XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

29 March 2016 - 20:13

REAL-da “məxməri” devrim –Natiq Cəfərli ikinciliyi necə və niyə itirdi?

azer-natiq-1

Yeni müxalifət qüvvəsi kimi parlamağa çalışan Respublikaçı Alternativ (REAL) hərəkatı partiyaya çevrilmək niyyətini, nəhayət, reallaşdırmaqdadır. Artıq partiya qurultayına hazırlıq üzrə Təşkilat Komitəsi yaradılıb və Komitənin katibləri təyin olunub. Təşkilatın həbsdə olan sədri İlqar Məmmədovun təqdimatı ilə Azər Qasımlı ictimai-siyasi, Natiq Cəfərli təşkilati, Erkin Qədirli konseptual, Xalid Bağırov hüquqi məsələlər üzrə katib təyin edilib.

Bu təyinatlar içərisində diqqəti çəkən isə Azər Qasımlı ilə Natiq Cəfərlinin təyinatlarıdır.

Belə ki, Natiq Cəfərli REAL-ın hərəkat vaxtında icra katibi kimi, təşkilatda ikinci şəxs idi. Lakin indi – partiyaya çevrilmə mərhələsində ikincilik Azər Qasımlıya keçib. Yeni təyinatlarla REAL-da icra katibi postu ləğv edilib. Hələ də həbsdə olan İlqar Məmmədov, nədənsə, təşkilatında faktiki cari rəhbərliyi həyata keçirən icra katibini saxlamağa ehtiyac görməyib. 

Hərçənd, belə nümunə məsələn, YAP-ın timsalında var. Ola bilsin, REAL rəhbərliyi özlərini YAP-a oxşatmaq istəməyib. Belədə, bir çox başqa partiyalarda olduğu kimi, müavinlik institutu yaradıla və birinci müavin təyin oluna da bilərdi. Ancaq göründüyü kimi, REAL partiyasını quranlar müavinlik yox, katiblik təsisatına üstünlük veriblər, sədr İlqar Məmmədov isə sadəcə, katiblərin sahə təyinatları ilə qurulacaq partiyada iyerarxiyanı müəyyən edib.

Əlbəttə, mümkündür ki, REAL partiya kimi tam formalaşıb oturuşana qədər yerdəyişmələr və başqa təyinatlar, struktur dəyişiklikləri də olsun. Ancaq hələlik fakt faktlığında qalır ki, REAL-ın sədri İlqar Məmmədov indiyədək təşkilatın ikinci şəxsi olmuş Natiq Cəfərliyə əvvəlki etimadı göstərməyib. Onun təyinatlarının yaratdığı iyerarxiyada ikincilik Azər Qasımlınındır, çünki bütün partiyalarda sədrdən sonra yuridik söz sahibi siyasi məsələlərdən sorumlu şəxsdir – əgər arada ikinciliyi birbaşa təsbit edən nizamnamə strukturu yoxdursa.

Başqa bir maraqlı detal isə budur ki, Natiq Cəfərli indiyədək REAL-da daha çox ictimai-siyasi məsələlər barədə danışması ilə seçilib, nəinki təşkilati-quruculuq fəaliyyəti ilə.

Hərçənd, REAL-ın təşkilatlanması və buna kimin birbaşa məsul olması kənardan heç sezilməyib də. Ancaq indi bununla birbaşa Natiq Cəfərli məşğul olmalıdır. Onun REAL-ı partiya kimi təşkilatlandırmaqda nə qədər başarılı olacağı isə hələlik müəmmadır.

Əksinə, mümkündür ki, İlqar Məmmədov keçmiş icra katibini daha çətin işə yönəltməklə, gələcəkdə uğurlu nəticələr əldə edə bilməyəcəyi halda, onunla ümumiyyətlə üzülüşmək məqsədi güdür.

Əlbəttə, dərhal sual yarana bilər ki, Natiq Cəfərliyə İlqar Məmmədovun etimadını azaldan səbəb nədir?

Bu istiqamətdə Strateq.az-ın təşkilata yaxın şəxslərdən əldə etdiyi bilgiyə görə, İlqar Məmmədov keçmiş icra katibinin REAL ətrafında tez-tez arzulanmaz skandal yaratmasından xeyli narazı qalıb və o, partiya quruculuğuna başqaları ilə münaqişəli bir funksioneri əsas söz sahibi etməklə başlamaq istəməyib. 

Buna görə də Natiq Cəfərlini təşkilati işlərə yönəldərək, partiya adından ictimai-siyasi mövzularda danışmaq səlahiyyətindən məhrum edib.

Məlumatlara görə, Natiq Cəfərlinin partiya-REAL-dakı yeri barədə təşkilat sədrinin qərarına ən son olaraq onun bu yaxınlarda AXCP ilə açdığı “dava” xeyli təsir göstərib. İlqar Məmmədov hələ rüşeym halında olan partiyasını hazırda müxalifətin məhək daşına çevrilmiş AXCP ilə toqquşma şəraitində arzulamır. Bu baxımdan məlum “dava” zamanı məhz indi REAL-ın faktiki ikinci şəxsi statusu alan Azər Qasımlının təşkilat adından çıxış edərək Natiq Cəfərlini təqdir etmədiklərini bildirməsi təsadüfi sayılmır…

Onu da bildirək ki, REAL-ın atacağı addımlar, digər partiyalarla münasibətləri necə qurmaq planları barədə də maraqlı informasiyalar əldə etmişik və yaxın günlərdə bu mövzuya yenidən qayıdacağıq. 

Strateq.az