yaradılışdan bir bütöv olan canlının zorla ayrıldıqdan və ya bölündükdən sonra bütövləşməyə, yenidən bir can olmağa can atmasından təbii nə ola bilər?!

Azərbaycanın bütövləşməsi azadlıq və demokratiyadan keçir. Liberallaşma və demokratikləşmə yolunu seçən  Azərbaycan Respublikası və İranın sıx inteqrasiyasını, birliyini, eyni zamanda Şimali və Cənubi Azərbaycanın bütövləşməsini bu dövlətlərin tarixi-siyasi inkişafının məntiqi, həmçinin qloballaşma və sıx regional inteqrasiyanın qaçılmazlığı təbii olaraq diqtə edəcəkdir.

Şimali və Cənubi Azərbaycanın bütövləşməsi, Azərbaycan Respublikasının öz tarixi ana coğrafiyasına qovuşması və təbii tarixi inkişaf axarına düşməsi, qaçılmaz milli dirçəlişi və yüksəlişi rus işğalı və bölünmə ilə başlayan dərin tarixi travmanın Azərbaycan türklərində yaratdığı böyük milli natamamlıq kompleksini ortadan qaldıracaq, onlarda həmqurucusu və tarixi-siyasi varisi olduqları böyük dövləti və dövlətçiliyi yenidən sahiblənməyə imkan verən milli tamlıq, özünəinam və özü-özünə yetərlilik duyğusu yaradacaqdır.

Şimali və Cənubi Azərbaycanın bütövləşməsi ilə bərabər, qurucusu olduğumuz bütün dövlətləri, böyük tarixi dərinlikli dövlətçilik tariximizi, xüsusən də böyük Səfəvilər Dövləti ilə başlayan müasir dövlətçiliyimizi sahiblənməmiz, milli kimliyimizi tam olaraq dərk etməmiz bizə elə bir güc, inam və ruh yüksəkliyi verəcəkdir ki, nəinki Azərbaycanın parçalanması (1813-1828-ci illər) və Azərbaycan türklərinin İranda hakimiyyəti itirməsi (1923-1925-ci illər) sonrası formalaşan tarixi dərinlikli milli komplekslərimizdən, xüsusən də milli-mədəni komplekslərimizdən, qorxularımızdan və qüsurlu tarixi-siyasi reflekslərimizdən xilas olacaq, İranla birləşmədən çəkinməyəcək, böyük ehtimalla, tam tərsinə sonuncunun bundan çəkinməsinin şahid olacağıq.

Azərbaycan Respublikasının təbii tarixi inkişaf strategiyasının üçüncü mərhələsi olan böyümə mərhələsi bütöv Azərbaycanın keyfiyyətcə böyüməsini, onun inkişaf etmiş müasir böyük dövlətə çevrilməsini nəzərdə tutur.

Azərbaycan Respublikasının Cənubi Azərbaycanla və ya bütöv Azərbaycanın demokratik İranla bütövləşməsi, çox böyük tarixi hadisə olsa da, milli strateji gücümüzün də bütövləşərək böyüməsinə gətirib çıxarsa da, hələ özü-özlüyündə keyfiyyətcə böyük Azərbaycan və ya Azərbaycan-İran dövlətinin (Təbii ki, bu ad şərtidir, çünki gələcək vahid dövlətin adının öncədən müəyyən edilməsi qeyri-mümkündür) qurulması anlamına gəlmir. Bu hədəfə çatmaq üçün bütöv Azərbaycan böyümə mərhələsini keçməli, öz tarixi-siyasi inkişafına bütövləşmiş tarixi coğrafiyasında və təbii tarixi inkişaf axarında uzun müddət davam etməli, demokratikləşmiş və sənayeləşmiş, inkişaf etmiş müasir böyük dövlətə çevrilməlidi.

Azərbaycan Respublikasının təbii tarixi inkişaf strategiyasının dördüncü və sonuncu mərhələsi olan tarixi zaman yolçuluğuna böyük dövlət kimi davam etmə mərhələsi isə demokratikləşmiş, bütövləşmiş və müasir böyük dövlətə çevrilmiş Azərbaycanın tarixi zaman yolçuluğuna kəsintisiz davamlı olaraq məhz belə bir dövlət kimi davam etməsini nəzərdə tutur.

Təbii tarixi inkişaf axarına dönmüş, tarixi ana coğrafiyasına qovuşmuş və müasir böyük dövlət olmuş Azərbaycan (Azərbaycan-İran federasiyası və ya konfederasiyası və ya birliyi) bu mərhələdə də azad milli iradəsi ilə seçdiyi öz tarixi inkişaf perspektivi yönündə durmadan inkişaf etməli və tarixi zaman yolçuluğuna davam etməlidir.

Burada toxunmalı olduğumuz ikinci məsələ isə, İranla bağlı xüsusi strategiya və siyasətin işlənib hazırlanaraq həyata keçirilməsi, ilk növbədə teokratik İİR-ə yönəlik siyasətdə Azərbaycan türkləri amilinin aktiv, səmərəli və effektli ictimai-siyasi təsir amilinə çevrilməsidir.

Hər şeydən öncə, təəssüflə qeyd edək ki, əlimizdə İran əhalisinin etnik tərkibi haqqında dəqiq, etibarlı məlumat yoxdur. Müxtəlif dəyərləndirmələrə əsasən, İran əhalisi daxilində Azərbaycan türklərinin payı 25-50% arasında göstərilir. İranla məşğul olan milli alimlərimizin dəyərləndirmələrinə əsasən, bu ölkənin əhalisinin, ən azı, 43-45%-i Azərbaycan türkləridir. Üstəlik, türklər İranda etnik azlıq deyil, əksinə etnik çoxluqdur.

Buna, eyni zamanda Böyük Səlcuq İmperiyası (1038-1157/1194-cü illər) dövründən tutmuş Qacarlar Dövlətinin (1785-1925-ci illər) süquta uğradılmasınadək olan, təqribən, 9 əsrlik uzun tarixi dövr ərzində türklərin bu coğrafiyada hakim güc olmasına baxmayaraq, 1923-1925-ci illərdə həyata keçirilən xarici dəstəkli böyük sui-qəsd və xəyanətdən, Pəhləvilərin hakimiyyətə gətirilməsindən sonra fars dili və mədəniyyəti tam hakim mövqeyə keçmiş, Azərbaycan türkləri isə əzilməyə, assimilyasiyaya məruz qalmağa başlamışlar. 1979-cu ildə İranda monarxiyanın devrilib islam rejimi ilə əvəz olunmasına baxmayaraq, fars ünsürü, amili öz dominant mövqeyini qorumuş və türklərə qarşı aparılan assimilyasiya və zülm siyasəti bu gün də davam etdirilməkdə, türk kimliyi silinməyə, yox edilməyə çalışılmaqdadır.

Azərbaycan Respublikası bütün bu amilləri nəzərə almalı, İranla bağlı  xüsusi siyasi strategiya və siyasət işləyib hazırlamalı, teokratik İİR-də basdırılmış, arxa plana itələnmiş, lakin böyük gücə sahib olan potensial türk amilinin yenidən ön plana, ardınca hakim mövqeyə çıxmasını, çıxardılmasını əsas siyasi-strateji hədəflərindən biri olaraq müəyyən etməlidir.

Azərbaycan Respublikası öz təbii müttəfiqlərilə birlikdə bu siyasi-strateji hədəfinə nail olmaq üçün çoxsəviyyəli, çoxyönlü, çoxölçülü və müxtəlif sürətli kompleks siyasət həyata keçirməli:

– İrana yönəlik siyasətdə beynəlxalq birliklə, xüsusilə başda qardaş Türkiyə olmaqla strateji münasibətlər quracağı dövlətlərlə birgə hərəkət etməli;

– öz siyasətini, başda qardaş Türkiyə olmaqla, bu dövlətlərlə koordinasiya etməli;

– İranda demokratiya və insan haqlarını, eyni zamanda Azərbaycan türklərinin konstitusiya hüquqlarını (başda dil olmaqla) və milli-mədəni haqlarını müdafiə etməli, bundan çəkinməməli;

– İranda, xüsusən də Cənubi Azərbaycan və Tehranda yaşayan bütün soydaşları ilə sistemli, davamlı əlaqələr qurmalı, ardınca bu əlaqələri inkişaf etdirməli, sıxlaşdırmalı və gücləndirməli;

– bütün İran müxalifətilə, ələlxüsus milli müxalifətlə təmasa keçərək dialoqa başlamalı;

– parlamentdəki türk fraksiyası (Türkdilli Deputatlar Fraksiyası) ilə güclü, sıx əlaqələr qurmalı, bu əlaqələri institusional əsasa oturtmalı;

– eyni zamanda İranın türk elitası ilə güclü, sıx əlaqələr qurmalı, bu əlaqələrdən məqsədyönlü, səmərəli və effektli istifadə etməli;

– dünyadakı ən böyük diasporasının (əslində, burada “diaspora” ifadəsi şərti işlədilir) və potensial lobbisinin təşkilatlanmasının yollarını aramalı və tapmalı;

– Azərbaycan türklərinin siyasi maariflənməsi, siyasi proseslərdə iştiraka həvəsləndirilməsi, sövq edilməsi öncəliklərdən olmalı;

– onların ölkənin ictimai-siyasi həyatında aktiv iştirakı stimullaşdırılmalı, təşviq edilməli;

– beləliklə, Azərbaycan türkləri İranın dövlət və hökumət siyasətinə aktiv, səmərəli və effektli ictimai-siyasi təsir amilinə çevrilməlidir.

Azərbaycan Respublikası:

– teokratik İran rejiminin ölkəmizə düşmən olan Ermənistana və dost olmayan Rusiyaya yönəlik mövcud siyasətinə ciddi təsir etməyə və onu müsbət yöndə dəyişməyə;

– ümumiyyətlə, özünə yönəlik olan teokratik İİR rejimi qaynaqlı aktuallaşmağa açıq və meylli potensial xarici təhdidin ortadan qaldırılmasına yalnız bu halda nail ola bilər.

Bir daha qeyd edək ki, Azərbaycan Respublikasının teokratik İİR-lə bağlı xüsusi siyasi strategiyası və onun əsasında  işləyib hazırlayacağı kompleks siyasəti çoxsəviyyəli olmalı və bu qaydada da – dövlət, hökumət, müxalifət, ictimaiyyət, ictimai birliklər, qruplar, ayrı-ayrı şəxslər və s. səviyyəsində də həyata keçirilməlidir. Yəni, “iş bölgüsü” aparılmalıdır.

Bu strategiya və siyasətin başlıca vəzifəsi – Azərbaycan türklərinin İranın dövlət və hökumət siyasətinə aktiv, məqsədyönlü, səmərəli və effektli ictimai-siyasi təsir amilinə çevrilməsi, başlıca məqsədi isə Azərbaycan Respublikasına yönəlik olan teokratik İİR rejimi qaynaqlı aktuallaşmağa açıq və meylli əsas potensial xarici təhdidin ortadan qaldırılması olmalıdır.

Strateq.az