XƏBƏR LENTİ

03 Dekabr 2020
02 Dekabr 2020

Digər Xəbərlər

22 Oktyabr 2020 - 19:33

SÜLHƏDDİN ƏKBƏRDƏN PREZİDENTİN ÇIXIŞINA DƏSTƏK:"Bizim mövqeyimiz də dayanqlı və davamlı olacaq"

Sülhəddin ƏKBƏR,

Azad Demokratlar Partiyasının sədri, istiqlalçı millət vəkili

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin oktyabrın 21-də Yaponiyanın “Nikkei” qəzetinə verdiyi müsahibə ilə tanış olduqdan sonra münasibət bildirmək qərarına gəldim.

Səbəbi çox sadə və aydındır. Çünki müsahibədə ölkəmizin həyati milli maraqları, eyni zamanda hərbi və siyasi strateji maraqları ilə bağlı olan çox ciddi məsələlərə, uyğun olaraq ciddi, adekvat, rasional, praqmatik və ən başlıcası, milli maraqlarımıza uyğun münasibət göstərilib.

Açığı, məni çoxdandır narahat edən bəzi məsələlərə (Dağlıq Qarabağda referendumun keçirilməsi, bu bölgənin gələcək statusu və s. kimi) də, nəhayət ki, aydınlıq gətirilib.

Aydınlıq üçün deyim ki, ölkəmizin həyati milli maraqları dedikdə, Azərbaycan Respublikasının vətəndaşlarının, bütövlükdə millətimizin və dövlətimizin təhlükəsziliyinin təmin olunmasını, onun müstəqilliyi, suverenliyi, ərazi bütövlüyü, sərhəd toxunulmazlığı və Konstitusiya quruluşunun müdafiə edilməsini, qısası, Vətənimizin müdafiə olunmasını nəzərdə tuturam.

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin həmin müsahibəsinə münasibət bildirərkən, müsahibədəki fikir ardıcıllığı ilə getməyi daha məqsədəuyğun hesab edirəm. Və qeyd etdiyim kimi, ölkəmizin həyati milli maraqları, eyni zamanda hərbi və siyasi strateji maraqları ilə bağlı olan çox ciddi məsələlərə göstərdiyi münasibəti:

beynəlxalq müşahidəçilər və ya sülhməramlı qüvvələr məsələsinin sonuncu, ən son məsələlərdən biri olduğunu qeyd etməsini;

– bu beynəlxalq müşahidəçilərin və ya sülhməramlıların kim olacağını hər iki tərəfin – Azərbaycanla Ermənistanın razılaşdırmalı olduğunu göstərməsini;  

– lakin sözsüz ki, vaxtı gələndə bizim öz şərtlərimizi irəli sürəcəyimizi bildirməsini;

– vasitəçilər sırasında Türkiyənin olması məsələsinin Ermənistanın işi olmadığını, Türkiyənin artıq orada, yəni vasitəçilər sırasında olduğunu və bu işə cəlb edilməli olduğunu, Azərbaycanın bunu möhkəm dəstəklədiyini bəyan etməsini;

– xüsusilə, Dağlıq Qarabağda yaşayan ermənilərin “öz müqəddəratını təyinetmə hüququ” ilə əlaqədar olaraq heç vaxt heç bir referendumun olmayacağını, keçirilməyəcəyini, danışıqlar zamanı buna razılıq vermədiyini və indi ərazinin böyük bir hissəsini geri aldığımız bir vaxtda bundan söhbət gedə bilməyəcəyini qəti və aydın formada bütün ictimaiyyətə və beynəlxalq birliyə bəyan etməsini;

– eyni zamanda ermənilərin artıq öz müqəddəratlarını təyin etdiklərini, müstəqil Ermənistan dövləti yaratdıqlarını qeyd etməsini;

– bununla birlikdə, öz müqəddəratını təyinetmənin müxtəlif növlərinin olduğunu, mövcud şərait və şərtlərdə (bunlar dəyişəndir, dəyişkəndir!) Dağlıq Qarabağda yaşayan ermənilərə maksimum mədəni muxtariyyət verilə biləcəyinə işarə etməsini;

– razılaşmadıqları və təbii, ordumuzun daha da irəlilədiyi halda, bunu da görə bilməyəcəklərinə sətiraltı eyham vurmasını;

– bizim erməniləri məğlub etdiyimizi, onlara qalib gəldiyimizi və onlar bizim torpaqlardan çıxana kimi ordumuzun uğurlu hərbi əməliyyatlara davam edəcəyini bir daha açıq və aydın şəkildə bəyan etməsini düzgün, yerində, məqsədəuyğun və məqsədyönlü, tutarlı, mövcud şərait və şərtlərə uyğun hesab edir, dəstəklədiyimi və təqdir etdiyimi bildirmək istəyirəm.

Rəhbəri olduğum Azad Demokratlar Partiyasının və şəxsən özümün 12 iyul 2020-ci ildən etibarən verdiyim bütün dəstək açıqlamalarını bir daha təsdiqləyir və Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin bu aydın, qəti və qərarlı duruşunun dayanqlı və davamlı olmasını arzulayıram. Bu halda, bizim mövqeyimiz də, heç şübhəsiz, dayanqlı və davamlı olacaqdır.

Mən eyni zamanda Azərbaycan Respublikasının bütün siyasi partiyalarını, ictimai təşkilatlarını, bütövlükdə xalqımızı ordumuzun uğurla irəlilədiyi, lakin düşmənlərimizin də sakit durmadığı və bu irəliləyişi durdurmaq üçün min bir oyundan çıxdığı bir vaxtda ordumuza və Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə verdikləri dəstəyi artıraraq davam etdirməyə, bir olmağa çağırıram.

Güc birlikdədir. Allah birliyimizi qorusun.

Əziz həmvətənlər! Gəlin, çox ağır və mürəkkəb strateji müharibə apardığımız bir dövrdə ruhi cəbhəni də boş buraxmayaq və tarix yazmaqda olan şanlı ordumuzun tam qələb əldə etməsi, müzəffər olması üçün birlikdə dua edək.

Səfər bizim, zəfər Allahındır. Allah ordumuzu, millətimizi və dövlətimiz qorusun! Amin!