XƏBƏR LENTİ

07 Avqust 2020
06 Avqust 2020

Digər Xəbərlər

25 May 2015 - 05:23

“Hesab edirəm ki, prezident qol çəkəcək, əfv olacaq” – Hüquq müdafiəçisi

Son günlər mətbuatın gündəmini zəbt edən əsas məsələlərdən biri də əfvdir. Doğrudur, Binəqədidə baş vermiş məlum faciə bu məsələni bir qədər arxa plana keçirib. Amma bu həftə 28 May Respublika Günü olduğunu nəzərə alsaq, şübhəsiz ki, aparıcı mövzulardan biri yenə əfv olacaq.

Hüquq müdafiəçiləri məsələdə nikbin görünür. Artıq İnsan Haqları üzrə Birgə İşçi Qrupu 15 nəfərlik əfv siyahısını Əfv Komissiyasına təqdim edib.
İşçi Qrupunun üzvü, hüquq müdafiəçisi Arzu Abdullayeva hər şeyin bir nəfərin qərarından asılı olduğunu söylədi: “Mövqeyim bəllidir. İşçi Qrupunun hüquq müdafiəçiləri olaraq, siyahılarımızı təqdim etmişik. Monitorinq qrupu 15 nəfərlik siyahını təqdim edib. Siyahı böyükdür, amma 15 nəfər etmişik. çünki bilirik ki, seçim etmək lazım gələcək. Daha çox ehtiyacı olan, xəstələr, vaxtı qanunla çatan məhbuslarımıza diqqət ayırmışıq. Qərar bir nəfərdən asılıdır. İstəsə, olacaq, istəməsə, olmayacaq. Əfv siyahısı artıq prezidentin stolunun üstündədir. Hamımız gözləyirik. Mənə elə gəlir ki, ondan asılı məsələdirsə, edəcək. Kimləri azad edəcək, bu bəlli deyil. Ola bilsin ki, siyahıya kimisə əlavə etsin, kimisə poza da bilər siyahıdan”.
Hüquq müdafiəçisi əfv məsələsini gündəmdə saxlamağın vacibliyindən də söz açdı: “Bu məsələni gündəmdə saxladığınız üçün sizlərə təşəkkür edirik. İctimai qınaq olarsa, işə təkan verər. Cəmiyyətin bu məsələyə mövqeyi olmalıdır. Atmosfer olarsa, müsbət təkanı olacaq”.
Arzu Abdullayeva hazırda əfv məsələsinin gündəmdən düşməsi səbəblərindən danışdı: “Əlbəttə, sönüklük var. Buna səbəb baş verən məlum yanğındır. ümumi ab-hava çox ağırdır. Hökumətin özünə də böyük problem yaranıb. çünki binaların örtüklərinin vurulmasına külli-miqdarda pul xərclənib. İndi də bunu sökürlər. Əlavə xərcdir. Atmosfer sönük, ağırdır. Amma bunlar siyasi məhbuslarla bağlı qərara təsir edəcək amil deyil. Hər halda mənfi amil ola bilməz. Qarşıdan Avropa Oyunları gəlir. ürək ağrıdan situasiyada yarışmaya getmək mənfi amil ola bilər. Hesab edirəm ki, prezident qol çəkəcək, əfv olacaq. Ancaq əmin ola bilmirəm. çünki daim məntiq axtarırıq, amma hisslərə uyğun qərar çıxarılır”.
Hüquq müdafiəçisi Tofiq Yaqublu məsələsinə də toxundu: “Tofiq bəy bizlərin gündəmində birinci yerdə olan məsələdir. Tofiq Yaqublu, İlqar Məmmədov, Hilal Məmmədov, NİDA-çılar və digərlərinin azadlığa çıxmaları bizim üçün çox vacibdir. Adlarını çəkmədiklərim bağışlasınlar. Bütün siyasilər diqqətimizdədir. Bu şəxslərin çıxması üçün səylərimizi göstəririk. Tofiq bəyin qızının ölümü hamımız üçün böyük itki oldu. Nərgizin xətrini hədsiz dərəcədə çox istəyirdik. Mübariz, mehriban insan idi. Allah rəhmət eləsin”.
Musavat.com