XƏBƏR LENTİ

02 Dekabr 2020
01 Dekabr 2020

Digər Xəbərlər

17 Noyabr 2020 - 21:15

Elxan Şahinoğlu:"Xanım Sandunun qələbəsi Rusiyaya növbəti zərbədir"

“Moldovada prezident seçkilərinin 2-ci turunda qərbyönlü Maya Sandu fəaliyyətdə olan prezident, Rusiyanın adamı hesab olunan İqor Dodon üzərində qələbə qazanıb. Sandu 57,75%, Dodon 42,25% səs toplayıb. Qərb mətbuatı yazır ki, ölkə xaricindəki moldovalılar seçkidə çox böyük fəallıq göstəriblər. Bir çox Avropa şəhərindəki – Frankfurt, London, Parisdə Moldova diplomatik nümayəndəliklərində yaradılmış seçki məntəqələrində böyük izdiham yaşanıb, nəticədə bülleten çatmayıb və məntəqələr vaxtından əvvəl bağlanıb. Ümumilikdə 260 mindən çox diaspora mənsubu və miqrant səs verib, Sandu 90%-dən artıq səs alıb. Paytaxt Kişinyovda isə Sandu 60% səs qazanıb”.

Strateq.az xəbər verir ki, bu sözləri Politoloq Elxan Şahinoğlu deyib.

O bildirib ki, separatçı Dnestr regionu seçicilərinin 85%-i isə Dodona səs verib:

“1972-ci il təvəllüdlü Maya Sandu Harvardda oxuyub, Vaşinqtonda Dünya Bankının icraçı direktorunun müşaviri olub. Vətənində 3 il təhsil naziri və 5 ay baş nazir vəzifəsində çalışıb. Xanım Sandunun qələbəsi Rusiyaya növbəti zərbədir”.

Politoloq deyir ki, Rusiya, illərdir Dodon vasitəsilə Moldovada keçmişdə itirdiyi mövqeləri bərpa etməyə çalışırdı: “Ancaq Dodon nə qədər çalışsa da, Rusiyanın ölkəsindəki maraqlarını təmin edə bilmirdi. Çünki Moldova parlamenti və hökuməti fərqli siyasi qüvvələrin nəzarətində idi və həmin qüvvələr ruspərəst Dodonun daxili və xarici siyasətdə manevr imkanlarını məhdudlaşdırırdılar. Buna baxmayaraq, Kremlə Dodonu təsir altında saxlaması da kifayət edirdi. İndi isə durum Kreml üçün yenə tərsinə döndü”.

E.Şahinoğlu qeyd edib ki, Maya Sandu Ukraynanın yolu ilə getməyə çalışacaq: “Yəni Moldovanın yeni prezident üçün əsas yol Avropanın təhlükəsizlik və iqtisadi institutlarına inteqrasiya olacaq. Bu yol hamar deyil, ancaq Rusiyanın imperiya siyasətinin təsiri altında qalmaqdan daha məqbuldur.

İkincisi, qonşu Ukrayna Moldova ilə əlaqələri gücləndirməyə çalışacaq. İqor Dodonun dövründə o, Rusiyanın təzyiqi ilə Ukraynadan uzaq dayanmağa çalışırdı. Maya Sandu isə əksinə, həm ölkəsi, həm də Avropanın daha çox dəstəyini qazanmaq üçün Ukrayna ilə münasibətlərdə yeni səhifə aça bilər.

Üçüncüsü, Maya Sandunun prezident seçilməsi Azərbaycanın da xeyrinədir. Moldova GUAM-ın zəif halqası sayılırdı. Dodon GUAM-a maraq göstərmirdi. Əlbəttə, ədalət naminə demək lazımdır ki, təşkilatın özü də son illər passviləşib. Ancaq Moldovada qərbpərəst siyasətçinin prezident seçilməsiylə təşkilatda müxtəlif layihələrin icrasını genişləndirmək perspektivi açılır”.

Politoloq bildirir ki, Dağlıq Qarabağda yerləşən Rusiya hərbçilərini gələcək illərdə Azərbaycandan uzaqlaşdırmaq üçün titanik əmək sərf etməli olacağımızı unutmamalıyıq: “Bunun üçün Avrasiya bölgəsindəki durum xeyrimizə dəyişməlidir, dost və tərəfdaşlarımızın sayı artmalıdır”.