XƏBƏR LENTİ

22 Yanvar 2021
21 Yanvar 2021

Digər Xəbərlər

03 Dekabr 2020 - 14:55

ATƏT sədri:“Bu gün biz prinsiplərimizdən uzaqlaşdığımız üçün böhran içərisindəyik”

“Biz təşkilata sədrliyi ötən ilin yanvar ayında üzərimizə götürərkən hər kəs ATƏT-in problemlərlə mübarizə içərisində olduğunu deyirdi”.

Bunu ATƏT-in fəaliyyətdə olan sədri, Albaniyanın Baş naziri və xarici işlər naziri Edi Rama ATƏT-in Nazirlər Şurasının videokonfrans formatında keçirilən iclasında çıxışı zamanı deyib.

O bildirib ki, təşkilata üzv ölkələr və bu ölkələrin xalqları Avropada təhlükəsizliyi qorumaq və hərtərəfli şəkildə təmin etmək üçün səylər göstərməlidirlər: “Biz Parisdə, İstanbulda, Astanada (indiki Nur-Sultan) görüşlərimizdə bu istiqamətdə öhdəliklər götürdük. Birgə fəaliyyət göstərəcəyimiz, təhlükəsizliyi təmin edəcəyimiz, sülh və rifah barədə razılaşmalar əldə etmişik. Lakin bu gün biz daha da pisləşən böhranın içərisindəyik, çünki biz prinsiplərimizdən uzaqlaşırıq, artıq prinsiplərimizə hörmət edilmir və bizim öhdəliklərimiz həyata keçirilmir. Bizim baxışlarımızdakı fərqlər daha da böyüyür və dərinləşir. Çünki çoxtərəfliliyə yox, birtərəflilik siyasətinə üstünlük verilir. Dialoq əvəzinə qarşıdurma seçilir. Əməkdaşlıq əvəzinə bölücülük və dağıdıcı yanaşmaya üstünlük verilir. Bütün bunlar bizim hamımızı dərin problemlərə sürükləyir. 

Əgər bu gün biz birgə olmayacağıq, həmrəylik göstərməyəcəyiksə, bizim təsirimiz azalacaq. Xüsusilə də, mən son zamanlar yaşanan böhranlara toxunmaq istəyirəm. Bu məni narahat edir. Bu onu göstərir ki, biz uğursuzluğa düçar olmuşuq, əlaqələrimizi, əməkdaşlığımızı yaxşılaşdıra bilməmişik. Mən açıq deməliyəm: Ya siz bu təşkilata inanırsınız, ya da inanmırsınız, ya siz münaqişələrin qabağını alır və həll edirsiniz, ya da etmirsiniz, ya siz azad medianı təbliğ edirsiniz, ya da etmirsiniz, ya siz insan haqlarını və demokratiyanı müadifə edirsiniz, ya da etmirsiniz. Məsələ bu qədər sadədir. Bizim təşkilatımız öz prinsipləri qədər güclüdür və bizim regional təhlükəsizliyimiz sizin götürdüyünüz öhdəlikləri reallaşdırmaq iradəniz qədər güclüdür. Əgər sizin iradəniz bu istiqamətdə azalacaqsa və bu günlərdə biz bunu görürük, o zaman, biz mübarizə və problemlər içərisində olacağıq. Meydana çıxan hər böhran bizə yeni böhranlar gətirir. Görün, Belarusda nə baş verdi. İnsanların arzuları, hüquqları de-fakto olaraq təhlükə qarşısında qoyuldu. Bütün bunlar sonadək belə davam edə bilməz, bu, dəyişməlidir. Əgər “Soyuq müharibə”dən bəşəriyyətin yaxşılığı üçün vaz keçilməzsə, bizim təşkilatımız da uğurlu işləməyə davam edə biməz. Bunlar ATƏT platformasında bəyan edilməli, müzakirə olunmalıdır”.

E. Rama COVID-19 pandemiyasının ağır və gözlənilməz nəticlərinə toxunaraq onun bütün sahələrə təsir etdiyi deyib: “Mən pandemiya zamanı həyatını itirənlərin ailələrinə başsağlığı verirəm. Biz daha çox bu pandemiyanın sosial-iqtisadi tərəflərinə fokuslanırıq, lakin biz bəzi məqamlar var ki, onları mütləq unutmamalıyıq. Pandemiya münaqişələrin humanitar təsirlərini daha da kəskinləşdirib, kibertəhlükəsizlik sahəsində cinayətlərin sayı artıb, dezinformasiya güclənib. Bütün bunlarla yanaşı, insanların azad hərəkətində problemlər yaranıb, ailədaxili şiddət artıb, ksenofobiya, diskriminasiya güclənib. Bəli, bütün bunlar uzun bir qışı xatırladır, ancaq parlaq gələcək qarşımızdadır, biz buna çalışmalıyıq”.

Edi Rama Ukrayna münaqişəsi barədə də danışıb. O deyib ki, Albaniya sədrliyi öz üzərinə götürəndə bu məsələnin prioritet olduğunu bəyan etmişdi və bu yanaşma dəyişməyib: “Keçən müddət ərzində müəyyən irəliləyiş əldə olunub, amma hərtərəfəli və sülh yolu ilə həll üçün gediləcək uzun yol var. Artıq 7 il keçib, hələ də insani itkilər davam edir. Bu ailələr üçün, cəmiyyətlər üçün ağırdır. Humanitar vəziyyət çox narahatedicidir. 

Əgər qarşılıqlı olaraq siyasi iradə göstərilərsə, sülh də olacaq. Atəşkəsə və Minsk Razılaşmasının müddəalarına əməl olunmalıdır“/APA.