XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

18 Dekabr 2020 - 19:35

ELÇİBƏYİN KÖMƏKÇİSİ PUTİNİN AÇIQLAMALARINI ŞƏRH ETDİ:"Xoş olmayan niyyətin ifadəsi..."

Oqtay QASIMOV

Hakimiyyətdə olduğu 21 il ərzində Rusiya prezidenti Vladimir Putin “Münaqişənin həllinin hələ zamanı deyil” deyərərk, uzanmasında maraqlı olduğu Qarabağdakı erməni separatizmi və işğalla bağlı son 2 aydakı qədər açıqlama verməyib.

Azərbaycanın ərazi bütövlüyünün bərpası üçün Qarabağda başlanan savaşa ilk dəfə oktyabrda münasibət bildirən Putinin problemə baxışında müsbət məqamlarla yanaşı, tarixi gerçəklərin təhrifi və Azərbaycanın əleyhinə olan bir neçə tezis diqqəti cəlb etdi. Noyabr və dekabrda mətbuata açıqlamalarında həmin təhriflərin davamının şahid olduq.

Savaşın Azərbaycanın beynəlxalq hüquqla təsbit edilmiş sərhədləri daxilində getdiyindən, Rusiyanın müdaxilə etməyəcəyi, Qarabağın Azərbaycanın ayrılmaz tərkib hissəsi olduğu və “Dağlıq Qarabağ münaqişəsi” ifadəsinin işlədilməməsi kimi fikirləri cəmiyyətimizdə məmnunluqla qarşılansa da, digər fikirləri bir o qədər də narahatlıq yaradır.

Həmin tezislərə ayrılıqda diqqət yetirək:

1. Putin Qarabağ münaqişəsini Ermənistanın Azərbaycana qarşı ərazi iddiası ilə başlanan münaqişə yox, etnik münaqişə kimi təqdim edir.

Bunlar tamamilə fərqli anlayışlardır. Etnik münaqişənin mənası siyasi, iqtisadi, mili, dini və sosial səbəblərlə iki və ya daha artıq etnik qrup arasında baş verən münaqişədir. Halbuki Qarabağ münaqişəsi ermənilərin Azərbaycan ərazilərini işğal edərərk Ermənistana birləşdirmək üçün başlatdıqları savaşdır. Bunun məhz ərazi iddiası olduğu 1989-cu ilin dekabrın 1-də Ermənistanın Ali Sovetinin Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi haqda qəbul etdiyi qərarla təsdiqlənir.

Görünən o ki, Rusiya prezidenti Qarabağdakı iki toplumun bir arada yaşamasının imkansız olduğu təəsüratını yaratmaqla, öncə münaqişə bölgəsinə yerləşmək, sonra  uzun müddət bölgədə qalmaq niyyətini ortaya qoyur.

Azərbaycanlılarla ermənilərin sovet dönəmində hər iki ölkədə, hazırda Gürcüstan, Rusiya və digər ölkələrdə dinc yanaşı yaşamaları cənab Putinin “etnik münaqişə” fikirlərini təkzib edən ən yaxşı cavab sayıla bilər.

2. Çıxışlarında mövcud status-kvonun saxlanacağı, Dağlıq Qarabağın statusu məsələsinə gələcəkdə baxıla biləcəyi kimi fikirlər problemin dondurularaq,lazım olan vaxt yenidən qızışdırıla biləcəyi ehtimalını gücləndirir. Bu isə Türkiyə prezidenti tərəfindən irəli sürülən və Putinin dəstəklədiyi əməkdaşlıq formatının mahiyyəti ilə ziddiyət təşkil edir.

Problemin beynəlxalq hüququn tələblərinə uyğun tam şəkildə həlli istiqamətində kontruktiv, ardıcıl addımlar atılmasa, o zaman Cənubi Qafqazda sülhdən və əməkdaşlıq məsələlərindən danışmaq əhəmiyyətsiz olar.

Digər tərəfdən, beynəlxalq hüquqa əsasən, Dağlıq Qarabağın Azərbaycanın ayrılmaz hissəsi olduğunu söyləməklə bərabər, müstəqilliyinin Ermənistan tərəfindən tanınmamasını israrla vurğulaması ermənilərə mesaj kimi də qiymətləndirilə bilər.

Belə təsürat yaranır ki, Rusiya bölgəyə yerləşdikdən sonra problemin həllinin uzadılması üçün status, dini abidələr və s. kimi mövzuların beynəlxalq səviyyədə müzakirəsində maraqlıdır. Putinin “Qarabağ ətrfındakı vəziyyət beynəlxalq hüququn postulatlarından daha mürəkkəbdir” fikri məsələnin yaxın dövrlər üçün tam şəkildə həllində maraqlı olmadığının ifadəsi kimi oxunmaqla yanaşı, xoş olmayan niyyətin ifadəsi sayıla bilər.

3. Təhrif edilən məsələlərdən biri Putinin təkrarladığı “Etnik münaqişənin kökündə Sumqayıtda baş verən hadisələrin durması və sonradan Dağlıq Qarabağa sıçraması” fikridir.

Hər halda onun, Rusiya prezidenti kimi, münaqişənin səbəblərini ətraflı bilməməsi imkansızdır. Əgər, doğrudan,  bilmirsə, onda qısa şəkildə tarixi xatırlamaqda fayda var.

Belə ki, Rusiya Azərbaycanın quzeyini işğal etdikdən sonra, 1823-cü ildəki əhalinin siyahıya alınmasında Qarabağdakı 18. 563 ailədən yalnız 1. 559 ailə (8.4%) ermənilər olub.

1823-29-cu illərdə Rusiya İrandan 40 min, Osmanlıdan 84 min ermənini himayə edərək bölgəyə gətirməklə, əhalinin etnik tərkibini dəyşdirməyə çalışıb.

Sonrakı dövrlərdə Rusiyanın dəstəklədiyi ermənilər 1905, 1918-20-ci illərdə terror yolu ilə etnik təmizləmə aparıb Qarabağın dağlıq hissəsində say çoxluğuna malik olublar, bölgəni Azərbaycandan ayırmaq cəhdlərinin qarşısı isə  alınıb.

1923-cü ildə sovetlərin qərarı ilə ermənilərə Qarabağda muxtariyyət yaradılsa da, Ermənistan bölgəni ələ keçirmək iddialarından vaz keçməyib və onun rəhbərləri, katalikosları bu niyyətlərini heç vaxt gizlətməyiblər. Qarabağın Ermənistana verilməsi barədə 1945-ci ildə o zamankı erməni birinci katib Arutunovun Stalinə məktubu, Katalikos Vazgenin 1958-ci il Bakı səfərində onun fikirlərini təkrarlaması və s. kimi faktlar məsələnin etnik münaqişə olmadığının sübutudur.

Rusiya prezidenti, yəqin, münaqişə başlayanda Sumqayıtdan əvvəl, Qarabağda Bəxtiyar və Əli adlı iki azərbaycanlının ermənilər tərəfindən qətlə yetirildiyindən xəbərdardır. Ona görə münaqişənin səbəbini Sumqayıt hadisələri ilə əlaqələndirmək doğru yanaşma deyil.

Prezident Putinin “Qarabağda ermənilərin öz həyatları və ləyaqətləri uğrunda silaha sarılmaları” haqqında fikirləri, faktiki olaraq, separatçılara haqq qazandırmaq və qorumaq cəhdi kimi dəyərləndirilə bilər. Ləyaqət anlayışının Ermənistanın Quqark rayonunda 70-ə yaxın, Qazaxın Bağanis Ayrım kəndində 30, Qarabağın Malıbəyli kəndində 20, Qaradağlı kəndində 144  və Xocalıda 613 nəfər dinc azərbaycanlının vəhşiliklə qətlə yetirilməsi, yüzlərlə yaşayış məntəqələrinin yandırılıb-dağıdılması kimi terror hərəkətləri ilə heç bir bağlılığı və izahı ola bilməz.

Bu tip fikirlər münaqişə zonasında neytral sülhməramlı missiya həyata keçirməklə mükəlləf olan tərəfin niyyətlərinə şübhə ilə baxmağa səbəb olur.

Sülhməramlı missiyanı həyata keçirməli olan Rusiya üçtərfli anlaşmaya uyğun olaraq üzərinə düşənləri yerinə yetirməklə tərəfləri oz xoş məramına inandırmalıdır. Bu istiqamətdə Rusiyanın görəcəyi xeyli iş var. Xankəndinə taxta-şalban daşıyıb tikinti işləri aparmaq əvəzinə, ermənilərlə bərabər, azərbaycanlı qaçqınların öz yerlərinə qayıtmaları ilə məşğul olmalıdır.

Digər azad olunmuş rayonlarda şərait uyğun olmadığından, ilkin mərhələdə rayon sakinləri yaşayışa yararlı Laçın şəhərinə qaytarıla bilər. Üçtərəfli anlaşma buna əsas verir. Belə ki, Xankəndində olduğu kimi, Laçına qayıdan azərbaycanlı əhalinin təlükəsizliyini rus sülhməramlıları təmin edə bilər. Ehtiyac olarsa, onlarla bərabər, Azərbaycan polisi və Daxili Qoşunların bölmələri prosesdə iştirak edə bilər.

Üçtərəfli anlaşmaya uyğun olaraq, Laçın dəhlizi  ilə paralel Rusiyanın nəzarətində olacaq, Naxçıvanı Azərbaycanla birləşdirən Mehri dəhlizinin açılması məsələsi yubanmadan həll edilməlidir.

Ən nəhayət, BMT TŞ-nin qətnamələrinin tələbi və üçtərfli anlaşmanın şərtlərinə uyğun olaraq, Rusiya münaqişə zonasında qalan Ermənistan ordusunun 25 minə yaxın şəxsi heyəti və Qarabağdakı xunta rejiminin silahlı dəstələrinin tərksilah edilərək bölgədən çıxarılmasını təmin etməlidir.

Qeyd olunan məsələlər konkret zaman kəsiyində həll olunaraq bölgədə təhlükəsizlik məsələləri yoluna qoyularsa, o zaman Rusiyaya inam azalmaz, əksinə, artar.