XƏBƏR LENTİ

27 Yanvar 2021
26 Yanvar 2021

Digər Xəbərlər

19 Dekabr 2020 - 23:50

“Ardıc” hərəkatı 3 prezidentə Nobel Sülh Mükafatının verilməsi üçün çağırış etdi –Bəyanat

Yenicə formalaşmağa başlamış “ARDIC” hərəkatı üç dövlətin prezidentinə Nobel Sülh Mükafatı verilməsi üçün çağırış edib.

Bu barədə Strateq.az-a məlumat verən “ARDIC” hərəkatının təsisçisi və katibi, siyasətşünas-alim Elşən Nəsibov deyib ki, 19 dekabr 2020-ci il tarixdə qəbul etdikləri bəyanatda Hərəkatın üzvləri Dağlıq Qarabağ münaqişəsinin həllində mühüm rol oynadıqlarına və regiona davamlı, ardıcıl və dayanıqlı  sülh bəxş etdiklərinə görə, Azərbaycan Prezidenti İlham Əliyevə, Türkiyə Prezidenti Rəcəb Təyyub Ərdoğana və Rusiya Prezidenti Vladimir Putinə 2021-ci il üçün “Nobel  Sülh Mükafatı”nın verilməsi çağırışı ilə çıxış ediblər.

Bütün ictimai təşkilatları və elm elitasını bu çağırışa dəstək olmağa səsləyən Hərəkat üzvləri, eyni zamanda sənədin mətninin ingilis, türk, rus, fransız dillərinə tərcümə olunaraq geniş  yayılması və sözügedən liderlərə mükafatın verilməsi ilə əlaqədar Nobel Sülh Komitəsinə açıq məktubla müraciət etmək qərarına gəliblər.

Hərəkatın qəbul etdiyi Bəyanatda deyilir:

“Dünyada sülh, əmin-amanlıq və dinclik  şəraitində yaşamaq, dəyərləri sabit və rəvan şəkildə bir-birinə ötürmək və bölüşmək  bütün xalqlar üçün sosial, siyasi, mədəni və humanitar prioritetdir. Münaqişələrin, müharibələrin, soyqırımların və digər anti-humanist aktların yaratdığı  böhranların və gərginliklərin, eləcə də insanlığa zidd olan zorakılıqların, təhdidlərin baş qaldırması üçün şəraitin yaranmasına imkan verməmək beynəlxalq ictimaiyyət üçün ən ümdə vəzifədir. Müharibələrin, münaqişələrin dinc yolla həll olunması və davamlı, dayanıqlı sülhə nail olmaq başlıca məqsəd və bəşəri vəzifədir, məsuliyyət və öhdəlikdir.

Bütün dünya bu yöndə öz səylərini və imkanlarını birləşdirir, əməkdaşlıq və tərəfdaşlıq edir, vasitəçilik missiyasını həyata keçirir, mühüm tədbirlər görür.

Təəssüf ki, bu yolda böyük çətinliklər də mövcud olur. Əksər hallarda işğalçılıq və soyqırım siyasətləri, əsassız etnik və milli  iddialar, millətçiliyi  təmin etməyə yönəlmiş silahlı aktlar, terror və digər dağıdıcı amillər, münaqişələrdən geosiyasi məqsədlər üçün sui-istifadə halları  regional və qlobal səviyyədə  sülhə və  dostluğa nail olmağa mane olur, mehribançılıq şəraitində əməkdaşlıq və tərəfdaşlıq etməyə  əngəllər törədir, çətinlikləri meydana gətirir. Bu təlatümlərdən də  sadə insanlar əziyyət çəkirlər. Bütün insani dəyərlər, həyatın mənası məhv olur.

1988-ci  ildən başlamış Ermənistanın Azərbaycana və azərbaycanlılara qarşı həyata keçirdiyi etnik təmizləmə və soyqırım aktları, işğalçılıq siyasəti düz otuz iki il davam etmişdir. Nəticədə, Ermənistan region üçün ən böyük təhdid elementi olaraq, Azərbaycanın Dağlıq Qarabağ bölgəsini və ətraf yeddi rayonu işğal altında saxlamışdır. Bir milyondan çox insan dədə-baba yurdundan didərgin düşərək, öz ölkəsində qaçqın və məcburi köçkünə çevrilmişdir. Bununla da insani dəyərlər tamamilə məhv olmuş, regionda sülh və sabitlik əlçatmaz  bir dəyərə çevrilmişdir.

Bu dözülməz təcavüz aktına böyük dövlətlər uzun müddət göz yummuş və münaqişədən öz geosiyasi maraqları üçün istifadə etmişdir. ATƏT-in Minsk qrupu münaqişəni sülh yolu ilə tənzimləmək üçün vasitəçilik missiyasını öz üzərinə götürmüş, lakin iyirmi səkkiz il ərzində heç bir nəticə əldə edə bilməmişdir.

Təcavüzkar  Ermənistan BMT Təhlükəsizlik Şurasının işğala son qoyma ilə bağlı qətnamələrinə məhəl qoymamışdır. Nəticədə, beynəlxalq hüquq alətə çevrilmiş və hər tərəf üçün özünün  faydalı, ədalətli və balanslı  prinsiplərini heçə endirmişdir. İşğal uzun sürərək, cinayət aktı olaraq insanların hüquqlarını kobud şəkildə pozmaqda davam etmişdir.

İşğalçılıq sayəsində regionda hərtərəfli sağlam inteqrasiyaya nail olunmamış, sülh platformaları tam işə düşməmişdir. İşğalçılıq nəinki Azərbaycan dövlətinə və xalqına, hətta işğalçının özünə belə, külli miqdarda zərər vurmuş, regional inteqrasiyadan kənarda saxlayaraq, onu təcrid etmişdir. Səriştəsiz və düşmən mövqedə dayanan hakimiyyət ucbatından erməni xalqı da regionun ümumi dəyərlərindən, təbii sərvətlərindən və mənəvi aləmindən istifadə edə bilməmişdir. Özünü bəlalara sürükləyərək, təcrid etmişdir. Beləliklə, münaqişə erməni və azərbaycan xalqlarına bədbəxtçilik gətirmiş, iki xalq arasında barışmaz düşmənçilik yaratmışdır.

Nəhayət, 27 sentyabr 2020-ci ildə iki ölkə arasında uzun müddətdir ki, yaşanan gərgin və “buzlaşmış” vəziyyət öz həllini tapmağa başlamışdır. Sanki donmuş, buz parçasına çevrilmiş münasibətlərə aydınlıq gətirilməyə və parçanın dağıdılmasına start verilmişdir. Azərbaycan ordusu xalqın “Vətən Müharibəsi” siyasətini yerinə yetirərək,  sülhə məcburetmə əməliyyatına başlamış və Ermənistan ordusunun işğalına tədricən, hərbi əməliyyatlar yolu ilə son qoymaq aktlarını tətbiq etmişdir. “Dəmir yumruq” adı ilə qırx dörd gün davam edən hərbi əməliyyatların nəticəsi olaraq Azərbaycan torpaqları Ermənistan silahlı birləşmələrinin tapdağından azad olunmuş, bununla da hərbi əməliyyatlar 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatla (Azərbaycan, Ermənistan və Rusiya arasında imzalanmaqla) tamamlanmışdır. Bu sənəd  regionda yeni sülh təşəbbüslərini təşviq etməklə, hərbi təcavüzdən azad olunma aktlarını  siyasət yolu ilə əvəzləyərək tamamlamışdır. Regiona Rusiyanın sülhmərmlı qüvvələri, hərbi kontingenti cəlb olunmuş və bununla da atəşkəsə nail olunmuş və münaqişənin hərbi yolla həll variantı ləğv edilmişdir.

Dağlıq Qarabağ münaqişəsinin həll olunması və regionda davamlı, dayanıqlı, sabit şəraitin yaradılması ilə dünyanın sülh platformasına yeni bir hədiyyə bəxş edilmişdir. Bu münaqişənin sülhə məcburetmə əməliyyatı ilə sonuclanması sayəsində iki xalq  üçün və ümumilikdə bütün regionda  yeni sülh çağırışları naminə yeni üfüqləri doğurmuşdur.

Hal-hazırda uzun müddətdir ki, davam edən düşmənçilik münasibətlərinə tədricən son qoyulmağa başlayıb və region üçün bütün risqlər, təhlükələr, demək olar ki, minimuma endirilib. İndi iki xalqın dostluğuna nail olmaq üçün əməli tədbirlər görülür, mühüm layihələr, inteqrasiya platformaları  həyata keçirilir. Regionda “Altılıq Platforması”nın yaradılması üçün sülh, dostluq və tərəfdaşlıq təşəbbüsləri irəli sürülür. Bütün qaçqın və məcburi köçkünlərin öz doğma yurdlarına qaytarılması və dinc qonşuluq şəraitində yaşamaq konsepsiyaları işlənib hazırlanır.

Dağlıq Qarabağ münaqişəsinin həlli və status-kvonun bərpası yolunda regionun  liderləri mühüm rol oynamış və bu gün də onların  əməli-praktik fəaliyyətləri davam etməkdədir. Sülhün əldə edilməsi  və dostluğun, əbədi dincliyin  bərqərar olması məqsədilə, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Türkiyə Prezidenti Rəcəb Təyyub Ərdoğan və Rusiya Prezidenti Vladimir Putin böyük əmək sərf ediblər və bu gün də onların əməli-praktiki  fəaliyyəti davam etməkdədir.

Regiona sülhün gəlməsi dünya sakinlərini və dövlətlərini də sevindirir. Onlar bu bəlanın regionun üzərindən götürülməsini alqışlayır və atılan addımları təqdirəlayiq humanist, bəşəri akt hesab edirlər. Sakinlər regionun sülh şəraitində çiçəklənən bir platformaya, müstəviyə çevrilməsinə ümid edirlər və inanırlar.

Bəli, bu çarpazlaşan qlobal aləmdə, bütün dünyada, onun ayrı-ayrı regionlarında  sülhə nail olmaq, qırğınların qarşısını almaq və insan hüquqlarının pozulmasını əngəlləmək elə də asan məsələ deyil. Liderlərdən, siyasətçilərdən, hərbçilərdən və ictimaiyyətdən böyük qətiyyət, səbr, əzmkarlıq və dözüm tələb edir. Hansı ki, Azərbaycan xalqı bu zülmə düz otuz iki ildir ki, dözürdü və zülmün qarşısının alınmasına  hazırlaşırdı. Prezident İlham Əliyev son on yeddi ildə bu yolda böyük zəhmət çəkirdi, gərgin diplomatik-siyasi fəaliyyət göstərirdi.

Türkiyə Prezidenti Rəcəb Təyyub Ərdoğanın və Rusiya Prezidentinin əməyi də yüksək qiymətləndirilir. Onlar əməli nəticələr verən vasitəçilik siyasəti ilə məşğul idilər. Bu gün də həmin siyasəti davam etdirirlər. Münaqişənin tamamilə aradan qaldırılmasına çalışırlar.

Beynəlxalq ictimaiyyət, ayrı-ayrı qurumlar, institutlar, təsisatlar sülhü təbliğ və təşviq etmək  məqsədilə  sülh yolunda əməyi olanları təltifləndirir, onlara müxtəlif adlar, titullar, mükafatlar, orden və medallar təqdim edir. Hamıya məlumdur ki, sülhə nail olmaq və  müharibənin qarşısını kəsmək yolunda zəhmət çəkənlər üçün ən böyük  sülh mükafatı  beynəlxalq prestiji olan “Nobel Sülh Mükafatı”dır. Bu mükafat hərbi əməliyyatların, qırğınların qarşısını kəsən şəxslərə, liderlərə, siyasi və ictimai xadimlərə və təşkilatlara verilir.

Dağlıq Qarabağ münaqişəsinin miqyası çox böyük olub, bilvasitə və bilavasitə dünyaya öz mənfi təsirlərini göstərib. Sülh üçün tormozlayıcı və destruktiv vasitə olub.  Bu münaqişənin  həll olunması özlüyündə dünyanın 2020-ci il təqvimində ən böyük əhəmiyyətə malik olan sülh prosesi olub və 2021-ci ildə də bir nömrəli prioritet olaraq qalacaqdır.

Sadalananları nəzərə alaraq, “ARDIC” Hərəkatı açıq şəkildə bəyan edir və bu kimi çağırış və tələblərlə, eləcə də müraciətlə çıxış edir:

1. 2021-ci ilin “Nobel Sülh Mükafatı”nın  dünyada sülhün yaranması üçün həqiqi əmək sərf edənlərə verilməsini xahiş edir.

2. Sözügedən sülh mükafatının verilməsi üçün Nizamnamədə nəzərdə tutulan qaydada namizədlərin irəli sürülməsi və qeydə alnması məsələsində Nobel Sülh Komitəsi Ermənistan-Azərbaycan münaqişəsinə, hərbi-silahlı qarşıdurmasına son qoymuş üç şəxsin, üç liderin – Azərbaycan Prezidenti İlham Əliyevin, Türkiyə Prezidenti Rəcəb Təyyüb Ərdoğanın və Rusiya Prezidenti Vladimir Putinin namizədliklərinin irəli sürülməsi və namizəd seçimində həmin şəxslərə üstünlük verilməsi  məsələsinə baxmasını xahiş edir.

3. “ARDIC” Hərəkatı Azərbaycanın elm elitasının, ziyalılar təbəqəsinin bu çağırışa qoşulmasını, bu baxımdan hər üç şəxsə dəstək olmasını və namizədliklərini irəli sürməsini xahiş edir.

4. “ARDIC” Hərəkatı namizədlərin dəstəklənməsi naminə Nobel Komitəsinə məktub ünvanlamağı qərara alır.”