XƏBƏR LENTİ

31 Oktyabr 2020
30 Oktyabr 2020

Digər Xəbərlər

29 Sentyabr 2020 - 12:13

İlyas İsmayılov Qarabağ ermənilərinə müaricət etdi:“Şovinizmə qarşı mübarizədə öz dövlətinizin tərəfində dayanın!”

Dağlıq Qarabağın yerli erməni sakinləri Azərbaycan Respublikasının vətəndaşlarıdır. Əzəli torpaqlarımız işğal olunduğu kimi, ordakı vətəndaşlarımız da 30 ildir ki, Ermənistan Silahlı Qüvvələrinin əsarətində yaşayırlar”.

Strateq.az Ovqat.com-a istinadla xəbər verir ki, bu sözləri Ədalət partiyasının sədri, hüquq elmləri doktoru İlyas İsmayılov bölgədə gedən son döyüşləri şərh edərkən deyib.

Partiya sədrinin fikrincə, Azərbaycan ordusunun işğalçılara qarşı apardığı mübarizə həm də erməni vətəndaşlarımızı əsarətdən qurtarmaq məqsədi daşıyır və ən çox onların mənafeyinə qulluq edir: “Sirr deyil ki, erməni işğalı məruz qalandan bəri bu bölgə bütün dünyadan təcrid olunub və ordakı vətəndaşlarımız Azərbaycanın iqtisadi və siyasi uğurlarından faydalana bilmirlər. Mən uzun illər Azərbaycanın müxtəlif dövlət orqanlarının rəhbəri olmuşam və Dağlıq Qarabağdakı inzibati strukturlarda çalışan ermənilərlə vaxtaşırı əlaqə saxlamışam. Onlar da erməni fitnəsinə qarşı çıxır və Azərbaycana sədaqət nümayiş etdirirdilər. Hətta Xocalı aeroportunun rəhbəri məhz bu mövqeyinə görə erməni separatçılarının terroruna məruz qalmış, ailəsi ilə birlikdə qətlə yetirilmişdi. Mən həmişə o ailəni müqəddəs torpaqlarımız uğrunda apardığımız mübarizənin ilk şəhidlərindən sayıram və hesab edirəm ki, onlar indiyədək öz fədakarlıqlarının layiqli qiymətini ala bilməyiblər. Məhz bu səbəbdən də Dağlıq Qarabağdakı erməni vətəndaşlarımız separatizmin zülmünə boyun əyməli olublar. Rəsmi Bakıdan bu faktı araşdırıb həmin ailəyə şəhidlik statusu verməsini arzulayıram. Heç kimin haqqı yerdə qalmamalıdır”.

İlyas İsmayılov Azərbaycan ordusunun Dağlıq Qarabağda apardığı döyüşlərdə mülki vətəndaş-hərbçi ayrımı etməsini yüksək qiymətləndirir və bunun erməni vətəndaşlarımız üçün gözəl mesaj olduğunu düşünür: “İstər Ermənistan, istərsə də Rusiya mətbuatından bölgədə aparılan antiterror əməliyyatlarını izləyirəm. Erməni rəsmilərinin özləri də etiraf edirlər ki, Azərbaycan əsgərinin yeganə hədəfi hərbi birləşmələrdir. Təsadüfi deyil ki, rəsmi İrəvanın etirafına görə, döyüşlərdə 100-ə yaxın hərbi qulluqçusunu itirib. Mülki itkiləri isə cəmi 2-3 nəfərdir. Onlar da yəqin əsgərlərə yardım göstərərkən öldürülüblər”.

Partiya sədri Dağlıq Qarabağdakı əsir vətəndaşlarımıza konflikt başlamamışdan əvvəlki günləri xatırladaraq bildirib ki, o zaman ermənilər nəinki həmin vilayətdə, hətta Bakının özündə belə gözəl həyat sürürdülər: “Azərbaycanın iqtisadi və siyasi həyatında ən mühüm yer tutan bu insanlar erməni şovinistlərin başlatdığı təxribatın qurbanına çevrildilər. Konfliktdə fərd olaraq ən çox itirən də onlar oldu. Bu gün belə erməni şovinizmi Dağlıq Qarabağdakı vətəndaşlarımıza ən böyük zərbəni vurmaqdadır. Azərbaycan “Madrid prinsipləri”nə uyğun olaraq, Dağlıq Qarabağ ətrafındakı ərazilərin sülh yolu ilə qaytarılması müqabilində vilayətin muxtar statusunu tanıyacağını bəyan edir. Erməni şovinizminin maksimalist mövqeyi nəticəsində bu xoş niyyət öz bəhrəsini vermir və ordumuz indi həmin bölgədə dövlət suverenliyini silahlı yolla bərpa etmək əzmindədir. Nəticədə erməni vətəndaşlarımızı öz məkrli niyyətlərinin qurbanına çevirən şovinistlər onları yerindən-yurdundan didərgin salmağa çalışır”.

İlyas İsmayılov məhz bu amilləri nəzərə alıb Dağlıq Qarabağdakı erməni vətəndaşlarımıza rasional düşünməyə və separatizmə qarşı mübarizədə öz dövlətinə yardım etməyə çağırır.