XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

01 Dekabr 2020 - 19:12

Lavrovdan Qarabağla bağlı açıqlama:"Sülhməramlılar artıq bir sıra konkret addımlar atıb"

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzv ölkələrin xarici işlər nazirləri Şurasının iclasında Dağlıq Qarabağdakı vəziyyət müzakirə olunub.

Bu barədə Rusiyanın xarici İşlər naziri Sergey Lavrov iclasın yekunlarına dair mətbuat konfransında bildirib.

O, Qarabağla bağlı üçtərəfli bəyanatın icrası ilə əlaqədar Rusiyanın gördüyü tədbirlər barədə iclasda məlumat verildiyini söyləyib.

Rusiyalı nazir hərbi əməliyyatlar zamanı həlak olanların cəsədləri və hərbi əsirlərin mübadiləsi barədə də danışıb: “Qarabağda hərbi əməliyyatlar zamanı həlak olanların meyitləri və saxlanılan şəxslərin mübadiləsi məsələsi 9 noyabr üçtərəfli bəyanatda da əksini tapıb. Biz yaxşı anlayırıq ki, bu məsələ birbaşa erməni və Azərbaycan tərəfinə aiddir və 9 noyabr razılığına əsasən, tərəflər Beynəlxalq Qırmızı Xaç Komitəsini bu məsələnin problemsiz, tez və effektli həllinə yardımçı olmağa çağırıb. Rusiya bu cür mövqeni dəstəkləyir. Bizim sülhməramlılarımız Dağlıq Qarabağda yerləşdirilib. Onların əsas və təxirəsalınmaz vəzifələrindən biri həlak olanların meyitlərinin və hərbi əsirlərin mübadiləsini həyata keçirməkdi. Həlak olanlar və hərbi əsirlər az deyil. Biz bu humanitar problemlərin tezliklə həll olunmasında maraqlıyıq. Bunun üçün bizim sülhməramlılar artıq bir sıra konkret addımlar atıb.

Bu məsələ Ermənistan Baş naziri Nikol Paşinyanın Rusiya Prezidenti Vladimir Putinlə telefon təmasları zamanı müntəzəm olaraq qaldırılıb. Bu təmaslar son həftələr, son günlər az olmayıb. Bir məqamı da qeyd edim ki, həlak olanların meyitlərinin və saxlanılan şəxslərin mübadiləsini effektli aparmaq və bu sahədəki işin vəziyyətini qiymətləndirmək lazımdır. Əlbəttə ki, hər iki tərəfdəki hərbi komandirlərdə itkin düşmüş sayılan şəxslərin çox dəqiq siyahısı olmalıdır ki, bununla daha əhəmiyyətli dərəcədə, daha konkret olaraq məşğul olmaq mümkün olsun”/APA.