XƏBƏR LENTİ

24 Yanvar 2021
23 Yanvar 2021

Digər Xəbərlər

28 Dekabr 2020 - 20:41

TRAMP ABŞ-da HƏRBİ ÇEVRİLİŞ ETMƏK İSTƏYİRMİŞ –Onun 20 yanvaradək vəzifədən uzaqlaşdırılması müzakirə olunur

Sərdar Turqut

“Habertürk”, Türkiyə, 28 dekabr 2020-ci il

 

Ağ Evdən hər gün Trampın hərbi çevriliş etdirməyə çalışdığı və ya hərbi vəziyyət elan edib səsvermə mexanizmlərini ələ keçirərək, uduzduğu seçkinin nəticələrini ləğv etdirəcəyi haqqında xəbərlər gəlirdi.

Bu xəbərlər son dərəcə ciddi qəzetlərdə çıxsa da, Baydenin yaxınlaşan prezidentliyini xoşbəxt şəkildə gözləməkdə olan dairələr bu xəbərlərə elə də inanmır və ya inanmaq istəmirmiş kimi davranırdılar.

Hərçənd, Ağ Evdə keçirilən bir toplantıda bunların müzakirə edilməsiylə bağlı xəbərin “The New York Times”-ın yalnız 28-ci səhifəsində yer ala bilməsi də təəccüblü idi.

Düşünün, ölkə prezidenti “Görəsən, hərbi vəziyyət elan etsək, necə olar?” sualının müzakirə edildiyi bir toplantını Ağ Evdə keçirir və bu haqda xəbər ölkənin ən ciddi qəzetlərindən olan “The New York Times”-da ancaq 28-ci səhifədə yer alır.

Bir çox şərhçi bunun mümkün ola bilməsini belə, ölkənin içindəki ruh halının xəstəliyinə dəlalət etdiyini söyləmişdi.

İnsanlar Trampdan bu dərəcədə gülünc xəbərlərin gəlməsinə artıq laqeydləşmişdilər. Gələn xəbər hadisələrin nə dərəcədə təhlükəli yöndə getdiyinə işarət etsə də, ağıllı adamlar “Bu da keçər, nə olursa-olsun, Trampın getməsinə çox az vaxt qaldı” deyərək, səbrlə gözləməyə davam edirdilər.

Həyəcan siqnalı verən xəbər gəldi

Ancaq daha sonra Baş qərargah rəisi general Ceyms MakKonvillin verməyə məcbur olduğunu vurğuladığı təəccübləndirici açıqlaması gəldi.

General MakKonvill bu açıqlamasında “Amerikan ordusunun ölkədə keçirilən seçkilərin nəticəsini müəyyən etmək kimi bir rolu yoxdur” deyirdi.

Tamamilə gözlənilmədən verilən bu açıqlama o günədək gələn çevriliş və hərbi vəziyyət axtarışları haqqındakı xəbərləri ciddiyə almayan dairələrdə ciddi bir xəbərdarlıq təsiri buraxdı.

Komandanın belə bir açıqlama verməyə məcbur qalması, axır ki, ictimaiyyəti təhlükənin ciddiliyinə inandıra bildi. Anlaşıldı ki, Tramp, həqiqətən də, əksəriyyətin gülünc hesab etdiyi çevriliş niyyətində olmuş və bunun mümkünlüyünü araşdırmışdır.

Bununla bağlı, artıq çevriliş etmək istədiyi üçün prezidentin Konstitusiyanın 25-ci maddəsinin tələbinə uyğun şəkildə vəzifədən uzaqlaşdırılması belə, müzakirə edilməyə başlandı.

Trampın çevriliş niyyətinin ciddi olduğu anlaşılınca, onun prezidentliyi rəsmən buraxacağı 20 yanvar gününü səbirsizliklə gözləməkdə olan dairələrin narahatlığı daha da artdı.

Tramp cəbhəsindən, demək olar ki, hər gün gələn qəribə xəbərlərdən onsuz da yorulmuş olan bu dairələrin “Az qalan bu müddət bir an öncə bitsin, ağlı başında olan bir insan prezident postuna otursun” deyərək, intizarlarının davam etdiyi haqqında da xəbərlər gəlməkdədir.

Tərcümə Strateq.az-ındır