XƏBƏR LENTİ

21 Yanvar 2021
20 Yanvar 2021

Digər Xəbərlər

09 Dekabr 2020 - 16:22

Ceyhun Bayramov Tehranda:DAĞLIQ QARABAĞLA BAŞLAYAN SÖHBƏT MÖHSÜN FƏXRİZADƏNİN QƏTLİ İLƏ BİTİB

“Tehrandakı danışıqlarda Qarabağ məsələsi müzakirə olunub”.

Strateq.az İRNA-ya istinadla xəbər verir ki, bunu Xarici İşlər Nazirliyinin sözçüsü Səid Xətibzadə bildirib.

İran rəsmisi bu gün başlamış Azərbaycan XİN rəhbəri Ceyhun Bayramovun Tehrana səfərini şərh edən tvit atıb. Sosial şəbəkədəki səhifəsində Xətibzadə qeyd edib: “İslam Respublikası işğal olunmuş ərazilərin azad edilməsini alqışlayaraq yaxşı qonşuluq siyasəti çərçivəsində siyasi həll yolunda tərəqqini vurğulayır”.

XİN sözçüsü Ceyhun Bayramovun vəzifədaşı Məhəmməd Cavad Zəriflə danışıqlarına toxunub: “Azərbaycan Respublikası xarici işlər nazirinin bu gün Tehrana səfəri zamanı Dağlıq Qarabağ münaqişəsi, regional məsələlər və ikitərəfli münasibətlər müzakirə edilib”.

Məhəmməd Cavad Zəriflə görüşdən sonra Ceyhun Bayramov İran prezidenti Həsən Ruhani ilə görüşüb.

Prezident Ruhani dost və qonşu Azərbaycan dövləti ilə münasibətləri “yaxşı və qardaş əlaqələri” adlandırıb. “İran İslam Respublikasının iradəsi Azərbaycan Respublikası ilə əlaqələri inkişaf etdirməkdir və fürsətdən istifadə edərək biz yeni beynəlxalq şərtlər yaratacağıq”.

Həsən Ruhani İran İslam Respublikasının Dağlıq Qarabağ münaqişəsi ilə bağlı açıq mövqeyinə və İkinci Qarabağ müharibəsində rəsmi Tehranın Azərbaycan Respublikasının ərazi bütövlüyünə verdiyi dəstəyə toxunaraq Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramova Azərbaycanın işğal olunmuş ərazilərinin azad edilməsindən və münaqişə edən tərəflər arasında atəşkəsin qurulmasından məmnun olduğunu bildirib.

O, rəsmi Tehranın Rusiya, Azərbaycan, Türkiyə və Ermənistana xüsusi elçi göndərərək Dağlıq Qarabağ bölgəsindəki münaqişəyə son qoymaq planını xatırladıb.

İslam Respublikasının prezidenti iki ölkə arasında atəşkəsin gücləndirilməsində və bölgədə sabitliyin yaradılmasında köməkçi rol oynamağa hazır olduğunu açıqlayıb.

İqtisadi və ticarət əməkdaşlığını inkişaf etdirmək üçün İran və Azərbaycan sərhədlərindən daha səmərəli istifadə olunmasının vacibliyini vurğulayan Həsən Ruhani əlavə edib: “ABŞ-da Tramp dövrünün bitməsini və bu ölkədə yeni administrasiyanın tezliklə fəaliyyətə başlayacağını nəzərə alaraq, ölkələrin əməkdaşlıq üçün daha yaxşı şərtlərə sahib olacağını hiss edirik”.

Həsən Ruhani bildirib: “Biz azad edilmiş ərazilərin yenidən qurulmasında iştirak etməyə hazırıq. İki ölkənin qonşuluğunu və İranda mövcud olan zəruri obyektləri nəzərə alsaq, Dağlıq Qarabağ müharibəsindən təsirlənmiş ərazilərin yenidən qurulmasında İranın iştirakı hər iki ölkəyə fayda gətirəcək”.

Rəşt-Astara dəmir yolu layihəsi də daxil olmaqla, İranla Azərbaycan arasında əvvəlki razılaşmalara toxunan cənab Ruhani müştərək layihələrin həyata keçirilməsinin sürətləndirilməsinin vacibliyini vurğulayıb. “İki ölkə arasında razılaşdırılmış birgə əməkdaşlıq layihələrinin həyata keçirilməsi üzrə, o cümlədən Xudafərin su bəndi və elektrik stansiyasının inşası mövcuddur və iki ölkə sənaye, elm, əczaçılıq və digər sahələrdə əməkdaşlıqlarını daha da genişləndirə bilər”.

Görüşdə Azərbaycan xarici işlər naziri Cehun Bayramov İslam Respublikasının Azərbaycan ərazi bütövlüyünü dəstəkləməsini yüksək qiymətləndirərək deyib: “Biz İranı özümüzə yaxşı dost və mehriban qonşu hesab edirik. Prezident İlham Əliyev və Azərbaycan rəsmilərinin iradəsi İranla əlaqələrin hərtərəfli inkişafıdır”.

XİN rəhbəri işğal olunmuş ərazilərin azad edilməsi və həmin sahədə İranla 132 kilometrlik sərhədin dirçəldilməsi barədə deyib: “Azərbaycanın İranla sərhədi dostluq və inkişaf sərhədidir və inanırıq ki, bu sərhədlərin canlanması iki ölkə üçün yeni əməkdaşlıq layihələri yarada bilər”.

İranla müxtəlif, o cümlədən siyasi, iqtisadi və ticarət sahələrində əlaqələrin inkişafını və dərinləşməsini vurğulayan  cənab Bayramov Rəşt-Astara dəmir yolu layihəsinin iki ölkə arasında iqtisadi-ticari əməkdaşlığın həcmini artıracağını söyləyib.

O, hazırkı beynəlxalq şərtlərin və maneələrin aradan qaldırılacağına ümidvar olduğunu bildirib. “İki ölkə arasında mövcud ortaq əməkdaşlıq layihələri sürətlə həyata keçirilməlidir”.

Ceyhun Bayramov, həmçinin iranlı alim Möhsün Fəxrizadənin qətlini qınayıb: “Elm xadiminin öldürülməsi qəbuledilməzdir və biz bu hərəkəti qətiyyətlə pisləyirik”.