XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

07 March 2015 - 05:38

Müxalifət liderləri Avropa Oyunlarının açılışında iştirakı arzulayır?

Müxalifət liderləri Avropa Oyunlarının açılışında iştirakı arzulayır?

Arif Hacılı: “Hakimiyyət tərəfindən belə addımlar atılacaqsa, dəyərləndiriləcək”; Pənah Hüseyn: “İmkan olsa nəvələrimlə bir yerdə yarışlara baxmağa gedəcəyəm”

İyun ayında Azərbaycanda Avropa Oyunları keçiriləcək. Dünyanın diqqət mərkəzində olan bu böyük tədbirə Azərbaycan ciddi şəkildə hazırlıqlarını davam etdirir. Qeyd edək ki, olimpiya oyunlarında olduğu kimi, Avropa Oyunlarında da böyük təntənəli açılış mərasiminin keçiriləcəyi, mərasimdə dövlət rəhbərliyi, idman ictimaiyyətinin nüfuzlu simaları, müxtəlif xarici ölkələrdən rəsmi qonaqların iştirak edəcəyi bildirilir.

Müxalifətin sözügedən mötəbər idman tədbirinin açılış mərasimində iştirak etmək istəyinin olub-olmadığına gəlincə, “Yeni Müsavat” bu sualla tanınmış müxalifət partiyalarının rəhbərlərinə müraciət etdi.
Müsavat Partiyasının başqanı Arif Hacılının cavabı belə oldu: “Azərbaycanda siyasi qüvvələr arasında, iqtidarla cəmiyyət arasında normal, sivil qarşılıqlı münasibətlər sistemi mövcud deyil. Bu da Azərbaycan hakimiyyətinin apardığı siyasətin nəticəsidir. Hakimiyyət müxalifət qüvvələrini cəmiyyətdən təcrid etmək siyasəti həyata keçirir. Avropa Oyunları ərəfəsində, oyunlar zamanı və oyunlardan sonrakı dövrdə Azərbaycan cəmiyyətində gedəcək proseslərin hansı istiqamətə yönələcəyi ilk növbədə Azərbaycan hakimiyyətinin davranışlarından asılıdır. Qarşıda Novruz bayramı gəlir və əgər Azərbaycan hakimiyyəti ölkədə normal qarşılıqlı münasibətlərin qurulmasını istəyirsə, cəmiyyətdə gərginliyin olmamasını zəruri sayırsa, bayram ərəfəsində ölkədə siyasi məhbus problemini həll etməlidir.
Müsavat Partiyası dekabr ayında Avropa Oyunları ilə əlaqədar məsələləri müzakirə edib. Hələ bundan üç ay əvvəl Novruz bayramı ərəfəsində siyasi məhbusların azadlığa buraxılmayacağı təqdirdə Müsavat Partiyası tərəfindən Avropa Oyunlarının boykot olunacağı barədə Azərbaycan hakimiyyətinə çağırış ünvanlayıb. Hesab edirəm ki, hakimiyyət Müsavat Partiyasının, Azərbaycan cəmiyyətinin bu mövqeyini dəyərləndirməlidir. Əgər hakimiyyət tərəfindən belə addımlar atılacaqsa, həm Azərbaycan cəmiyyəti, həm də ölkədə fəaliyyət göstərən siyasi təşkilatlar bunu dəyərləndirəcək”.
Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseyn sualı belə cavablandırdı: “Bizdə müxalifətin rəsmi, yaxud qeyri rəsmi bayram, törən, mərasimlərdə iştirakının tənzimləndiyi qanunvericilik müddəaları yoxdur. Habelə buna aid ənənə, adətdən irəli gələn normalar da mövcud deyil ki, bu da öz növbəsində siyasi mədəniyyətin ciddi bir problemidir. 2006-2010-cu illərdə Müsavat deputat qrupu olaraq tərəfimizdən bu sahəyə aid “Müxalifətçilik fəaliyyəti haqqında” Qanun layihəsini hazırlayıb Milli Məclisə təklif etmişdik. Lakin hakim siyasi zehniyyət onu müzakirə etməyə hazırlıq nümayiş etdirə bilmədi. Odur ki, dediyim səbəb üzündən sualınızı necə cavablandırmaq məsələsi də aktual və şəxsən mənim üçün maraqlı deyil. çox istərdim ki, iqtidar bu yarışlar qabağı Azərbaycan cəmiyyətində xoş ovqat yaradan addımlar atsın. Birinci olaraq da siyasi məhbus problemi kim tanınan məsələni həll etsin. Şəxsən mənə qaldıqda, imkan olsa fərdi qaydada, nəvələrimlə bir yerdə sevdiyim idman növləri üzrə yarışlara baxmağa gedəcəyəm”.
KXCP sədri Mirmahmud Mirəlioğlunun isə suala cavabı belə oldu: “Sizin sualınızda qoyulan yanaşma təbii yanaşmadır və dəyərləndirilməlidir. Əgər bu məsələ sizin və bizim sual və cavabımızdan asılıdırsa, biz bunu normal qəbul edirik. Amma bu nə sizdən, nə də bizdən asılı olan məsələdir. Əgər Təşkilat Komitəsi, hakimiyyət dəyərləndirəcəksə, şübhəsiz ki, bizim də tərəfimizdən dəyərləndiriləcək”.
ADP sədri Sərdar Cəlaloğlu isə rəsmi dəvət olarsa məmnuniyyətlə iştirak edəcəyini dedi: “ümumiyyətlə müxalifətin Azərbaycan dövlətinin və cəmiyyətinin idarə edilməsində yerinin və rolunun müəyyən edilməsi vacibdir. Siyasi partiyalarla hakimiyyət təmsilçisi Əli Həsənovla keçirilən görüşdə də bu məsələ qaldırılıb. Bu məsələ ona görə vacib məsələdir ki, bir çox ölkələrdə müxalifət haqqında qanun var. Bu qanun müxalifətin siyasi sistemdə yerini və rolunu müəyyənləşdirir. Məsələn, Türkiyədə rəsmi dövlət protokolunda dördüncü yerdə müxalifət lideri yer alır. Yəni dövlətin dördüncü adamı müxalifət lideri sayılır.
Təbii ki, Azərbaycanda dövlət başçısı müxalifətlə bağlı qanunun qəbul edilməsi üçün göstəriş verilməlidir və bu qanun əsasında da müxalifətin Avropa Oyunları kimi mühüm tədbirlərdə hansı şəkildə iştirakı müəyyənləşməlidir. Biz bunu istəyirik, indi görək iqtidar, təşkilatçılar bu məsələdə hansı mövqe nümayiş etdirəcək. Təbii ki, biz ölkənin siyasi sisteminin bir elementi kimi o mərasimə rəsmi dəvət olunsaq, əlbəttə böyük məmnuniyyətlə iştirak edərik”.
Etibar SEYİDAĞA