XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

31 Mart 2016 - 21:47

İŞİD-in “dəfni” təxirə salınır:Rus ekspertləri nədən qorxur? – Müzakirə

 

isidd

Aleksandr Jelenin

Rosbalt.ru

 

“Rosbalt”ın Siyasət Klubunun ekspertləri hesab edirlər ki, Palmiranın azad edilməsi də daxil olmaqla Əsədin Suriyada uğurları daha çox təbliğat xarakteri daşıyır.

Rusiya kosmik-hava qüvvələrinin bu ölkədən qismən çıxarılmasından sonra Suriyada nə dəyişib? İŞİD-lə mübarizədə Suriya hökumət qüvvələrinin uğurları nə dərəcədə əsaslıdır? Suriya kürdlərinin bu müharibədə rolu necədir? Böyük və bölgə dövlətləri islamçılarla mübarizədə hansı addımları atmağa hazırlaşır? – “Rosbalt”ın Moskva Siyasət Klubunun növbəti toplantısında ekspert və jurnalistlərin müzakirə etdiyi məsələlərin natamam siyahısı budur. Dedikcə ətraflı müzakirədən ortalığa çıxan başlıca qənaət bundan ibarətdir ki, realist olsaq, islamçılar üzərində tezliklə qələbə gözləmək lazım gəlməyəcək. Moskva Karnegi mərkəzinin elmi şurasının üzvü Aleksey Malaşenkonun çıxışında bu haqda özəlliklə söhbət açıldı. Ekspert qeyd etdi: “Mən İŞİD-i dəfn etməzdim və baxardım ki, sonra nə olacaq”.

Malaşenko hesab edir ki, “çox güman ki, iyunda İŞİD-in ikinci ildönümünü asanlıqla qeyd edəcəyik”. Onun fikrincə, “İŞİD hansısa təsadüfi birlik deyil, onlar bandit deyillər, müsəlman dünyasında aparıcı, üstünlük təşkil edən tendensiyalardan biridir”. Politoloq deyir ki, bu cərəyan qalacaq – hansı görkəmdə, bu, tamamilə başqa məsələdir. O, bununla bağlı eyni işlə məşğul olan 1979-cu il İran inqilabını və Fələstin HƏMAS-ını yada saldı.

Dəyirmi masanın daha bir iştirakçısı – Yaxın Şərq üzrə mütəxəssis, publisist Mixail Maqid Rusiya qoşunlarının Suriyadan qismən çıxarılmasına toxunaraq xatırlatdı ki, onun fikrincə, Rusiyanın bu müharibəyə müdaxiləsinin əsas səbəbləri Rusiya rəhbərliyinin öz vətəndaşlarının diqqətini iqtisadi böhrandan yayındırmaq və Ukraynaya münasibətdə Moskvanın hərəkətlərinə görə tətbiq edilmiş Qərb sanksiyalarını yumşaltmaq cəhdləri idi. Lakin ekspertin hesab etdiyi kimi, bu cəhd çox da uğurlu alınmadı. 

Maqid qeyd etdi: “Sanksiyalar nəticəsində rejiminin yumşalması baş vermədi, digər tərəfdən isə müharibə çox böyük risklərlə bağlıdır. Rusiyanın bu müharibədən qazancı əgər varsa, xeyli cüzidir,  risklər isə böyükdür”. Onun sözlərinə görə, dövlət təbliğatının bütün səylərinə baxmayaraq, bu müharibə Rusiyada elə də populyar olmadı.

Eyni zamanda ekspert diqqət yetirdi ki, Rusiya HKQ-nin “hamısını və dərhal çıxartmırlar”. Maqid hesab edir ki, bu, Suriya prezidenti Bəşər Əsədi müəyyən güzəştlərə vadar etməkdən ötrü hansısa siyasi məqamlarla bağlıdır. Ekspert ehtimal edir ki, Moskva Əsəddən “gələcəkdə Suriyanın Bosniya qaydasında bölünməsinə” razılıq almağa cəhd edə bilər. Mütəxəssis Rusiya qoşunlarının çıxarılmasını Suriya liderinin bu və ya digər məsələ üzrə üzüyolalığı ilə əlaqələndirdi.

Maqid güman edir: “Nə qədər, nə zaman və hansı sürətlə çıxarılacağı Əsəddən asılıdır”. Bu arada o, hesab edir ki, Suriya lideri ölkədə silahlı münaqişənin nizamalanması məsələsində tərs mövqe tutur.

Suriya “Demokratik birlik” kürd partiyasının Moskvadakı təmsilçisi Əli Əbdsalam da oxşar mövqeyi tutur. O, toplantıda çıxış edərək dedi: “Məncə, Əsəd indiyədək əmindir ki, bütün Suriyaya nəzarət edə bilər”. Siyasətçinin fikrincə, lakin “onun buna nə gücü, nə də vəsaiti çatar”. Cənab Əbdsalam Əsədin çevrəsindəki adamlardan birinin sözlərini misal gətirdi: Ələvilər ölkədəki silahlı münaqişə zamanı artıq 100 min adam itiriblər.

Suriyalı ekspert hesab edir ki, lakin bütün bu itkilərə və Suriya kürdlərinə münasibətdə Suriya hökumət ordusunun neytrallığına baxmayaraq, problem bundan ibarətdir ki, Əsəd vətəndaş müharbəsinin beş ilindən sonra milli azlıqların hüquqlarını qəbul etməyə hələ də hazır deyil.

Onun fikrincə, Əsəd, ümumiyyətlə, etibarsız müttəfiqdir: “Bir cür söz verir, başqa iş görür”.

Əbdsalam “kürdlər öz qüvvələrini İŞİD-in paytaxtına – Rakkaya doğru yeritməyə hazırdırmı?” sualına cavab olaraq bildirdi ki, bu cür hərbi əməliyyat ümumi razılıq çərçivəsində, o cümlədən kürdlərə ölkənin digər etnosları ilə bərabər hüquqlar zəmanəti verən yeni Suriya konstitusiyası üzrə başlaya bilər.

O dedi ki, Suriya “hamı üçün ölkə” olsun deyə kürdlər federasiya uğrunda çıxış edirlər. Əbdsalam şəkkakların fikrinə rəğmən hesab edir federasiya Suriyanı dağıtmaz, əksinə, onu “parçalanmaqdan qoruyar”. “Demokratik birlik” təmsilçisi hesab edir ki, istənilən halda Suriya əvvəlki tək sərt şəkildə mərkəzləşdirilmiş və diktator ölkəsi olmayacaq.
Əbdsalam Moskva ilə Dəməşqin əməkdaşlığından danışarkən qeyd etdi ki, Moskvada əbəs yerə Əsədə bu cür güvənirlər.

Ekspertin fikrincə, Suriya lideri hazırda “məcburən Rusiyayönlüdür”, lakin Qərb və ya hətta Türkiyə prezidenti Əsədin vəzifədə qalması uğrunda çıxş etsə, “o, sadəcə, Rusiyaya qarşı çıxa bilər”.

Siyasət Klubunun iştirakçıları həmçinin Rusiyanın kürdlərə qeyri-ardıcıl münasibətini də qeyd etdilər. Bir tərəfdən onları müttəfiq adlandırır, Moskvada kürd təmsilçiliyi açır, digər tərəfdən isə kürd silahlı müqavimətinin Suriyada islamçılara qarşı əsas gücünün  – PKK-nın terrorçu olması haqda yüksək səviyyədə sözlər səslənir. Mixail Maqid bundan danışarkən qeyd etdi ki, Moskva kürd məsələsində daha dəqiq mövqe tutmalıdır.

Həmçinin fikir səsləndi ki, vurulmuş Rusiya bombardmançısı üzündən Türkiyəyə kəsilmiş qaz tədarükü Rusiya üçün yenə də kürdlər qarşısındakı müttəfiqlik öhdəliyindən önəmlidir. Axı Türkiyə bu böhranadək Rusiyanın Ukrayna qaz bazarını itirəndən sonra dünyada Almaniyadan sonra Rusiya qazının ikinci istehlakçısı oldu.

Mixail Maqid həm də vurğuladı ki, Rusiya aviasiyasının dəstəklədiyi Suriya hökumət qüvvələrinin son uğurları, xüsusən də Palmiranın geri qaytarılması strateji xarakterdən daha çox təbliğat yükü daşıyır.

Aleksey Malaşenko öz növbəsində qeyd etdi ki, Livan “Hizbullah”ı və İran “İslam inqilabı keşikçiləri korpusu” olmadan Suriya ordusunun İŞİD-ə qarşı yerüstü əməliyyat keçirməyi son dərəcə çətin olacaq.

 

Tərcümə Strateq.az-ındır