XƏBƏR LENTİ

26 Yanvar 2021
25 Yanvar 2021

Digər Xəbərlər

22 Dekabr 2020 - 19:29

Beynəlxalq Böhran Qrupu:"Atəşkəs planı Qarabağla bağlı bir çox sualı cavabsız qoyur"

Beynəlxalq Böhran Qrupu (BBQ) Dağlıq Qarabağ müharibəsindən sonra yaranmış vəziyyətə dair hesabat hazırlayıb.

Məlumata görə, “Dağlıq Qarabağ müharibəsindən sonra barışıq perspektivlərinin yaxşılaşdırılması” adlı hesabatda qeyd olunur ki, Birinci Dağlıq Qarabağ müharibəsindən sonra on illərlə uğursuz davam edən danışıqlar 2020-ci ildə hər iki tərəfin mövqeyini sərtləşdirdi və qan tökülməsi ilə nəticələnən altı həftəlik müharibəyə səbəb oldu: “Bu gün atəşkəs planı Dağlıq Qarabağın statusu ilə bağlı həlledici məsələ də daxil olmaqla bir çox sualı cavabsız qoyur, lakin güzəştə getməyə məcbur etmək üçün göstərilə biləcək səylər risklərin geri qaytarılmasına səbəb ola bilər”.

Hesabatda bildirilir ki, Rusiyanın vasitəçiliyi Dağlıq Qarabağda altı həftəlik müharibəni sonlandırıb, lakin bəzi məsələlər həll olunmamış qalır: “Döyüş əməliyyatlarının dayandırılması davamlı sülhə çevriləcəksə, tərəflər daha böyük suallarla qarşılaşmadan əvvəl humanitar yardım və ticarət sahəsində əməkdaşlıq etməlidir.

Nə edilməlidir? Münaqişə tərəfləri və maraqlı tərəflər çətin hərtərəfli razılaşmanı axtarmağa çalışmaqdansa, infrastrukturun yenidən qurulması və ticarət vasitəsilə işbirliyi yollarının inkişaf etdirilməsi üçün humanitar ehtiyaclara və beynəlxalq dəstəyə üstünlük verməlidirlər. Əlbəttə ki, xarici aktyorlardan Rusiya baş rol oynayacaq, lakin Avropa, ABŞ və digər beynəlxalq çoxtərəfli qurumlar məsələyə töhfə verərsə, müvəffəqiyyət əldə etmə ehtimalı böyükdür”.

BBQ bildirir ki, təkamül yanaşması məcburi həldən daha doğru addım ola bilər. Mübahisə doğuran məsələlərdən qaçmağı məntiqli sayan BBQ hesab edir ki, konkret olaraq, ən azından məcburi köçkünlər – həm son döyüşlərdən sonra qaçan ermənilər, həm də 1994-cü ilədək evlərindən çıxmağa məcbur edilən azərbaycanlılar qayıtmalı və icmalar arasında yeni iqtisadi əlaqələr qurulmalıdır.

Hesabat müəlliflərinin fikrincə, zaman ötdükcə Rusiyanın mandatının dəqiq təfərrüatları aydınlaşacaq və inkişaf edəcək, Moskva aparıcı rol oynayacaq.

Hesabatda Türkiyənin roluna da toxunulur: “Müharibə zamanı Azərbaycanı dəstəkləyən Türkiyə atəşkəsin monitorinqində dəstək rolunu almağa hazır görünür. Ancaq yeni nizamın həlledici hissəsi 30 illik Ermənistan təcridini aradan qaldırmaq üçün ticarət və iqtisadi əlaqələrin açılması olacaq. Bunun üçün Moskva tək və ya hətta yalnız Ankara ilə işləyə bilməz. Bölgəni bir-birinə bağlamaq üçün yeni iqtisadi, nəqliyyat və kommunikasiya infrastrukturu daha geniş beynəlxalq sərmayə və diqqət tələb edəcək. Eyni zamanda humanitar tədbirlər yalnız müharibədən ən çox zərər çəkənlərin ehtiyaclarını ödəmək üçün deyil, həm də birgə yaşayış və bölgənin daha yaxşı gələcəyinin inkişafı üçün çox vacibdir”.

Hesabatda azərbaycanlı məcburi köçkünlərin öz yurdlarına dönməyə hazır olduqları da vurğulanır: “Azərbaycanlılar evlərinə geri dönməyi planlaşdırırlar. 10 noyabrda verilən bəyanatda 1994-cü ilədək Dağlıq Qarabağdan və ətraf bölgələrdən didərgin düşənlərin, onların övladları və nəvələrinin evlərinə qayıdacaqları qeyd olunub. Azərbaycan hakimiyyəti hesab edir ki, bir milyona yaxın insan indi Azərbaycanın əlində olan bitişik ərazilərə və Dağlıq Qarabağın bəzi hissələrinə geri qayıda biləcək. Baxmayaraq ki, hökumət bütün evləri dövlət vəsaiti hesabına bərpa edəcəyini bildirib, bir çox ailə köhnə mülklərini “Google Xəritə”də axtarır və yeni evlərin tikilməsi xərclərini hesablayırlar. Hətta bəzi vətəndaşlar bölgənin özünün necə göründüyünü öz gözləri ilə görmək üçün bu ərazilərə artıq səyahət ediblər. Dağıntının miqyası çoxlarını dəhşətə gətirib, çünki 1994-cü ildən bəri Azərbaycanda Dağlıq Qarabağdan və onun ətrafından olan birbaşa məlumat və hesabatlar çox az idi.

60 yaşlı məktəb müəllimi Şadiya Qəhrəmanova Füzulidəki evini Böhran Qrupunun tədqiqatçısına göstərək bildirib: “Bura mənim evimdir. Evimi ziyarət edə biləcəyimi biləndə buraya gəldim. Ancaq yalnız xarabalıqları gördüm. 26 il görmək üçün gözlədiyim bu deyildi”. Bir çox vətəndaş isə dağıntılar arasında evini tapa bilməyib.

Azad olunan ərazilərə qayıdacaq insanlar digər problemlərlə də qarşılaşırlar. Səlahiyyətli dairələr Azərbaycan qüvvələrinin geri qaytardığı Dağlıq Qarabağdakı ərazilər də daxil olmaqla, şəhərləri, kəndləri, yolları minalardan və partlamamış hərbi sursatlardan təmizləməlidir.

Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi Agentliyi (ANAMA) bu işə başlayıb – agentliyin əməkdaşları arasında artıq itkilər olub. Agentlik ərazilərin tamamilə təmizlənməsinin on il çəkə biləcəyini bildirib. Bəzi köçkünlər isə artıq gözləyə bilmirlər və onlar öz torpaqlarına getmək qərarına gəliblər. Nəticədə mina partlayışları nəticəsində ən azı yeddi nəfər həlak olub, dörd nəfər də yaralanıb”.

Hesabatda qeyd olunur ki, işğaldan azad olunmuş ərazilərin minalardan təmizlənməsi, eləcə də burada quruculuq işlərinin aparılması külli miqdarda vəsait tələb olunur: “Bu işləri aparmaq bahalı olacaq. Bəzi azərbaycanlı mütəxəssislər Azərbaycanın geri qaytardığı ərazilərdə yenidənqurma işlərinin dəyərini 20 milyard dollar səviyyəsində qiymətləndirirlər. Azərbaycan rəsmiləri isə bu təxminin aşağı olduğunu deyir, zərərin 100 milyard dollardan çox olduğunu iddia edirlər. Yenidən qurmaya sərf ediləcək pulu almaq üçün isə Ermənistana qarşı məhkəməyə müraciət etməyi planlaşdırırlar. Geri qayıtmaq istəyən bəzi imkanlı azərbaycanlılar öz evlərini yenidən qurmaq üçün sərmayə qoymaq və yerli iqtisadiyyatın sürətlə inkişafa başlamasına kömək etmək istəyərlər. Ancaq özəl fondların, Bakının təklif edəcəyi vəsaitlərin kifayət etməsi ehtimalı çətin görünür və köçürülmə və iqtisadi canlanmanın sürətli olacağını təsəvvür etmək çətindir.

Eyni zamanda digər bir qrup azərbaycanlı təcili humanitar yardıma ehtiyac duyur. Bunlar cəbhə xəttinə yaxın olanlar, xüsusilə Tərtər bölgəsində yaşayanlardır. Müharibə vaxtı bu insanların mülklərinə ciddi ziyan dəyib, rayonda bir çox ev dağılıb. Hazırda “Türk Qızılay” cəmiyyəti burda yaşayanlara yardım edir, Avropa İttifaqı isə yenidənqurma üçün maddi dəstək verəcəyini bəyan edib”/APA.