XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

03 Dekabr 2020 - 14:09

Trampdan Baydenə “xoş gəldin” hədiyyəsi:Nüvə silahlıları ilə “minalanmış” İran sahəsi

“Yaxın Şərqdə sabitliyi pozan həssas raketlər və digər başqa silahlar haqqında çox danışılır. Ancaq bölgədə sabitliyə nail olmağın ən yaxşı yolu nüvə proqramı ilə mübarizədir”.

Ovqat.com xəbər verir ki, bunu ABŞ yeni seçilmiş prezidenti Co Bayden “New York Times”-a verdiyi açıqlamasında bildirib.

Baydenin fikrincə, Yaxın Şərqdəki bütün dəngələr İranın nüvə gücünə çevrilib-çevrilməməsindən asılı olacaq: “Əgər İran nüvə bombası əldə edərsə, Səudiyyə Ərəbistanı, Türkiyə, Misir və digər ölkələr də nüvə yarışına girəcəklər. Dünyanın bu regionunda ən son arzuladığımız  status-kvo həmin ölkələrin öz nüvə qabiliyyətini artırmasıdır”.

Bayden İranın nüvə gücünə çevrilməsinin qarşısını almaq üçün ABŞ-ın müttəfiqləri və tərəfdaşları ilə məsləhətləşəcəyini və bu ölkəyə qarşı sanksiyaları sərtləşdirəcəklərini də gizlətməyib.

Hələ prezident kürsüsünə oturmayan Co Baydenin tələm-tələsik, necə deyərlər “növbədənkənar” kükrəməsi səbəbsiz deyil. Məsələ burasındadır ki, İran Prezidenti Həsən Ruhaninin və hökumət üzvlərinin etirazlarına baxmayaraq, ölkənin Konstitusiyanı Qoruma Şurası nüvə fəaliyyətlərinin sürətləndirilməsinə izn verən qanun layihəsini təsdiqləyib. Bununla da ölkə nüvə gücünə çevrilmə yolundakı beynəlxalq öhdəliklərdən faktiki imtina edib və beynəlxalq müşahidəçilərə nüvə obyektlərini inciləməsinə izn verilməyəcəyini açıqlayıb. Artıq qüvvəyə minən həmin qanuna əsasən, İran Atom Enerjisi Agentliyi uranı ən azı 20 faiz zənginləşdirə biləcək və aşağı səviyyəli zənginləşdirilmiş uran ehtiyatlarının artıracaq.  Bəs, bu nə anlama gəlir?

Mütəxəssislərin fikrincə, təbiətdəki uranın çox az hissəsində U-235 izotoplu maddə olur və uranı elektrik enerjisinə çevirmək üçün onu 3-5 faiz zənginləşdirmək kifayətdir. Bunun üçün isə uranı xüsusi sentrifuqalarda fırladıb fərqli izotoplu maddələri bir-birindən ayırırlar. Bu fırlanma nəticəsində U-235 izotoplu uran heksaflorid qaz şəkilində sentrifuqanın yuxarısına çıxır və parçalanma üçün ən uyğun maddəyə çevrilir.  Parçalanmağa daha yararsız izotoplu uran isə sentrifuqanın aşağısına çökür. Beləcə 3-5% zənginləşdirilmiş uran elektrik enerjisinin əldə olunmasında istifadə edilir.

Uranın ən azı 20%-ə qədər zənginləşdirilməsi isə ondan nüvə silahı üçün istifadəyə yararlı maddə hazırlamağa yaxınlaşmaq deməkdir. Belə ki, atom bombası üçün uranın 90% zənginləşdirilməsi tələb olunur. Mütəxəssislər qeyd edirlər ki, 20% zənginləşdirilmiş uran kritik həddə yaxınlaşmaq deməkdir. Çünki zənginləşdirməni 20%-dən 90%-ə yüksəltmək o qədər də çətin deyil. U-235 izotoplu uranın sıxlaşdırılması nəticəsində əldə olunan maddə sari rəngə çaldığından bəzən adına “sari pasta” deyilir.

Zənginləşdirilmiş urandan nüvə silahı kimi istifadə olunması üçün bir də onun kütləsi böyük önəm daşıyır. Nüvə bombası üçün zənginləşdirilmiş uranı ən azı 1050 kiloqrama çatdırmalısan. Məhz bu səbəbdən 2015-ci ildə İranla BMT Təhlükəsizlik Şurasının Daimi üzvləri və Almaniyanın bağladığı 5+1 sazişində zənginləşdirmənin 3-5 faizi keçməməsi, kütlənin isə 300 kq-la məhdudlaşdırılması tələb olunur.

Obama hakimiyyətinin son aylarında bağlanan bu müqavilə İsrail və ABŞ-dakı bir çox müxalif qüvvələr tərəfindən İrana edilmiş ağlasığmaz güzəşt kimi qiymətləndirilir, dərhal ləğvi tələb olunurdu. Donald Tramp, hakimiyyətə gələndən sonra ABŞ-ın bu müqavilədən çəkildiyini elan etdi və İrana qarşı ağır sanksiyalara qərar verdi. Nəticədə iqtisadi cəhətdən dalana sıxışdırılan İran nüvə sazişinin artıq heç bir önəmi qalmadığını vurğulayır, belə davam edərsə, həmin sazişdə nəzərdə tutulan öhdəlikləri yerinə yetirməyəcəyini bildirirdi.

Bu konkret addımlar hələ ötən ilin yayından atılmağa başlanmışdı. Prezident Həsən Ruhani və ölkənin Xarici İşlər Nazirliyi, Avropa ölkələrini ABŞ-ın sanksiya mexanizmlərini atlayaraq İranla ticarəti davam etdirmək üçün bir yol tapmayacaqları təqdirdə, müqavilədəki öhdəliklərdən 10 gün ərzində çəkiləcəkləri barədə xəbərdarlıq etmişdi. Bu xəbərdarlıqdan sonra Avropa ölkələri Instex adlı bir maliyyə əməliyyatı olmadan qarşılıqlı barter ticarətinə imkan verən bir mexanizmi işə salmışdılar. Ancaq İran Xarici İşlər Naziri Məhəmməd Cavad Zərif bu mexanizmin İranın gözləntilərinə cavab vermədiyini bildirmişdi.

Beləcə, Rəsmi Tehran hələ 2019-cu ilin iyul ayında uranı zənginləşdirmə nisbətlərini 20% artırmaqla Qərbi təhdid edirdi. Bütün bunlara baxmayaraq, il yarımdan artıq səbr edən qonşu ölkə sonunda bir neçə gün əvvəl gözlənilən addımı atdı.

İranın bu riskli addımının ölkənin nüvə proqramının banisi Möhsün Fəxrizadənin qətlə yetirilməsi ilə eyni zamana düşməsi təsadüfi deyil. Məlum olduğu kimi, bu ilin əvvəlində İraqda İranın əfsanəvi generalı Qasim Süleymaninin ABŞ tərəfindən sui-qəsdə qurban getməsi onsuz da iki ölkə arasında münasibətləri ciddi şəkildə pisləşdirmişdi. İran sui-qəsddən sonra ABŞ hərbi bazalarını bombalamaqla bunun qisasını aldığını iddia etsə də, Yaxın Şərqi yaxından tanıyan generalın yerini doldurmaq xeyli zaman alacaq. Məhz o hadisədən sonra İranın Suriya və İraqda təsir gücünün azalması da göz qabağındadır.

Qasimi yarası qaysaq bağlamamış Möhsün Fəxrizadənin qətlə yetirilməsi qonşu dövlətə vurulan daha ağır zərbə kimi qiymətləndirilə bilər.

Əvvəla, ona görə ki, Fəxrizadə general Qasimidən fərqli olaraq, ölkə xaricində deyil, İranın tam göbəyində öldürüldü. Üstəlik, çox ciddi qorunduğu, zirehli maşınla təmin edildiyi halda bu ağır faciədən xilas ola bilmədi. Bu da öz növbəsində İranın təhlükəsizlik sarıdan arzuolunan vəziyyətdə olmadığını göstərir. Sui-qəsdin icraçısının tapılmaması da təhlükəsizlik qayğılarını artırır. İran rəsmiləri hadisədə istifadə olunan silahın peyk vasitəsilə idarə olunduğunu bildirsələr də, bu, onun təhülkəsizlik sahəsindəki zəifliyinə nəinki bəraət qazandırmır, əksinə narahatlığı artırır. Bu o deməkdir ki, həmin sui-qəsdin arxasında duran qüvvələr İranın nüvə silahı üçün lazım olan “sari pasta”sının saxlandığı və ya istehsal edildiyi obyektləri də rahatlıq peykdən vura bilərlər.
 
Digər tərəfdən, Möhsün Fəxrizadə hərbi strateji dəyər baxımından da Qasim Qüleymanidən daha vacib hədəf idi. Qasim Süleymani İranın xarici hərbi əməliyyatlarına rəhbərlik edirdisə, Möhsün Fəxrizadə ölkənin ən mühüm təhlükəsizlik strategiyası olan nüvə texnologiyasının qurulmasını həyata keçirirdi. Bu sahədə məxfi məlumatların böyük əksəriyyəti yalnız ona bəlli idi və öldürüldükdən sonra bir çox məlumatları özüylə apardı. İran nüvə texnologiyası bir də indiki bilgi səviyyəsinə gəlmək üçün bəlkə də hər şeyi sıfırdan başlamalı olacaq. Qasim Süleymani itkisi üçün eyni sözləri demək çətindir. Nədən ki, onun rəhbərlik etdiyi hərbi birləşmə öz yerindədir və SEPAH-ın onu bir başqası ilə əvəzləməsi çətin olsa da, qeyri-mümkün deyil.

Ən əsası isə, İran yeri gələndə Suriya, İraq və Livandan geri çəkilməklə öz sərhədlərindən heç nə itirmir. Bu ölkələrdəki hərbi varlığından düşmən hücumlarını öz sərhədlərindən kənarda tutmaq üçün istifadə etdiyini heç gizlətmir də. Dolayısıyla, özünə qarşı təhdidi sərhədlərindən kənarda tutmağı bacararsa xarici hərbi uzantılarından  rahatlıqla vaz keçə bilər.

Onun bu sahədə ən etibarlı potensial qarantiyası isə nüvə gücünə sahib olmasıdır. Zira müasir dövrümüzdə nüvə arsenalı hücum silahı kimi yox, çəkindirici güc kimi qəbul edilir. Müasir dövrümüzdə hansı dövlətin atom bombası varsa, öz təhlükəsizliyini təminat altına alır. Bu mənada Co Baydenin “İran nüvə silahına malik olarsa, Türkiyə başda olmaqla, Yaxın Şərqin digər ölkələrinin də buna can atacağı və əldə edilən silahların məzhəb müharibələrində istifadə olunacağı” barədə mülahizələrinə qatılmaq mümkün deyil. Əksinə, Yaxın Şərq ölkələri bu gücə sahib olsalar, bir-biriylə savaşmaqdan çəkinər və region həqiqi sülhə qovuşar.

Möhsün Fəxrizadənin qətlə yetirilməsi ilə Yaxın Şərq nəinki sülhə yaxınlaşdırıldı, əksinə daha çox hərbi gərginliklər içərisinə atıldı. İnsafən, bu məsələdə hələ hakimiyyət kreslosuna otura bilməyən Co Baydeni günahlandırmaq da ədalətsizlik olardı. Fakt budur ki, Co Bayden hələ seçkiqabağı təbliğat kampaniyalarında İranla nüvə müzakirələrini və 5+1 sazişini bərpa edəcəyi vədini vermişdi. Tramp və onun arxasında dayanan qüvvələr isə bu təşəbbüsün qarşısını almaq üçün gələcəyin prezidentinə “minalanmış” İran sahəsi buraxdılar. Co Baydenin bundan sonra İranla münasibətləri sülh yoluna gətirməsi xeyli müşkül görünür.

Dövlət Departamentinin gedərayaq sədri Mayk Pompeonun Səudiyyə Ərəbistanına səfəri və bəzi məlumatlara görə, İsrail Baş naziri Netanyahunun da gizli olaraq bu ölkəyə gəlməsi, Riyadda MOSSAD-ın iştirakı ilə gizli danışıqların aparılması, ən əsası isə bunun media orqanlarına sızdırılması da Yaxın Şərqdə, özəlliklə İran üzərində yeni müharibə ssenarilərinin hazırlandığından xəbər verir. Hətta bəzi məlumatlara inansaq, Tramp hakimiyyəti “müharibə, yoxsa sülh” seçilimini öz xələfinə – Co Baydenə buraxmaq niyyətində də deyil. İddialara görə, hakimiyyəti təhvil verməmişdən əvvəl Tramp İranla müharibəni başladacaq və davamını, yaxud bu labirintdən çıxmaq məharətini sərgiləmək  şansını Baydenə həvalə edəcək. Yaxın Şərqdə yeni müharibə projesini qarantiya altına almaq mənasına gələn bu ssenarinin hansı ağır nəticələr doğuracağını isə təsəvvür etmək mümkün deyil.

Heydər Oğuz,
Ovqat.com