XƏBƏR LENTİ

21 Oktyabr 2020

Digər Xəbərlər

08 Oktyabr 2020 - 11:17

QDİƏT PM-də Ermənistanın təxribatları müzakirə olunub –Konfrans

Oktyabrın 7-də Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisinin (QDİƏT PM) Mədəniyyət, təhsil və sosial məsələlər Komitəsinin 55-ci iclası videokonfrans formatında keçirilib. 

Videokonfransda qurumdakı Azərbaycan nümayəndə heyətinin üzvlərindən Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyevlə deputat Ramin Məmmədov, digər üzv ölkələrin – Rusiya, Türkiyə, Gürcüstan, Ukrayna, Moldova, Albaniya, Bolqarıstan, Yunanıstan, Rumıniya, Serbiya və Ermənistanın nümayəndələri iştirak ediblər.

Videokonfransı Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisinin Baş katibi Asəf Hacıyev açaraq nümayəndə heyətlərini salamlayıb.

Sonra gündəlik qəbul olunub, QDİƏT PM Mədəniyyət, təhsil və sosial məsələlər Komitəsinin bu ilin iyulunda keçirilmiş 54-cü iclasının protokolu təsdiqlənib.

“Pandemiya ilə mübarizədə parlamentlərin rolu: sosial aspektlər” mövzusuna həsr olunmuş 55-ci iclasda hesabat məruzəsini Azərbaycan nümayəndə heyətinin üzvü Musa Quliyev təqdim edib. Bildirib ki, hazırkı məruzə Azərbaycan, Bolqarıstan, Gürcüstan, Moldova, Rumıniya, Rusiya, Serbiya, Türkiyə və Ukrayna milli nümayəndə heyətlərinin təqdim etdikləri informasiyalar əsasında hazırlanıb.

Məruzəçi vurğulayıb ki, Azərbaycan dünya miqyasında koronavirusla mübarizəyə böyük dəstək verib, pandemiya başlanandan etibarən Ümumdünya Səhiyyə Təşkilatı ilə yaxından əməkdaşlıq edib.

Məruzə ətrafında çıxışlarda öncə Mədəniyyət, təhsil və sosial məsələlər Komitəsinin sədri Metin Gündoğdu 2020-ci ildə dünyanı cənginə alan COVİD-19-la bağlı yaranmış vəziyyətdən söz açıb. Türkiyədə koronavirusla mübarizə çərçivəsində həyata keçirilən tədbirlər barədə ətraflı məlumat verib.

Gürcüstan nümayəndə heyətinin üzvü Zaza Qabuniya ölkəsində bu istiqamətdə görülmüş işlərdən söz açıb.

Daha sonra Ermənistan nümayəndə heyətinin üzvü Anuş Beqloyanın  mövzudan yan keçərək Dağlıq Qarabağ problemi və cəbhə xəttindəki vəziyyətlə bağlı reallıqdan uzaq, qeyri-obyektiv fikirlərinə Azərbaycan nümayəndə heyətinin üzvləri dərhal cavab veriblər.

Tədbirdə Bolqarıstanın nümayəndəsi Petar Kınevin çıxışından sonra məruzə ətrafında diskussiyalar yekunlaşıb. İclasda  “Pandemiya ilə mübarizədə parlamentlərin rolu: sosial aspektlər” mövzusunda hesabatın layihəsi təsdiqlənib və sənədin Baş Assambleyada təqdim olunması üçün müəllif Musa Quliyev məruzəçi təyin olunub. Komitə üzvləri yekdil səslə tövsiyə layihəsini də təsdiqləyiblər.

Videokonfransda QDİƏT Parlament Məclisinin Baş katibi Asəf Hacıyev iqlim dəyişiklikləri ilə əlaqədar qurumun təkliflərini diqqətə çatdırıb.

İclasda QDİƏT-in nümayəndəsi Sergey Qonçarenko Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının fəaliyyəti haqqında danışıb, 2021-ci ilə dair iş planı barədə məlumat verib.

Həmin gün Qara Dəniz İqtisadi Əməkdaşlığı  Parlament Məclisinin İqtisadi, ticarət, texnologiya və ekologiya məsələləri komitəsinin də 55-ci iclası  keçirilib. Onlayn toplantıda qurumdakı Azərbaycan nümayəndə  heyətinin üzvləri, deputatlar – Eldar İbrahimov və  Elşad Mirbəşiroğlu iştirak  ediblər.

Gündəliyin  qəbulundan sonra  komitənin 7 iyul 2020-ci il tarixində  videokonfrans  formatında  keçirilmiş 54-cü  iclasının  protokolu təsdiq  edilib.

Mövzu ilə bağlı hesabat məruzəsini qurumun Rumıniyadan olan nümayəndəsi Katalin Zamfira  təqdim edib.  Qeyd olunub ki,  məruzə  nümayəndə  heyətlərinin təqdim etdikləri hesabatlar əsasında  hazırlanıb. Katalin Zamfira  koronavirusla  mübarizədə  QDİƏT  ölkələri  arasında   möhkəm  əməkdaşlıq  və intensiv dost yardımlarının mövcudluğundan məmnun olduğunu bildirib.  Bildirilib ki,  virusun yayılmağa  başladığı andan etibarən  bütün ölkələr  Ümumdünya  Səhiyyə  Təşkilatı ilə  yaxından əməkdaşlıq  edib, vaxtaşırı  bir-birlərinə  kömək əli  uzadıblar.  Məruzəçi  pandemiyanın  quruma  üzv  ölkələrin iqtisadiyyatına, xüsusən turizm sektoruna  vurduğu  zərərlərdən  geniş söhbət  açıb.

Məruzə  ətrafında  çıxış edən qurumdakı Türkiyə  nümayəndə  heyətinin rəhbəri, TBMM üzvü  Camal Öztürk qardaş ölkədə pandemiya ilə  mübarizə  sahəsində  həyata  keçirilən  tədbirlər  barədə danışıb. Sonra Bolqarıstan nümayəndəsi  Krasimir Velçev  öz  ölkəsində   pandemiya  ilə mübarizə  istiqamətində  görülən  işlər haqqında məlumat verib.

Milli Məclisin deputatı Elşad Mirbəşiroğlu onlayn konfransda çıxış edərək Ermənistan  nümayəndə  heyətinin üzvü  Vahe Enfiajyanın Dağlıq Qarabağ problemi və cəbhə xəttində vəziyyətlə əlaqədar qərəzli fikirlərinə cavab verib. Deputat son günlərdə  Azərbaycanın  cəbhəboyu  ərazilərdən tam kənarda  yerləşən  Gəncə, Şəmkir, Beyləqan, Ağcabədi, Mingəçevir kimi şəhər  və rayonlarının erməni  silahlı  qüvvələrinin ağır  artilleriya, top və raket  qurğularından  durmadan  atəşə  tutulduğunu,  həlak olan və yaralanan xeyli sayda mülki əhali  arasında  azyaşlıların, qadın və qocaların olduunu, hətta ölənlər arasında iki məktəblinin olduğu faktlarını diqqətə çatdırıb.

Sonra  mövzu  ətrafında  müzakirələr  davam etdirilib. “Pandemiya ilə mübarizədə parlamentlərin rolu: iqtisadi  aspektlər“ mövzusunda  hesabat  layihəsi təsdiqlənib və sənədin Baş Assambleyada  təqdim  olunması  üçün  Katalin Zamfira  məruzəçi  təyin olunub.

Videokonfransın  sonunda  təşkilati  məsələlərə baxılıb/APA.