XƏBƏR LENTİ

01 Dekabr 2020

Digər Xəbərlər

06 Noyabr 2020 - 18:49

“Azərbaycan Çexiya üçün vacib strateji tərəfdaşdır” –Səfir 

Noyabrın 6-da Milli Məclisin Sədri Sahibə Qafarova Çex Respublikasının ölkəmizdəki səfiri Milan Ekert ilə görüşüb.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, görüşdə sədr bildirib ki, Azərbaycanla Çexiya arasında siyasi-iqtisadi münasibətlər yüksək səviyyədədir.

Qafarova qeyd edib ki, gələcəkdə Çexiya ilə iqtisadi, mədəni, humanitar sahələrdə əlaqələri daha da inkişaf etdirmək niyyətindədirlər: “Bu gün Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında əhəmiyyətli rol oynayır. Çexiya da Avropa İttifaqı ölkələri arasında enerji sahəsində əməkdaşlıq üzrə Azərbaycanın əsas tərəfdaşlarından biridir”.

Spiker bildirib ki, iki ölkənin qanunverici orqanları arasında da müsbət münasibətlər mövcuddur.

Görüşdə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsindən danışan Milli Məclisin Sədri səfirə cəbhədəki son vəziyyət, həmçinin Ermənistan silahlı qüvvələrinin mülki əhaliyə qarşı törətdiyi təcavüz aktları haqqında məlumat verib.

Çex Respublikasının ölkəmizdəki səfiri Milan Ekert Çexiyanın ölkəmizlə əməkdaşlığın inkişafına böyük önəm verdiyini deyib: “Azərbaycan Çexiya üçün vacib strateji tərəfdaşdır. Siyasi, iqtisadi, ticari və humanitar sahələrdə əlaqələrimizin inkişafı xalqlarımızın rifahına xidmət edir”.

Səfir Cənubi Qafqazın bu bölgəsində baş verən prosesləri yaxından izlədiklərini dilə gətirərək, Dağlıq Qarabağ probleminin tezliklə aradan qalxacağına inamını ifadə edib.

Görüşdə həmçinin, parlamentlərarası əlaqələrin inkişafı, regional münaqişələrin həlli yolları, COVID-19 pandemiyasına qarşı mübarizə ilə bağlı məsələlər və tərəfləri maraqlandıran digər mövzularda fikir mübadiləsi aparılıb.