XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

18 Dekabr 2020 - 22:04

Politoloq Elşən Manafov:"Bayden MDB məkanında "rəngli inqilablar"a əl atacaq"

ABŞ-ın yeni Prezidenti Co Bayden Kuba ilə əlaqələri normallaşdırmağı planlaşdırır.

“Blumberq”in məlumatına görə, Bayden ABŞ-ın Kuba ilə bağlı çoxillik siyasətini dəyişdirib, sanksiyaları ləğv edəcək. Yeni Prezident, həmçinin Kubaya səfər, pul köçürmələri ilə bağlı məhdudiyyətləri də yenidən nəzərdən keçirəcək.

Məlum olduğu kimi, Baydenin İran və Çinlə də münasibətlərdə yumşalmaya gedəcəyi bildirilirdi. Hətta bir çox ekspert Baydenin Barak Obama siyasətini izləyəcəyini qeyd edirlər.

Maraqlıdır, Bayden iqtidarda olduğu dönəmdə necə bir siyasi xətt tutacaq?

Strateq.az xəbər verir ki, politoloq Elşən Manafov Cebhe.info-ya açıqlamasında Bayden iqtidarı dönəmində Obama siyasətinin müəyyən əlavələrlə davam etdiriləcəyini bildirib:

“Co Bayden Demokratlar Partiyasının nümayəndəsi və Barak Obama iqtidarı dönəmində ABŞ-ın siyasi elitasında təmsil olunmuş bir şəxs olaraq Obamanın xarici siyasət kursunu davam etdirəcək, amma bu siyasətə yeniliklər və siyasi çalarlar əlavə etmək şərti ilə. Məsələn, Obamadan fərqli olaraq Baydenin Rusiyaya qarşı radikal mövqe sərgiləyəcəyi birmənalıdır. Çünki Baydenin təbirincə desək, Birləşmiş Ştatların Milli Təhlükəsizlik Doktrinasına görə, Rusiya ABŞ-ın 1 nömrəli düşməni elan edilib.

“Düşmən” sözü isə dövlətlərarası münasibətlərdə heç də həmişə özünü açıq və qabarıq şəkildə büruzə verən tandem deyil. Bu mənada Baydenin məhz bu ifadəyə müraciəti Birləşmiş Ştatların bütün sahələrdə Rusiyaya qarşı əks-hücuma keçəcəyindən xəbər verir.

Prinsip etibarilə, ABŞ-ın Kuba ilə münasibətlərdə yumşaltmaya getməsi Rusiyanın Latın Amerikasındakı mövqelərini zəiflətməyə yönəlmiş bir siyasətdir. Bu baxımdan, Baydenin hələ zamanında prezident Monro tərəfindən irəli sürülmüş “Amerika amerikalılar üçündür” tezisini həyata keçirəcəyini istisna etmirəm. Bu tezislə Birləşmiş Ştatlar Avropa dövlətlərinə Amerikanın işlərinə qarışmaması mesajını vermişdi.

Görünür, Bayden Rusiyanın Latın Amerikasında və Cənubi Amerikadakı mövqeləri ilə bağlı məsələlərə yenidən baxmaq, Venesuelada, Kubada Rusiya təsirini azaltmaq, Latın Amerikasında sosializmin bir modeli olan Kuba ilə münasibətləri ABŞ-ın maraqlarına cavab verəcək bir müstəvi üzərinə gətirməklə bağlı planlara malikdir. Kuba uzun müddət ABŞ-ın tətbiq etdiyi sanksiyalardan əziyyət çəkmiş bir tərəf olub. Bu mənada, Obamanın dövründə olduğu kimi, Bayden də Kuba ilə münasibətləri yumşaltmaqla orada olan sosialistlərin dövlət idarəsinə təsirini azaltmağa çalışacaq. Geopolitik anlamda isə bu, Rusiyanın Latın Amerikasındakı mövqelərini zəiflətmək və perspektivdə oraya müdaxiləsinin qarşısını almaq anlamına gəlir”.

Politoloq hesab edir ki, Bayden İrana qarşı münasibətlərdə də yumşalmalara gedəcək:

“İstisna deyil ki, Bayden İrana qarşı münasibətlərdə də oxşar addımlar atacaq. 16 dekabrda İran Prezidenti Həsən Ruhani çıxışında dedi ki, Trampın seçkilərdə məğlub olmasının səbəblərindən biri onun İran faktorunu nəzərə almaması oldu. Yəni Ruhani demək istədi ki, Trampın illüziyalarla yaşaması və İran dövlətinin imkanlarını nəzərə almaması, onun seçkilərdə məğlubiyyətini qaçılmaz edən səbəblərdən biri oldu. Əslində bu mesaj eyni zamanda Baydenə verilir ki, İranla münasibətlər iki dövlətin maraqları müstəvisinə gətirilməlidir. Yeri gəlmişkən, İranın Kuba və Venesuela ilə münasibətləri də bəllidir. Çünki İran Latın Amerikasının adıçəkilən bu ölkələrinin energetika ilə təminatında müəyyən imkanlara malik olan dövlətdir. Venesuela isə ümumiyyətlə, dünyanın neftlə zəngin dövlətlərindən biridir. Düşünürəm ki, bu mənada Bayden geopolitik anlamda Rusiyanın Amerika qitəsindəki mövqelərinə hücuma keçməklə bağlı ciddi planlara malikdir”.

E.Manafov Baydenin yürüdəcəyi siyasətin Azərbaycan üçün gözləntilərindən də danışıb:

“Ümumiyyətlə, Demokratların hakimiyyətdə olduğu dönəmdə Azərbaycanla münasibətdə müəyyən cüzi dəyişikliklər baş verib. Təəssüflər olsun ki, bu dəyişikliklər əsasən mənfi planda müşahidə edilib. Çünki Respublikaçılar bir qayda olaraq transmilli neft şirkətlərinin təmsilçiləri olduqları halda, Demokratlar əsasən ABŞ-ın maliyyə dairələrinin təmsilçiləri olublar. Hərçənd ki, ABŞ üçün Azərbaycanla münasibətdə önəm kəsb edən faktorlar regionda stabillik və təhlükəsizlik, enerji təhlükəsizliyi sahəsində əməkdaşlıq olub. Yəni, ABŞ həmişə Azərbaycanın Avropanın enerji təhlükəsizliyində oynadığı və oynaya biləcəyi rola önəm verib.

ABŞ-ın və xüsusən Bayden iqtidarının əsas məqsədi Avropanın enerji bazarından, əsasən də qaz bazarından Rusiyanı sıxışdırıb çıxarmaqdı. Bununla da Avropanı Rusiyanın enerji asılılığından xilas etməyə çalışırlar. Bu mənada Azərbaycan Avropanın enerji təhlükəsizliyinə təsiri olan dövlət kimi, hər zaman Amerika siyasi elitasının diqqət mərkəzində olub.

Bundan əlavə, Azərbaycanın coğrafi baxımdan yerləşim bölgəsi mühümdür. Yəni, Əfqanıstandakı NATO qüvvələrinin təchizatı baxımından Azərbaycanın tranzit ərazi kimi imkanları hər zaman ABŞ-ın diqqət mərkəzindədir. Əgər Bayden iqtidarı dönəmində ABŞ-İran münasibətlərində gərginlik azalacaqsa, Azərbaycana olan təzyiqlər də azalacaq və heçə enəcək. Çünki Azərbaycan, bir qayda olaraq, İranla münasibətlərdə öz ərazisindən İrana qarşı preventiv zərbələrin endirilməsinə imkan verməyəcək”.

Ekspert hesab edir ki, ABŞ-da iqtidara gələn Demokratların Rusiyanın təsiri olan MDB ölkələrində “rəngli inqilablar”a da gedəcəyi istisna deyil:

“ABŞ-ın Azərbaycana qarşı siyasətində mənfi çalarlar da müşahidə oluna bilər. Bir qayda olaraq, ABŞ öz maraqlarını təmin etməyə çalışdığı ölkələrdə demokratiya, insan haqları məsələlərini qabardır. Bu ad altında həmin ölkələrin daxili işlərinə müdaxilə edir. Biz bunu Liviyada, İraqda və digər şərq ölkələrində gördük. Ən əsası isə Demokratların iqtidarda olduğu dönəmdə ABŞ Dövlət Departamentinin, bir qayda olaraq, Azərbaycanda insan haqları ilə bağlı məsələləri günəmə gətirməsi Amerika maraqları baxımından anlaşılandır.

Digər tərəfdən, Bayden Rusiyaya qarşı radikal mövqe tutub, onun mövqelərini zəiflətməyə çalışırsa, Rusiya sülhməramlılarının Cənubi Qafqazda, yəni, Azərbaycanda yerləşdirilməsi Birləşmiş Ştatların hazırkı siyasi elitasını qane etməməlidir.

Azərbaycanın ATƏT-in Minsk qrupunun həmsədrlərindən yalnız Rusiya ilə Qarabağ problemini həll etməsi və sülhməramlı missiyasını ona həvalə etməsi Amerikanın siyasi elitasında xüsusən “qırğı” rolunda çıxış edənləri qane etməyəcək. Bu mənada, Bayden iqtidarının Azərbaycanla münasibətlərə Tramp iqtidarından fərqli ampluada baxacağını istisna etmirəm. Ən əsası da yenidən insan haqları ilə bağlı məsələləri gündəmə gətirəcəklər. Bir daha deyirəm: Bayden Rusiyanı MDB məkanında sıxışdırmağa və onunla münasibəti olan ölkələrdə “rəngli inqilablar” həyata keçirməyə çalışacaq. Nəzərə alsaq ki, Baydeni maliyyələşdirənlərdən biri də milyarder Corc Sorosdur, bu mənada, MDB məkanında Rusiyanın təsir imkanları olan ölkələrdə Demokratların “rəngli inqilablar”a gedə biləcəyini istisna etmirəm”.