XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

07 Dekabr 2020 - 22:17

Sergey Markov:"Ermənistan ərazisindən dəhliz çox böyük hərbi-siyasi və iqtisadi əhəmiyyət kəsb edə bilər"

Ermənistan ərazisindən Naxçıvan dəhlizi iqtisadiyyat üçün son dərəcə əhəmiyyətlidir.

Siyasi Tədqiqatlar İnstitutunun direktoru Sergey Markov bu fikrini “İnformasiya müharibələri. “Qarabağ uğrunda mübarizə” rusiyalıların kütləvi şüurunda” mövzusunda keçirilən dəyirmi masada Azərtac-ın sualını cavablandırarkən bildirib.

Xatırladaq ki, Azərbaycan, Rusiya prezidentlərinin və Ermənistanın baş nazirinin imzaladığı Bəyanatın 9-cu bəndində bölgədəki bütün iqtisadi və nəqliyyat əlaqələrinin bərpa edildiyi bildirilir. Ermənistan Respublikası vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hər iki istiqamətdə maneəsiz hərəkətinin təşkili məqsədilə Azərbaycan Respublikasının qərb rayonları ilə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsinin təhlükəsizliyinə zəmanət verir.

Ekspertin qeyd etdiyi kimi, Ermənistan ərazisindən dəhliz Azərbaycanı və Türkiyəni quru yolla əlaqələndirir. Bu dəhliz çox böyük hərbi-siyasi və iqtisadi əhəmiyyət kəsb edə bilər. O deyib: “Azərbaycanın əldə etdiyi bu hissə Laçın dəhlizinə balans qismində ayrılıb. Əgər Ermənistan bu dəhlizin tikintisinə razılıq verməzsə, o halda Azərbaycan Dağlıq Qarabağ ilə Ermənistan ərazisini bağlayan Laçın dəhlizini bloklayacaq”.

S.Markov Azərbaycan Prezidenti İlham Əliyevin Rusiya kanallarına paralel müsahibə zamanı “Nikol Paşinyanı tam məğlub etməsi”ni vurğulayan ekspertlərlə eyni fikirdə olduğunu qeyd edib. Politoloq deyib: “Multikulturalizm Azərbaycanda əsas dövlət ideologiyasıdır. Erməniləri Azərbaycan cəmiyyətinə real şəkildə daxil etmək lazımdır. Bu nöqteyi-nəzərdən Prezident İlham Əliyevə münaqişə xətlərinin “donunu açmaq” gərəkdir. Bundan ötrü Ermənistanın da iştirak edə biləcəyi Naxçıvan nəqliyyat dəhlizini qurmaq və bunun vasitəsilə barışıq yolu ilə getmək lazımdır. Daha sonra bir hissəsi hərbi yolla qaytarılmış Dağlıq Qarabağın qalan hissəsini dinc yolla Azərbaycana qaytarmaq lazımdır”.

Markovun sözlərinə görə, əsas məqsəd məhz budur. “Mənə elə gəlir ki, nəqliyyat kommunikasiyalarının beynəlmiləlləşdirilməsi, qloballaşdırılması müasir tendensiyalara cavab verən düzgün addımdır. Məntiq belədir ki, Dağlıq Qarabağı “fəth etməyə”, Dağlıq Qarabağda hər hansı etnik təmizləmə aparmağa ehtiyac yoxdur. Kommunikasiyaları elə açmaq lazımdır ki, Dağlıq Qarabağdan olan iş adamları biznes qurmaq üçün Yerevana deyil, Bakıya getsinlər. Naxçıvana dəhliz layihəsinin reallaşdırılması uzun illər tələb edir. Buraya yolların tikilməsi, bu yolların ətrafında infrastrukturun qurulması daxildir. Buradan xeyli insan gəlir əldə edə bilər, bu, uzun illəri əhatə edəcək və perspektivli layihədir”, – deyə Markov sonda bildirib.