XƏBƏR LENTİ

26 Noyabr 2020
25 Noyabr 2020

Digər Xəbərlər

28 Oktyabr 2020 - 16:55

“2OO İLİN SEÇİLƏN 30 GÜNÜ” –İngiltərədə yaşayan siyasi mühacirdən Prezidentə dəstək çağırışı

Yaqub ABBASOV, Böyük Britaniya

“Ulus” qəzetinin təsisçisi, siyasi mühacir

 

Tarix yaşanılmışların, olmuşların xronikası kimi səciyyələndirilir. Artıq Vətən Müharibəsinin bir ayı (30 günü) tamam oldu. Yurdumuzda indiyədək çox sayda müharibələr olub. Bu müharibə isə əvvəlkilərdən tamam fərqlidir və tarixi yaddaşımızda da həmişəlik qalacaq.

Düzdür, əvvəllər də dağıntılar, itkilər olub, ancaq sonda istəyimizi reallaşdıra bilməmiş və fürsətləri qaçırmışıq.

Son 30 ildir mənfur düşmənlərimiz olan erməni milləti və onların havadarları tərəfindən torpaqlarımızın 20%-i işğal və talan olunmuşdur. Minlərlə dinc insanlarımız: uşaq, qadın, yaşlı və ahıllar amansızcasına işgəncə verilərək, öldürülmüşdür.

Bu müddətdə nəinki Dağlıq Qarabağı, üstəlik, Aran Qarabağı da itirmişdik. Ərazilərimiz, kəndlərimiz, qəsəbələrimiz, şəhərlərimiz, tarixi milli abidələrimiz viran qoyulub. Bu gün azad olunan yurd yerlərimizə baxanda, görürük ki, düşmən barbarcasına daşı daş üstə belə, qoymayıb. Bu kadrlara ürək ağrısı ilə baxırıq.

Xalqımız döyüşkən və qəhrəman xalqdır. Torpaqlarımızı dövrün şərtləri daxilində tam da olmasa, qoruya bilərdik. Amma təəssüf ki, hakimiyyət uğrunda iç savaşlar torpaqlarımızın itirilməsi ilə nəticələndi…

Müharibə həmişə itki, dağıntılar, qələbə və ya məğlubiyyətlə sonuclanır. Qalib gəlmək üçün ilk növbədə vaxt düzgün seçilməli, imkanlar və fürsətlər dəyərləndirilməlidir.

İndiyədək bir neçə dəfə imkan yaransa da, məhz 27 sentyabrda əks-hücuma qərar verildi. Doğrudur, 2016-cı ildə də buna cəhd etdik, ancaq yarımçıq qaldı. Görünür, indiki kimi əlverişli məqam yox idi. Həm ölkə daxilində, həm də xaricdən ola biləcək maneələri zərərsizləşdirdikdən sonra əks-hücum əməliyyatlarına qərar verildi.

Orxon-Yenisey abidələrində belə bir fikir var: “Vaxtı Tanrı yazır”. Tanrının bizə verdiyi gün məhz 27 sentyabr oldu. Belə qərarların verilməsi siyasi iradəyə, qətiyyətə, xalqın inam və dəstəyinə söykənir. Vaxt gözləmirdi və yubandıqca, bu günkü qələbələri əldə etmək, bəlkə də, asan olmayacaqdı.

Prezident və Ali Baş Komandan cənab İlham Əliyev, rus dramaturq Y.Rozenin məşhur “Neçə-neçə fürsəti əldən verəndən sonra fürsət axtarırıq. Sabah yox – bu gün, bu gün, bu gün!” deyimində olduğu kimi davranaraq, fürsəti qaçırmadı, siyasi iradəsini ortaya qoyaraq əks-hücum qərarını verdi. Buna qədərsə Prezident İlham Əliyev ona yaramayan, maneçilik törədən “köhnə silahdaşlar”ından başladığı islahatlarla sağollaşdı. Ölkədə aktiv fəaliyyət göstərən “5-ci kolon”un imkanlarını zərərsizləşdirərək, tarixin zibilliyinə qovuşdurdu. Siyasi “rəqiblərini” neytrallaşdırdı. Komandasına gənc, etibarlı, intellektli və bacarığı olan milli kadrları yerləşdirərək, hakimiyyətini gücləndirdi. Bu savaşda bizə müttəfiq olan ölkələrlə əvvəlcədən danışılaraq, hər cür dəstəyin verilməsinə razılığın almasına nail oldu…

Ali Baş Komandan İlham Əliyev 30 gündür xalqı ilə bərabər tarix yazır. Adını 200 illik tariximizdə yaşamış sərkərdələrdən və dövlət başçılarından önə çıxararaq, birinci olub. Heç kəsin edə bilmədiyini etdi, edir və millətini qələbəyə aparır. İtirilmiş ərazilərimizi, qürurumuzu, kimliyimizi qəhrəmanlığımızı geri qaytarır. Millət yenidən doğulur və özünə qayıdır. Hərb tarixinə düşəcək uğurları, taktika və strategiyasını ortaya qoyur.

Hərbi əməliyyatların getdiyi 30 gündə: 165 kənd, 4 şəhər, 3 qəsəbə! Düşmənin qiyməti milyardlarla dollarla ölçülən texnika və hərbi sursatlarını sıradan çıxardı və qənimət götürdü. Bir çox yüksəklikləri düşməndən azad etmişdir və edir. İtkilərimiz də var. Allah vətən və torpaq uğrunda şəhid olan general, zabit, əsgərlərimizə rəhmət eləsin! Ailələrinə səbr və dözüm versin. Başın sağ olsun, Vətən. Uğrunda ölən varsa, Vətənsən!

Türklərin gözəl atalar sözü var: “Bir mıx bir nalı, bir nal bir atı, bir at bir insanı, bir insan bir ölkəni xilas edər”.

Dünən Prezident İlham Əliyevin televiziya ilə xalqa müraciətinə qulaq asdım. Çıxışın özü yüksək səviyyədə, hərtərəfli, düşünülmüş və milli idi. Xalqımızın öz dilində, ürəyindən keçənləri, görmək istədiklərini dilə gətirdi və çox da əla alındı. Deyiləni və hətta deyilməsi mümkün olmayanları da xalqına söylədi. Dost və düşmənlərimizi açıq dilə gətirdi. Dağlıq Qarabağ məsələsində istər müharibədə, istərsə də sülh danışıqlarında milli maraqlarımıza uyğun gəlməyən heç bir razılaşmaya getməyəcəyini bildirdi. Və qələbəmizin reallaşması üçün hər şeyə hazır olduğunu vurğuladı. Çıxışlarında – istər ingilis dilində akademik danışıq dili, istər rus, Azərbaycan və Türk dillərində fikrin dolğun və aydın ifadə edilməsi faktdır və başqaları ilə müqayisəyə gəlmir. Hətta yaşadığım Böyük Britaniyanın Baş nazirindən və bir çox Avropa ölkələrinin liderlərindən qat-qat üstün və hazırlıqlı olduğu görsənir. Bu tip ölkələrin idarəçiliyi çox asandır. Qədim dövlətçilik ənənələri və qaydaları buna imkan verir. Bizim kimi müstəqillik tarixi az olan ölkələrin idarəçiliyi fərqlidir və nəzərə alınmalıdır…

Çıxışa bədən dili də gözəllik verirdi. Qulaq asdıqca, Məmməd Əmin Rəsulzadənin bir deyimi yadıma düşdü:

“Mən bir türkəm, dilim, cinsim uludur,

Sinəm, sözüm atəş ilə doludur”.

11 ildir Vətəndən kənarda yaşayıram. Buradan hadisələri izləmək çox ağırdır. Bunu Vətəndən kənarda yaşayanlar çox yaxşı bilir. Rus atalar sözündə deyildiyi kimi: “Öz ölkəni nə qədər çox sevdiyini bilmək istəyirsənsə, bir müddət ondan uzaqda yaşa”.

Ölkəmizdə azad və demokratik cəmiyyətin qurulması, mətbuatımızın müstəqil olması, insan hüquq və azadlıqlarının qorunması uğrunda apardığım mübarizədə haqsız olaraq 3 dəfə müxtəlif müddətlərdə həbsə atılmışam. Parlament seçkilərində qalib gəldiyim halda, haqqımı mənimsəyiblər. İşgəncə və təzyiqlərə məruz qalmışam. Bu, mənim tərcümeyi-halımın bir hissəsidir və şərəfli bölümüdür…

Bütün bunlara baxmayaraq, fürsətdən istifadə edərək üzümü Avropada və digər ölkələrdə yaşayan soydaşlarımıza tutaraq deyirəm: “Bu məqamda bir olaq, yumruğa çevrilək, bilərəkdən, bilməyərəkdən ölkəmizin əleyhinə olan hər hansısa bir yanlış çağırış və səhv informasiya verməkdən uzaq duraq, qələbəmiz üçün Ali Baş Komandanla və Xalqımızla birlikdə olaq, dəstək verək! İndi bizə torpaqlarımızı işğalçılardan azad etmək və şəhidlərimizin qisasını almaq gərəkdir!”

Düşmənimiz qorxaq və çox hiyləgərdir. Bu, bizim son savaşımızdır. Qələbəmizə az qalıb, lap yaxındadır. Birliyimizi qoruyub, milli ruhumuzu daha da gücləndirməliyik.

Makedoniyalı İskəndər öz qoşunu ilə Daranın üstünə yürüyəndə, Dara İskəndəri qorxutmaq üçün ona yazır: “Bil ki, Dara tək deyil, 70 min nəfərik”. İskəndər isə ona belə bir cavab göndərir: “Sən də bil ki, qoyunların çoxluğu qəssabı qorxutmaz!”

Biz qəssab deyilik, torpağımızı azad edirik. Mənfur düşməndən və onu müdafiə edənlərdən qorxumuz yoxdur. Türkiyənin bizimlə olması bizə yetər. Onun bütün sahələrdə dəstəyi bəsimizdir. Biz qalib gələcəyik.

Müharibədə olduğu kimi, danışıqlar masasında da qalib olacağıq. Qədim Roma filosoflarından biri deyərdi:”Qalib tərəf üçün sülh sərfəlidir, məğlub tərəf üçünsə dinc həyat”. 

Otto fon Bismark isə deyərdi: “Məğlub olanlara yalnız göz yaşı verəcəyik ki, doyunca ağlaya bilsinlər”.

Ermənistanda hal-hazırkı durum çox ağırdır. İstər insan resursları, istər təchizat, istərsə də iqtisadi baxımdan fəlakətin yaxınlaşması bu ölkədə siyasi hakimiyyətin çökməsinə gətirib çıxaracaq. Təmkinlə hadisələri diqqətlə izləməli və müharibəni uğurla başa çatdırmalıyıq.

Rus tarixçisi L.Qumilyovun etnoslar barədə bir fikri var, o, ermənilərə aid edilə bilər: “İnsan kimi, hər bir etnosun da əvvəli və sonu var. Etnos da doğulur, böyüyür, qocalır və ölür”.

Elə ermənilər kimi. Qafqazda bundan sonra onların yaşamı və artması mümkün deyildir. Onlar yalnız başqalarının əlində maşa olmağa layiqdirlər.

Ordumuz canları, qanları bahasına olsa da, xalqımızı istədikləri qələbəyə aparır. Eyforiyaya qapılmadan, ayıq-sayıq olmalıyıq. Görürsünüz, Türkiyə və Pakistanda terror aktları törədirlər. Biz də arxa cəhədə çox diqqətli olmalı və ölkəmizi qorumalıyıq.

Və sonda, böyük Atatürkün məşhur kəlamlarını xatırlatmaq istəyirəm: “İki Mustafa Kamal var: biri mən – ət və sümükdən ibarət müvəqqəti Mustafa Kamal…, ikinci Mustafa Kamal –  onu “mən” sözü ilə ifadə edə bilmərəm. O, mən deyil, bizdir. O, məmləkətin hər guşəsində yeni fikir, yeni həyat və böyük ideallar uğrunda mübarizə aparan ziyalı və savaşçı bir toplumdur. Mən onların arzusunu təmsil edirəm. Mənim etdiyim təşəbbüslər, onların həsrətini çəkdiyi şeyləri həyata keçirmək üçündür. O Mustafa Kamal sizsiniz. Hamınızsınız. Müvəqqəti olmayan, yaşaması və müvəffəqiyyətləri zəruri olan Mustafa Kamal odur”…

Yaşasın Xalqımızın birliyi!

Eşq olsun Ordumuza!

Qarabağ Azərbaycandır!